Arzuxan Əlizadə: “Bunun başlıca səbəbi Azərbaycanın gücü və Vətən müharibəsindən sonra yaranan yeni vəziyyətlə bağlıdır”
Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər, beynəlxalq təşkilatlar və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini”, onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər.
Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar.
Belə ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq Türkiyə və Ukrayna kimi dövlətlərin ”seçkini” pislədikləri halda, rəsmi İrəvanın hələ də Şahramanyanı təbrik etməməsinin “anlaşılmaz olduğunu” bildirib.
Maraqlıdır, rəsmi İrəvan separatçı başını niyə təbrik etməyib?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbr”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə Paşinyan hakimiyyətinin bu addımı atmamasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi Azərbaycanın gücü və 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni vəziyyətlə bağlıdır. Məsələ ondadır ki, əvvəlki status-kvo darmadağın edildi. Həm işğal altında olan ərazilərin çox böyük hissəsi azad edildi, həm də Qarabağ ermənilərin Ermənistanla quru və hava əlaqəsi kəsildi. Digər tərəfdən, Nikol Paşinyan 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin mayında Brüsseldə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən bəyan edib. Düzdür, o, bunu şifahi formada bəyan edib, amma fakt odur ki, bunu təsdiqləyib. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdığını bəyan edən Paşinya separatçıların yeni “liderini” təbrik etsə, o zaman bu, məntiqsiz görünər. Belə çıxır ki, Paşinyan ərazi bütövlüyümüzü tanımaq məsələsində geri addım atır. Düzdür, Paşinyan həm də qeyri-ciddi siyasətçidir. Bu gün dediyini sabah danır və tamamilə fərqli mövqedən çıxış edir. Hazırda onun belə mövqe tutmasını şərtləndirən faktor Azərbaycan Ordusunun gücü və ölkəmizin siyasi iradəsidir. O, yaxşı bilir ki, əks mövqedən çıxış etsə, bu, ona baha başa gələcək və Azərbaycan Ordusu yenidən gərəkən addımları atacaq. Necə ki, Paşinyanln 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır” deməsi ona baha başa gəldi. Yəni, düz bir il sonra Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etdi. Bu dəfə də əks mövqedən çıxış etsə, onda növbəti zərbəni alacaq. Hesab edirəm ki, bu səbəblərdən Paşinyan hakimiyyəti separatçı “prezidenti” təbrik etməkdən çəkinir”.
Vidadi ORDAHALLI