NIPA-30

Arzuxan Əlizadə: “Erməni tərəfi bütün bu baş verənlərə görə üzr istəməlidir”

“Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir”.

Bunu Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs olacaq: “Və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar elə erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu ədalətlidir və bunun davamı olmalıdır. Ancaq o təqdirdə xalqlar arasında real barışıq ola bilər. Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir”.

Sülh sazişi və xalqların barışığı – bunların ikisinin bölgədə sülh müqaviləsində sülhün daha möhkəm və uzunmüddətli olmasında nə kimi rolu ola bilər? Xalqların arasında barışıq olmasa, imzalanmış sülh sazişi uzun müddət üçün qüvvədə qala biləcəkmi?

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, xalqlar arasında barışıq olmasa, sülh sazişinin uzunmüddətli olması real görünmür: “Bu təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün xarakterik hal deyil. Müharibə vəziyyətində olan digər ölkələr üçün də xasdır. Xalqlar arasında barışıq sülh sazişinin özəyini təşkil etməlidir. Barışıq olmadan uzunmüddətli real sülh mümkün deyil. Belə şəraitdə sülh olsa belə, bunun hər an pozulma və necə deyərlər, işləməməsi təhlükəsi var. Azərbaycan uzun müddət erməni işğalından əziyyət çəkib. Xocalıda, Qaradağlıda və digər yaşayış məntəqələrində kütləvi soyqırımlar törədilib. Bu soyqırımların törədilməsində iştirak edən əsas fiqurlar cəzalandırılmalıdır. Necə ki, Hitler Almaniyasında 12 il hakimiyyətdə olan nasistlər törətdikləri cinayətlərə görə Nürnberq məhkəməsində cavab verdilər. Eynilə Qarabağ müharibəsində əli qana batmış səhra komandirləri törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdılar. İşğal edilən yaşayış məntəqələrinin əksəriyyəti məhv edilərək yer üzündən silinib. Meşələri qırıblar, sərvətlərimizi talan ediblər. Məcburi köçkün düşən vətəndaşlarımızın bir qismi işğalla barışmayaraq vaxtsız vəfat edib. Məcburi köçkünlük dövründə olmazın məhrumiyyətlərə, sıxıntılara məruz qalıblar. Ona görə də bütün bu məsələlər heç də asan olmayacaq. Bu baxımdan hesab edirəm ki, erməni tərəfi bütün bu baş verənlərə görə üzr istəməlidir. Bir sıra acı reallıqları və buna bais olmalarını etiraf etməlidilər. Yalnız o zaman dayanıqlı və möhkəm sülhdən, bunun təmin olunmasından danışmaq mümkündür. Ona görə də bütün bu və digər məsələlər bir-biri ilə bağlıdır. Regionun dinc şəraitdə dayanıqlı, stabil inkişafı xalqların barışığından keçir”.

Vidadi ORDAHALLI

baki-xeber.com