NIPA-30

Azərbaycanın görüşdən imtinası: “Türkiyə mütləq sülh prosesində iştirak etməlidir”

Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib. 

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Baş naziri Olaf Şolzun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub.

Lakin Fransa rəsmilərinin ermənipərəst bəyanatları, rəsmi Parisin Ermənistanı silahlandırmağa cəhd etməsi, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana qarşı ittihamları, o cümlədən Türkiyənin sülh formatında iştirak etməsinə imkan verilməməsi səbəbindən dövlət rəhbəri İlham Əliyev beştərəfli format çərçivəsində keçiriləcək görüşdə iştiraka lüzum görməyib. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün və doğru qərar qəbul edib. Onun sözlərinə görə, bu günə qədər sülh prosesi ilə bağlı beştərəfli format çərçivəsində keçirilmiş görüşlər Azərbaycanın maraqlarına heç bir şəkildə cavab verməyib: 

“Əslində beştərəfli formatın görüşlərində iştirak edən tərəflərin mövqelərinə baxanda görərik ki, bu, daha çox 4+1, yəni Ermənistan, onun havadarları və Azərbaycan formatına bənzəyir. Xüsusilə, Fransanın son dövrlərdə sərgilədəyi davranışlar və qeyri-obyektiv yanaşması, o cümlədən Ermənistanı silahlandırmağa cəhd etməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına ciddi əngəl yaradır. Fransa Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa yox, qarşıdurmaya sövq edir.

Paris bu addımlarla Azərbaycana mesajlar ötürür. Eyni zamanda, Almaniya da Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgiləyir. BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Almaniya XİN rəhbərinin açıqlaması bunu sübut edir. Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin də eyni mövqedən çıxış etməsini diqqətdən qaçırmaq olmaz. Mişel dünənki çıxışında deyib ki, Rusiya Qarabağ ermənilərinə xəyanət edib. Onun sözündən belə çıxır ki, rus hərbiçiləri Azərbaycan əsgərlərini hədəfə almalı idi.

Bütün bunlar onu deməyə əsas verir ki, hər üç tərəfin Azərbaycanla bağlı mövqeyi üst-üstə düşür. Hər üç tərəf hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatçıları fəaliyyətini davam etdirməli idi, həmçinin onlar ermənilərin hüquqları və təhlükəsizliyinin təminatı adı altında ərazidə beynəlxalq missiyanın yerləşdirilməsinə çalışırdılar. Dövlət başçımızın qətiyyəti nəticəsində onların planları alt-üst olub. Onu da nəzərə almaq lazımdır ki, Qranadada görüşün keçiriləcəyi gün Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin müzakirəsi gözlənilir”. 

R.Bayramov vurğulayıb ki, Azərbaycan haqlı olaraq Türkiyənin sülh görüşlərində iştirak etməsini istəyir: 

“Birincisi, Avropa İttifaqı sülh prosesində tərəf kimi iştirak edirsə, üzv dövlətlərin ayrı-ayrılıqda tərəf kimi prosesdə iştirakına ehtiyac yoxdur. İkincisi, əgər Ermənistan üçün Fransa önəmlirsə, Azərbaycan üçün də Türkiyə o qədər vacibdir. Ən azından sülh danışıqları Azərbaycan-Ermənistan-Fransa-Türkiyə və ya Azərbaycan-Ermənistan-Türkiyə-Fransa-Almaniya formatı çərçivəsində keçirilə bilər. Beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini və maraqlarını müdafiə edən Türkiyə mütləq sülh prosesində iştirak etməlidir.

Çünki Türkiyə Cənubi Qafqaz regionundakı siyasi prosesləri Almaniya və Fransadan daha yaxşı bilir. Avropa İttifaqı, Fransa və Almaniyanın Türkiyənin bu prosesə qoşulmasına əngəl törətməsinin səbəbi Ankaranın Cənubi Qafqazda güc mərkəzinə çevrilməsindən irəli gələn narahatlıqdır. Almaniya və Fransadan fərqli olaraq Türkiyə Cənubi Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycanla daha güclü münasibətlərə malikdir. Türkiyə demək olar ki, Qərbin bütün siyasi oyunlarını pozmağı bacarır”. 

Yunis Abdullayev 
Cebhe.info