NIPA-30

“Sülh yolunun uzanması vasitəçilərin çoxluğu ilə bağlıdır” – Rəşad Bayramov

“ABŞ, həm də Avropa İttifaqında əldə olunan nəticələrin üzərindən xətt çəkmək, danışıqlarda öz vasitəçiliyini önə çəkmək niyyətindədir”. 

Mayın 14-də baş tutan Brüssel görüşündən 5 gün sonra – ayın 19-da Moskvada Azərbaycan-Ermənistan xarici işləri nazirlərinin görüşü keçirilir.  Məhz belə bir ərəfədə Ermənistan yenə də Azərbaycan ərazilərini Pua-lardan kustar üsulla hazırlanmış mərmilərlə atəşə tutub. Belə bir ərəfədə erməni separatçı-terrorçularının növbəti dəfə ərazilərimizə silah-sursat  daşıdığı videomateriallarla üzə çıxıb. Hadisənin  Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alındığı bildirilir.

Danışıqların ABŞ, Avropa İttifaqı, Moskva arasında “qalması” sülh müqaviləsinə nə verə bilər və eləcə də baş verən hərbi təxribatlar və qanunsuz silah daşımaları əməliyyatları nəyə yönəlikdir?

Bu istiqamətdə açıqalama verən politoloq Rəşad Bayramov uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqların müxtəlif vasitəçilərin təşəbbüsü ilə həyata keçirildiyini qeyd edib. Onun fikrincə, məhz ABŞ, Avropa İttifaqı, Rusiyanın bu posesdə vasitəçi olaraq iştirak etməsi Ermənistanın danışıqlardan yayınması ilə bağlı ortaya çıxır. Çünki Ermənistan vasitəçilərsiz danışıqlarda iştirak etməkdən qaçır.

R.Bayramov hesab edir ki, münasibətlərin normallaşması, sülh prosesinə gedən yolun uzanmasının əsas səbəblərindən biri də vasitəçilərin çoxluğu ilə bağlıdır: 

“Ermənistan dövləti və onun baş naziri müstəqil olmadığına görə hansı vasitəçinin təşəbbüsü ilə danışıqlar aparılırsa Paşinyan həmin an o dövlətin maraqlarından çıxış edir. Biz şahidi olduq ki, Paşinyan Rusiyada aparılan danışıqlarda Rusiya sülhməramlılarının regionda qalma müddətinin 20 ilə uzanmasına razlıq verdi və sonra Brüsseldə Rusiyanın maraqlarına zidd olaraq Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı sənədə imza atıb, öhtəlik götürdü.  Bu baxımdan hesab edirəm ki,  danışıqların harda keçirilməsindən, nələrin razılaşdırılmasından asılı olmayaraq, əsas Ermənistan tərəfindən götürülən öhtəliklərin icraası məsələsidir”.

Politolo qeyd edib ki, bu gün Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına özünün  təzyiq imkanlarının itirilməsi kimi baxır. Ona görə də bütün gücü ilə həm ABŞ, həm də Avropa İttifaqında əldə olunan nəticələrin üzərindən xətt çəkmək, danışıqlarda öz vasitəçiliyini önə çəkmək niyyətindədir:

“Rusiya yaxşı başa düşür ki, Azərbaycanla Ermənistan arasında münaibətlərin normallaşması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına aparacaq və bu da nəticə etibarilə Rusiyanın Ermənistan ərazisindən çıxarılmasına şərait yaradacaq. Ona görə də gücünü regionda qalmağa sərf edən Rusiya məcburi şəkildə separatçı rejimi dəstəkləmək mövqeyini tutur”.

Politoloq Xankəndi-Qeybalı-Xəlfəli yolundan separatçılara silah-sursatın daşınmasını da Rusiyanın bu mövqeyinin nəticəsi kimi dəyərləndirib. Bildirib ki, Rusiya fon yaratmaq istəyir ki, separatçıların yanındadır və bundan da istifadə edərək regionda qalma müddətini uzatmağa çalışır:

“Azərbaycan Ermənistanla sərhəddə nəzarət -buraxılış məntəqələri qurmaqla nəzarəti gücləndirib. Separatçılara silah aparan həmin yeni yolun da tez bir zamanda Azərbaycanın nəzarətinə keçəcəyinə əminəm. Biz həmin ərazidə də Azərbaycan postlarının qurulmasının şahidi olacağıq.  Çünki düşmənin işi yeni yollarla revanşizmi genişləndirməkdirsə, bizim də vəzifəmiz düşmənin həmlələrinin qarşısını almaqdır”.

Politoloq belə bir ərəfədə ermənilərin kustar üsulla hazırlanmış silahlarla təxribatlar törətməsini, İran tərəfindən Ermənistana “Zərbə PUA”-larının verilməsini “reklam” etmələrini təbii sayıb:

“Düşmən öz düşmənçiliyini edəcək. Biz sülhə hazır olmayan, işğalçı, vandal bir ölkə ilə üz-üzəyik  və düşmənin də bu cür üsullardan istifadə etməsi gözləniləndir. Amma nə olmasından asılı olmayaraq əsas məsələ odur ki, ortada danışıqlarda əldə olunmuş konkret nəticələr var. Əgər son 14 may Brüssel görüşündə Ermənistan Al-Maatı Bəyannaməsində göstərilən sərhədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, bu o deməkdir ki, Ermənistan Qarabağın, bu gün işğal altında qalan 8 kəndin Azərbaycanın torpaqları olduğunu da qəbul edir. Bu həm də o deməkdir ki, Azərbaycan bundan sonra birtərəfli qaydada da öz beynəlxalq səviyyədə tanınan sərhədlərinin delimitasiya, demorkasiyasına, erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılmasına başlaya bilər. Bizim 30 illik acı danışıqlar təcrübəmiz var və növbəti 30 ildə danışıqlar prosesini aparmaq fikrində deyil. Bu fikir ölkənin birinci şəxsi-Prezidentinin dilindən də ayrı-ayrı zamanlarda  bəyan olunub. Əgər danışıqlar gedirsə və götürülən öhtəliklər icra olunarsa yaxşı, yox icra olunmayacaqsa Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənərək bütün addımları atmaq imkanı, hüququ var və kiminsə bu problemlərə qarışmasına yol vermək olmaz”.

R.Bayramov bildirib ki, danışıqlar aktiv fazaya qədəm qoyub. Prosesin hara qədər gedəcəyi, hansı vasitəçinin iştirakı ilə sülh sazişinin imzalanacağını gələcək zamanlarda bilinəcək:

“Amma biz qarşıdakı görüşlərdə daha üstün mövqedən çıxış edərək, tələblərimizi ortaya qoya biləcəyik. Yaxşı olardı ki, Ermənistan tərəfi Azərbaycanla vasitəçilər olmadan danışıqlara getsin. Bu, həm sülh prosesini sürətləndirəcək,  həm də prosesin uzanmasının qarşısını alacaq.(Hafta.az)