NIPA-30

Azərbaycanın şəffaf beynəlxalq siyasəti: Dəstək qazanır

“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf, birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib”.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı deyib.

Qeyd edək ki, Azərbaycan müstəqil olduqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Rəsmi Bakı illərdir ki, aparıcı beynəlxalq təşkilatlar və xarici dövlətlərlə yaxşı müasibətlər qurmağa nail olub. 

Beynəlxalq aləmdə dost adlandırdığımız ölkələrin sayının çox olması da buna real nümunədir. Məhz bunun məntiqi nəticəsidir ki, müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli bəyanatların və hətta sanksiyaların qəbul edilməsinin qarşısı dost dövlətlər tərəfindən alınıb. Əlbəttə ki, bütün bunlar Azərbaycan hakimiyyətinin uğurlu siyasətinin nəticəsidir. 

Xüsusilə qardaş Türkiyə amilini də burada xüsusi vurğulamaq lazımdır. Türkiyə ilə qardaşlıq münasibətlərimizlə yanaşı, müttəfiqlik əlaqələrimiz də getdikcə inkişaf edir.

Tərəflər arasında 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi strateji münasibətlərimizi daha da gücləndirdi. Türkiyə kimi dünyanın aparıcı dövlətlərindən birinin bütün beynəlxalq platformalarda Azərbaycana dəstək verdiyini də xatırlatmaq yerinə düşər. Azərbaycan da öz növbəsində hər zaman qardaş ölkənin mənafeyini  müdafiə edərək, dəstəyini nümayiş etdirir. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizin apardığı siyasət hər zaman şəffaf olub:

“Xüsusilə də beynəlxalq münasibətlərdə, Azərbaycanın son dövrlərdə yaşadığı münaqişə və postmünaqişə dövründə aparılan siyasət aşkar olub. Biz beynəlxalq aləmdə dostlarımızın sayının daha çox olmasına çalışmışıq. Bu dostlarımızın sayəsində də Azərbaycanın haqq səsini daha uğurlu şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırmağı hədəfləyirik. Bu istiqamətdə addımlar atılıb. Təbii ki, Azərbaycanın dostları var. 

Təəssüflər olsun ki, Azərbaycanın dostu olmayan bir sıra ölkələr və beynəlxalq təşkilatlar da var. Onlar zaman-zaman Azərbaycanın göstəriyi fəaliyyəti qaralamağa çalışıb və ölkəmizlə bağlı fərqli münasibət ortaya qoyublar.

Daha çox işğala məruz qalan Azərbaycana deyil, işğalçı Ermənistana dəstək verməklə gündəmə gəliblər. Lakin biz mütəmadi olaraq bu prosesi önləməyə çalışmışıq”.

Partiya sədri qeyd edib ki, diplomatlarımız və lobbi təşkilatlarımız bu işdə daha fəal olmalıdırlar:

“Təəssüf ki, bir çox məqamlarda biz onların fəaliyyətinin lazımi səviyyədə olmadığının şahidi oluruq. Amma Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin beynəlxalq əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev də bu məsələdə, xüsusilə də son dönəmlərdə çox aktiv olublar.

Hesab edirəm ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində çox uğurlu fəaliyyət göstərirlər. Hazırda diplomatlarımız, diasporlarımız, siyasi partiyalar və qeyri-hökumət təşkilatları da bu siyasəti bu şəkildə davam etdirməklə, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışmalıdırlar. 

Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrü münaqişələrlə keçirib. Bu dövr qonşu ölkənin Azərbaycana qarşı ərazi iddiaları və ərazimizin 20 faizi işğal altında qalması ilə keçib. Bu, bizim üçün çox ağrılı bir dövr olub. İndi isə bərpa dövrü gedir. 

Biz tarixi ədaləti bərpa etmişik. Artıq qüvvələr nisbəti dəyişməkdədir. Azərbaycan regionda ciddi söz və güc sahibinə çevrilib. Həmçinin, dünya miqyasında da ölkəmizin nüfuzu artmaqdadır.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilib. Rəsmi Bakı bu gün atdığı uğurlu addımlar və yürütdüyü siyasətilə dünya dövlətlərinin diqqətini özünə cəlb edir”. 

Elmir Mustafa
Cebhe.info