NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “İran çox gözəl başa düşür ki, Zəngəzur dəhlizi mütləq açılacaq”

Regionda dəyişən geosiyasi vəziyyət bəzi məsələlərin həllini labüd edib. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru sərhədlərini birləşdirəcək Zəngəzur dəhlizinin  açılması ilə bölgədəki kommunikasiya xətləri də işə düşəcək.

Ancaq İran bunu qəbul etmək istəmir. Bu səbəbdən İranın Zəngəzur dəhlizi ilə bağlı yersiz dəyərləndirmələri davam edir. Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti İranda nəşr edilən “Times” qəzetinə müsahibəsində bildirib ki, Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməyin arxasında guya xüsusi niyyət dayanır: “Azərbaycan Ermənistanı iki yerə bölməklə, Əhəmənilər İmperiyası dövründən qalan əlaqəni kəsib İranla Ermənistanın əlaqəsini əngəlləmək istəyir. Bununla İranın dünya ilə əlaqəsi də məhdudlaşacaq. Həm də İranın qonşuları 15 yox, 14 ölkə olacaq. İran İslam Respublikasının Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi qırılacaq. Regional sərhədlərdə istənilən dəyişiklik uzunmüddətli gərginliklərə səbəb olacaq”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı təxribatçı davranışları bizim üçün yenilik deyil: “İran hər zaman riyakar siyasətini ortaya qoyaraq bölgədə sülhün təmin olunmasına əngəl olmağa çalışır. Bunu biz 90-cı illərdə, müstəqilliyimizin ilk illərində, sonrakı işğal və işğaldan sonrakı dövrlərdə də müşahidə etməkdəyik. Özünü bütün müsəlmanların mənəvi birləşdirici dövləti elan edən İran ermənilərlə işbirliyinə keçərək Azərbaycanın işğalda olan ərazilərində xalqımıza aid məscidlərin, ziyarətgahların dağılmasında “birlik” nümayiş etdirdi. Bu dediklərim “Əhəmənilər dövrünə” aid məlumatlar deyil. Ermənilərlə birlikdə farsların vandalizm hərəkətləri bütün bəşəriyyətin gözü qarşısında baş verib. İşğal dövründə azərbaycanlılara məxsus yaşayış məskələrini talan etmək üçün ermənilər İran vətəndaşları ilə əlbir hərəkət ediblər. Əli Əkbər bir az da qabağa gedərək Azərbaycanın tarixi torpaqları haqqında uydurma, cəfəng fikirlər səsləndirir. O, guya bilmir ki, Azərbaycanla Naxçıvan arasında tarixi Zəngəzur əraziləri qədim Oğuz yurdu olaraq bu coğrafiyanın sahibləri qədim türklərə məxsusdur? O bütün bunları çox yaxşı bilir. Əhəmənilərdən söz açdığı halda, nədən beş minillik tarixi özündə əks etdirən qədim türklərdən bəhs etmir?! Türk tarixi kökləri təqribən 5000 il əvvəlinə Orta Asiyaya dayanır. Bugünə qədər çox fərqli coğrafiyalarda yaşayan və bir çox dövlət quran Türklərin tarixdə bilinən ilk dövləti Böyük Hun İmperiyasıdır. Türklər Orta Asiyada, Sibirdə, Yaxın Şərqdə tarixin axışına dərindən təsir etmiş bir qövmdür. Türklər və tarixi haqqında Bizans, Çin, İran, Ərəb və Hind qaynaqlarında çoxlu məlumatlara rast gəlinir. Bu məlumatlar tarixçilər tərəfindən təsdiqini tapdığı halda “Əhəməni” və  “Böyük Ermənistan” uydurması xəstə təxəyyülün məhsuludur”.

Sədr müavininin fikrincə, İran dövləti çox gözəl başa düşür ki, Zəngəzur dəhlizi mütləq açılacaq: “Bu təkcə dövlətlərin istəyi ilə bağlı olan məsələ deyil. Bu dəhlizin açılması yaşadığınız dövrün tarixi reallığıdır. Hətta deyərdim tarixi keçmişlə bağlı olan məsələlər də bu prosesdə ön planda deyil. Bu məsələdə geosiyasi reallıqlar əsas rol oynayır. İran rəsmiləri öz-özünə xoflanaraq belə iddialar səsləndirirlər ki, guya bu dəhliz açılacaqca İran regional nəqliyyat infrastrukturundan kənarda qala bilər. Tamamilə yanlış və gülünc iddialardır. Azərbaycan dövləti bütün regional layihələrdə qonşu dövlətlərlə birgə əməkdaşlığı hər zaman dəstəkləyib. Sadəcə, İran var gücü ilə çalışır ki, Zəngəzur dəhlizi açılmasın. Ona görə də öz müttəfiqi olan Ermənistan vasitəsilə bu prosesi uzatmağa çalışır. Ancaq bu prosesin geriyə dönüşü yoxdur. Zəngəzur dəhlizi Cənubi Qafqazın sülh və təhlükəsizlik təminatıdır”.

Vidadi ORDAHALLI

baki-xeber.com