Afsəddin Nəbiyev: “Qarabağda növbəti “prezident seçkiləri” oyununa qətiyyən imkan vermək olmaz”
Qarabağdakı qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Daha sonra Prezidentinin köməkçisi bunları qeyd edib: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda unundan mənşəyinə (Azərbaycan) görə imtina qanunsuz marionet rejimin dəstəklədiyi irqçiliyin təzahürüdür. Azərbaycan artıq öz öz ərazisində “boz” nəzarət olunmayan zonanın olmasına göz yuma bilməz. Qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq təminatı təşkil edib. Başlanğıc mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması planlaşdırılır. Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olurlar.
Bütün bu deyilənlərin fonunda, “boz” rejimə qəti şəkildə son qoymaq üçün Azərbaycanın beynəlxalq hüquqi, siyasi əsasları nə qədərdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bununla bağlı Azərbaycanın yetərincə əsasları var: “Əvvəla, Qarabağda davamlı sülhün təmin olunması üçün qanunsuz rejimin ləğv edilməsi Azərbaycan dövlətinin təhlükəsizliyi üçün atılacaq addımlar sırasındadır. Birmənalı olaraq Qarabağda yerləşən qanunsuz birləşmələr tərksilah olunmalıdır. Bu bölgənin təhlükəsizliyi məhz bu addımlardan birbaşa asılıdır. Erməni silahlı birləşmələri silahlarını könüllü təhvil verdikləri halda onların Qarabağda təhlükəsiz yaşayışı Azərbaycan dövləti tərəfindən təmin olunacaq. Prezident İlham Əliyev dəfələrlə çıxışında bu mövzuya münasibət bildirib. Ancaq biz görürük ki, Qaradağda yaşayan erməniləri öz əllərində oyuncağa çevirən Rusiya, Fransa kimi dövlətlər Azərbaycan Prezidenti İlham Əliyevin humanist davranışlarından istifadə etməklə, öz çirkin niyyətlərini ortaya qoyurlar. “Humanitar fəlakət” adı altında bir ovuc ermənini öz əllərində oyuncağa çevirməklə bölgəmizdə Fransa, Rusiya kimi dövlətlər sülhün təmin olunmasına əngəl törədirlər. Fikrimcə, son həftələrdə erməni hay-həşirinin, şər-böhtanların çoxalması fonunda Azərbaycan dövləti sözün həqiqi mənasında böyük səbr nümayiş etdirir. Görünən odur ki, ermənilər müəyyən qədər reallıqları dərk etsələr belə, havadarları onları dinc buraxmaq fikirində deyillər. Elə bu qondarma rejimin rəhbəri Araikin istefa verməsi məkrli bir planın tərkib hissəsi ola bilər. Orada növbəti “prezident seçkiləri” oyununa qətiyyən imkan vermək olmaz. Bu mərhələdə Qarabağ ermənilərinə son çağırışımızı etməklə hərəkətə keçməliyik. Onlar bizim şərtlərə əməl etmədikləri halda Azərbaycan dövləti onlara hərbi təzyiqi artırmalıdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və qəbul edir. Qarabağda təhlükəsizlik tədbirlərini həyata keçirdiyimiz vaxtda heç bir tərəddüd etmədən erməni silahlı birləşmələrini tərk-silah etməkdən çəkinməməliyik. “Boz” ermənilərə kifayət qədər güzəştlər etmişik və artıq bu limit bitib. O üzdən, seçim etsinlər. Silahları könüllü olaraq təhvil versinlər, vətəndaşlığımızı qəbul etsinlər. Əks halda yolları açıqdır. Hansı ölkədə yaşamaq istəsələr buyurub gedə bilərlər”.
Vidadi ORDAHALLI