NIPA-30

Arzuxan Əlizadə: “Fransanın məqsədi odur ki, regionda daim münaqişəli vəziyyət hökm sürsün”

Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaranıb. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirləri nəticəsində regionda 30 ildən çox davam edən münaqişənin bitməsi, Ermənistanın Qarabağ daxil olmaqla ərazi bütövlüyümüzü tanıması, qondarma qurumun özünü buraxması sülh sazişinin imzalanmasını yaxınlaşdırır.

Lakin regionda marağı olan Fransanın aktivləşməsi onu göstərir ki, rəsmi Paris bölgədə sabitliyin yaranmasında maraqlı deyil. Bu da Fransanın ənənəvi imperiya siyasətinə əsaslanır. Çünki Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox, müharibə, münqaişələr üzərində qululub. Bu gün Afrikada Fransanın təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevrilişlər və s. bunu aydın şəkildə göstərir. Görünən odur ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Fransanın qanlı müstəmləkə keçmişi ölkənin hazırkı siyasətinə də sirayət edib: “Tarixdən çoxlarına bəllidir ki, Fransa Afrikaya fəlakət gətirib. Fransanın Mərkəzi və Qərbi Afrikada uzun illər apardığı müstəmləkə siyasəti oradakı ölkələrin talan edilməsi ilə nəticələnib. Həmin ölkələrdə nə sənaye, nə istehsalat sahələri yaradılmayıb. Aparılan siyasət yalnız həmin ölkələrin təbii resurslarının xammal şəklində daşınması üzərində qurulub. Təsadüfi deyil ki, məhz Fransanın müstəmləkəsi, bu ölkənin təsiri altında olan ölkələrdə vəziyyət, digər qitə ölkələri ilə müqayisədə daha acınacaqlıdır. Son dövrlər faktiki olaraq Fransa Afrika ölkələrindən biabırçı şəkildə qovulur və bu, qarşısıalınmaz prosesə çevrilib. Afrikada nüfuzunu və populyarlığını itirən Fransa indi Cənubi Qafqazda “özünü təsdiq etməyə” cəhd göstərir. Azərbaycan dövlətinin özünün hüquqi ərazisində suverenliyini tam təmin etmək üçün Qarabağda başladığı və uğurla həyata keçirdiyi lokal antiterror addımlarına qarşı Parisin sərgilədiyi mövqe qəbuledilməzdir. Nəinki qəbuledilməzdir, həm də başadüşülən deyil. Anlamaq olmur ki, Fransa nə etmək istəyir. BMT-də Parisin təşəbbüsü ilə keçirilən Qarabağ müzakirələrində Fransa xarici işlər naziri Ketrin Kolonna dedi ki, söhbət Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan məsələlərdən getmir. Axı Azərbaycanın ərazisində, yəni Qarabağda neçə illərdir faktiki olaraq “boz zona” mövcud idi. Bunun əhəmiyyətli hissəsi 44  günlük müharibədə azad edildi. Yerdə qalan kiçik hissəyə də lokal xarakterli antiterror tədbirləri ilə nəzarət təmin edildi. Belə olan halda Azərbaycanın beynəlxalq hüquqa dayanaraq Qarabağda suverenliyini təmin etməsində qəbahət nə var ki? Fransanın məqsədi odur ki, regionda daim münaqişəli vəziyyət hökm sürsün. Nəticədə Paris bundan öz maraqları üçün istifadə etsin. Bunun sayəsində Fransa Cənubi Qafqazda möhkəmlənsin. 1997-2020-ci illərdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa bundan geninə-boluna istifadə etdi. Ancaq bu dəfə Fransanın belə bir şansı olmayacaq. Çünki həm reallıqlar 90-cı illərdəki kimi deyil, həm də Azərbaycan 30 il əvvəlki zəif dövlət deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com