NIPA-30

Təxribat xarakterli tamaşalar ermənilərin son çırpıntılarıdır

Ermənistanda yaşayan, rəsmən Ermənistan Respublikasının vətəndaşı olan 215 mindən çox etnik azərbaycanlı 1987-1991-ci illərdə Azərbaycana deportasiya edildi. Amma buna baxmayaraq Azərbaycan ərazisində etnik ermənilər qaldı və separatizm meyilləri güclənərək, Ermənistanın da birbaşa dəstəyi ilə on minlərlə qurbanı olan faciəvi I Qarabağ müharibəsinə təkan verdi. Ermənilərin milli ideya hesab etdikləri “Miatsum” “böyük Ermənistan” planlarının tərkib hissəsi idi.

Bəs ermənilər “Miatsum”dan nə qazandılar?! Əminliklə demək olar ki, heç nə. Azərbaycan öz torpaqlarının geri qaytarılması ilə yanaşı, “Miatsum” xülyasını da darmadağın etmiş oldu.

Bu barədə “Respublika”ya açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, həm Ermənistan, həm də onların havadarları yaxşı başa düşür ki, Azərbaycan öz suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsələsində bir addım belə geri çəkilən deyil:

“Uzun illər ərzində müstəqillik xülyaları ilə yaşayan, daha sonra hansısa statusdan dəm vuran və nəhayətdə təhlükəsizlik zəmanəti istəyən separatçıların da artıq bir qisminin reallıqlarla barışdığı aydın şəkildə müşahidə edilməkdədir. Bütün dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etməsi və eləcə də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatları separatçılarda Azərbaycanın qanunları ilə yaşamağın yeganə yol olduğu qənaətini formalaşdırıb. Laçın yolu ilə bağlı hay-küy, daha sonra “humanitar yük”lərlə bağlı təşkil edilən təxribat xarakterli tamaşalar isə onların son çırpıntılarıdır”.

Politoloqun sözlərinə görə, ermənilər gördü və dərk etdi ki, hətta ən yüksək beynəlxaq tribunalardan Azərbaycan əleyhinə qəbul edilən bəyanatlar, ayrı-ayrı ölkələrin təzyiqləri belə, bizi haqq yolundan döndərə bilmədi:

“Odur ki, indi ermənilər müxtəlif səviyyəli təxribatlarla ən azından nələrəsə nail olmaq ümidi ilə yaşayırlar. Azərbaycanın həm Ermənistanla, həm də separatçı rejimin tör-töküntüləri ilə bağlı konkret mövqeyi var və kimin nə deməsindən asılı olmayaraq, biz bu mövqedən geri çəkilən deyilik. Azərbaycan təbii ki, yeni müharibə istəmir və ona görə də dövlətimiz sülh mövqeyindən çıxış edir. Tələblərimiz isə aydın və sadədir. Bu tələblər beynəlxalq hüququn norma və prinsiplərindən irəli gəlir. Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin, yəni erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılmasının, eləcə də nəqliyyat yollarının açılmasının təmin edilməsi, Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması – sadaladıqlarım Azərbaycan Ermənistan münasibətlərinin normallaşması və Cənubi Qafqazda qalıcı sülhə nail olmağın yeganə ən düzgün yoludur”.

Rəşad Bayramov vurğulayır ki, ermənilər bunu dərk etməli və bu istiqamətdə real addımlar atmalıdırlar:

“Ölkə başçısının da dediyi kimi ya Azərbaycan vətəndaşları olaraq bizim qanunlarla yaşamağı qəbul etməli ya da ərazilərimizi tərk etməlidirlər. Onlar Rusiyaya, Fransaya, İrana və ya hər hansı bir beynəlxaq quruma arxalanaraq separatçı mövqeyi davam etdirəcəklərsə, bundan ən çox əziyyət çəkən məhz özləri olacaq. Çünki Azərbaycanın daha otuz il nəticəsiz danışıqlara vaxt sərf etmək niyyəti yoxdur. Vaxt gedir və hər keçən gün yeni hərbi əməliyyatlar riskini artırır. Yeni hərbi əməliyyatların nə ilə nəticələnəcəyi isə hər kəsə məlumdur. Belə olan halda Ermənistanın bir dövlət olaraq mövcudluğu belə böyük sual altında qalacaq. Odur ki, həm rəsmi İrəvan, həm də beynəlxalq birlik separatçılara Azərbaycan qanunlarına tabe olmağın vacibliyini başa salmaq üçün konkret addımlar atmalıdırlar. Əks halda çox gec ola bilər”.

Röya RÜSTƏMLİ,

“Respublika”

Add Comment