NIPA-30

Sülh danışıqları: İrəvan əlavə söz-söhbət yaradır

“Görünən odur ki, ABŞ-da keçirilən görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh müzakirələri daha detallı müzakirə olunur”. 

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. 

Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda keçirilən hər iki görüş bir neçə gün davam edib: 

“Sonuncu görüşdən sonra ABŞ Dövlət Departamentindən açıqlama verildi ki, iki ölkə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan sülh sazişində müəyyən irəliləyişlər var. Vurğulandı ki, sülh müqaviləsi ilə bağlı detallı müzakirələr getməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan da verdiyi açıqlamada bəyan etdi ki, sülh danışıqlarının gedişatında irəliyə doğru addımlar var. Lakin elə baş nazir özü qeyd etdi ki, sülh sazişinin imzalanmasına “tam hazırlıq səviyyəsi yoxdur”. Təbii, biz də fərqindəyik ki, tezliklə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Ermənistan tərəfinin məsələyə qeyri-konstruktiv yanaşması davam edir. Problem ondadır ki, İrəvan əvvəllər razılıq verdiyi bəzi məsələləri yenidən müzakirə müstəvisinə daşıyır, əlavə söz-söhbət yaradır, şərtlər irəli sürür. Sözdə bir əməldə ayrı davranış görürüksə, bugün razılıq verib, sabah etiraz edirsə, deməli Ermənistan özü verdiyi qərarlarda müstəqil deyil. Burada kənar güclərin, birbaşa Rusiyanın müdaxiləsindən söhbət gedir. İstər Vaşinqtonda, istər Brüsseldə keçirilən görüşlər ərəfəsində və ondan sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda erməni təxribatları ilə üzləşirik. Bunun arxasında Rusiya amilinin olması şübhəsizdir. Çünki Rusiyanın razılığı olmadan onun nəzarətində olan ərazilərdə davamlı təxribatın törədilməsi qeyri-mümkündür. Danışıqların dalana dirənməsi də Moskva faktoru ilə bağlıdır. Özü qərar vermək iqtidarında olmayan Ermənistan böyük anlamda Rusiyadan asılıdır. 

Həmsöhbətimiz vurğulayıb ki, Nikol Paşinyanın Rusiya boyunduruğundan qurtulmağa çalışması da faktdır: 

“Baş nazirin niyyəti odur ki, Rusiyanın Ermənistan üzərindəki təsirini zəiflətsin. Əslində, Paşinyan hökuməti hansısa formada sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu bəyan edir. Əsas şərtləri ondan ibarətdir ki, Azərbaycan Ermənistanın 29 min kvadrat kilometr ərazisini tanısın. Paşinyan özü də etiraf edir ki, digər məqamlara “göz yuma” bilər. Təbii ki, rəsmi Bakı üçün qəbuledilməzdir və çox sonranın məsələsidir. O baxımdan düşünmürəm ki, ilin sonunadək iki ölkə arasında sülh müqaviləsini ən azından ilkin variantda imzalamaq mümkün olsun. Bunun baş verməsi üçün Rusiya bir qədər zəifləməli, proseslərə təsir imkanlarını itirməli, təxribat törədəcək rıçaqlardan məhrum qalmalıdır. İstənilən halda Azərbaycan qalib, güclü və şərtləri diktə edən tərəfdir. İrəli sürdüyümüz 5 prinsip beynəlxalq hüquq normalarına tam uyğundur. Heç bir halda bunlardan imtina edilməyəcək. Ermənistan da bunun fərqindədir. Öz gücümüz hesabına regionda sülh və sabitliyə şərait yaradacaq sülh müqaviləsinin imzalanmasına nail olacağıq”.

Aydın Baxış

bakivaxti.az