NIPA-30

“Rəsmi İrəvan əvvəl sərgilədiyi mövqelərə geri çəkilir” – Arzuxan Əlizadə

“Azərbaycanın təklif kimi irəli sürdüyü şərtlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistanın bu prinsiplərdən kənara durması və imtina etməsi mümkün deyil”.

Bu fikirləri Cebhe.info-ya açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

O bildirib ki, Azərbaycanın irəli sürdüyü təkliflər beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən də dəstəklənir:

“Təəssüflər olsun ki, Ermənistan bu məsələdə müstəqil deyil. Nikol Paşinyan danışıqlar prosesində müxtəlif məsələlərlə bağlı razılıq versə də, sonradan qeyri-konstruktiv mövqe sərgiləyir.

Rəsmi İrəvan faktiki olaraq, əvvəl sərgilədiyi mövqelərə geri çəkilir. Bu da prosesin uzanmağına səbəb olur. Görünür, Ermənistanı buna təhrik edən güclər var. Əslində, Rusiyanın Ermənistana təsiri daha güclüdür. Biz bu prosesdə o nəticədəyik ki, Rusiya da Ermənistan-Azərbaycan arasındakı münasibətlərin tezliklə normallaşmasında maraqlı deyil.

Çünki bölgədə gərginlik qaldıqca, Rusiyanın mövcudluğu da ehtiyac yaranır. Bu mənada, rəsmi Moskva prosesləri uzatmaq siyasəti yürüdür. Hətta bəzi hallarda razılaşmalar olmasına baxmayaraq, pərdə arxasından İrəvana təzyiq etməklə, eləcə də Paşinyana müxalif olan qüvvələri idarə etməklə prosesi əngəlləməyə və uzatmağa çalışır. Rusiya bu addımları ilə özünün bölgədə daha uzun müddət qalmasına rəvac verilməsini istəyir”.

Partiya sədri diqqətə çatdırıb ki, Ermənistan əvvəl-axır Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməlidir:

“Bu təkliflər qəbul ediləcəyi və Ermənistanın konstruktiv mövqe sərgiləyəcəyi təqdirdə, tərəflər arasında münaisbətlər normallaşa bilər. Bununla da bölgəyə sülh və sabitlik gələr. Eyni zamanda, kommunikasiya xətləri açıla bilər. Bundan isə təkcə Azərbaycan deyil, eləcə də Ermənistan və bölgədə olan digər dövlətlər də həm iqtisadi, həm də siyasi dvidentlər əldə edə bilərlər. 

İstərdik ki, bu tezliklə baş versin və Ermənistan daha müstəqil siyasət yürütmək imkanlarına malik olsun ki, tərəflər arasında həm sülh müqaviləsi imzalansın, həm də normallaşma mühiti formalaşsın. Beləliklə, gələcəkdə bölgənin inkişafı üçün dəstək verilmiş olar”. 

Elmir Mustafa
Cebhe.info