28 May – Milli qürur günümüz!
28 May – Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq, müstəqillik duyğuları ilə yaşaması və mübarizəsi ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri milli oyanışın təmin olunmasında vacib rol oynadılar. Bu da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı nəhayətdə öz arzusuna qovuşdu.
28 Mayın əhəmiyyəti böyük və çoxşaxəlidir. Babalarımız bizə bir Cümhuriyyət qurmaqla yanaşı həm də demokratik dəyərləri miras qoydular. Cümhuriyyət cəmi 23 ay yaşamasına və bolşevik Rusiyası tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan ən azından sovetlər birliyində respublika statusunu qoruyub saxlaya bildi. Xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin yanvarında Paris Sülh Konfransında beynəlxalq müstəvidə tanınması mühüm tarixi hadisə olmaqla yanaşı bizə imkan verdi ki, SSRİ tərkibində olan 15 respublikadan biri də Azərbaycan Respublikası olsun. Bu amil 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etmək üçün də hüquqi baza oldu. 1991-ci ildə biz həmin demokratik cümhuriyyətin siyasi və hüquqi varisləri olaraq müstəqilliyimizi elan etdik və bütün dünyaya tanıtdıq. İndi Azərbaycan dünyada yaşayan 50 milyonluq azərbaycanlıların yeganə müstəqil dövlətidir.
Bununla yanaşı yaddan çıxarmamalıyıq ki, 1991-ci ildə müstəqilliyimizi elan etdikdən az sonra 1920-ci ildə olduğu kimi, ölkəmizin üzərini qara buludlar almışdı. Xüsusən də şimal qonşumuzdan ciddi təhdidlər var idi. Bu elə bir dövr idi ki, indiki ermənistan adlanan dövlətin ərazisindən, tarixi Azərbaycan torpaqlarından 250 mindən çox soydaşımız vəhşicəsinə qovulmuşdu. Eyni zamanda Rusiyanın biləvasitə dəstəyi ilə Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, təxminən 1 milyon nəfər soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdi. Bu, yenicə müstəqillik əldə etmiş ölkə üçün çox böyük faciə və ağır sınaq idi. Həmçinin, cənubda İranın, şimalda Rusiyanın dəstək verdiyi separatçı qurumlar fəallaşmağa başlamış və faktiki olaraq ölkə ciddi ərazi itkilərinə məruz qalmaq və hətta müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin, şükürlər olsun ki, millət, dövlət olaraq bu çətin sınaqdan üzüağ çıxdıq, təhdidlərin qarşısını alaraq dövlətçiliyimizi xilas etdik. Nəhayətdə 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində atılan qətiyyətli addımlar bugünkü mənzərəni formalaşdırdı. Müstəqilliyimizin bərpa olunmasından keçən 32 il ərzində xalqımızın mübarizliyi, zəhmətsevərliyi və aparılan uğurlu xarici siyasət sayəsində Azərbaycan regionun əhəmiyyətli dövlətlərindən birinə çevrildi.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbə də xalqımızın azadlıqsevərliyini, mübarizliyini, ciddi beynəlxalq dəstəyi olan düşmən qarşısında dik duruşunu bütün dünyaya nümayiş etdirməklə yanaşı 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin əhəmiyyətli hissəsinin işğaldan azad olunmasına bir vəsilə oldu. Bununla həm də cənub qonşumuzla aramızda olan 132 kilometrlik sərhəd zolağı, həmçinin Ermənistanla olan sərhədimizin əhəmiyyətli hissəsi nəzarətimizə qayıtdı.
Nəhayət, cari ilin 23 aprel tarixində Ermənistanla şərti sərhəddə, Laçın yolunun başlanğıcında tərəfimizdən nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş oldu. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı sərhədlərimizin tam olaraq nəzarətimizə keçməsi heç şübhəsiz böyük tarixi hadisədir və xalqımızın uğur tarixinə qızıl hərflərlə həkk olunmuşdur.
Bu gün işğaldan azad olunmuş ərazilərdə sistemli bərpa-quruculuq işləri aparılır. İfrastruktur yenidən qurulur, həmçinin soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı əhatəli işlər görülür.
Hesab edirəm ki, bütün bu əldə edilmiş uğurlarda Prezident İlham Əliyevin rolu, fəaliyyəti, gördüyü işlər xüsusilə qeyd edilməlidir. Bu istiqamətdə illər boyu yürüdülən uğurlu diplomatik fəaliyyət, Azərbaycan Ordusunun Türkiyə modeli əsasında yenidən modernləşdirilməsi və müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərimizin peşəkarlıq səviyyəsinin artırılmasında edilən nəticəli səylər Qələbəmizin bünövrəsini təşkil edib. Prezidentin Ali Baş Komandan olaraq həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrdə aparılan müxtəlif ranqlı danışıqlarda sərgilədiyi liderlik xüsusiyyətləri də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qardaş Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığın bir qədər də möhkəmlənməsi Azərbaycanı təkcə regionda deyil, qlobal səviyyədə vacib gücə çevirib və ərazi bütövlüyümüzü təmin etməklə müstəqil siyasət yürütmək imkanlarımızı daha da artırıb. Bu gün Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin qarantıdır.
Bütün bu uğurların nəticəsidir ki, 28 may – Müstəqillik günümüzü bu il daha böyük qürur hissi ilə qarşılayırıq və bu günə əlavə bayram ovqatı qatan daha bir ciddi bir amil var. Bu amil, müstəqillik əldə etdikdən sonra qeyd etdiyimiz bu tarixi günü ilk dəfədir ki, suveren sərhədlərimizin tam olaraq nəzarətimizdə olması halında qeyd etməyimizdir. Bu günü bizə yaşadan hər kəsə dərin sayğılarla yanaşı şəhidlərimizə Uca Tanrıdan bir daha rəhmət, Qazilərimizə şəfalar diləyirik.
Bayramımız mübarək, Müstəqilliyimiz əbədi, Azərbaycanımız daha qüdrətli olsun!
Arzuxan Əlizadə,
AMİP sədri