NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu sammitdə əsas məqsəd təkcə ərazi bütövlüyünün tanınması ilə bağlı yekunlaşmalı deyildi”

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.

“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, – deyə bəyannamədə bildirilib.

Göründüyü kimi, məlum olan şeylərə imza atıblar. Yəni zatən Paşinyan 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin mayında Brüsseldə Qarabağ daxil Aərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. O zaman Qranadada Azərbaycansız belə imzalama nə deməkdir? O bəyannaməyə çoxmu ehtiyac var idi?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “İmzalanan bəyannamə Azərbaycan üçün yenilik deyil. Digər dövlətlərdə keçirilən görüşlərin əksəriyyətində də Azərbaycanın ərazi bütövlüyü tanınırdı. Məsələ burasındadır ki, bu sammitdə əsas məqsəd təkcə ərazi bütövlüyünün tanınması ilə bağlı yekunlaşmalı deyildi. Burada digər vacib həlliini gözləyən problemlərin müzakirəsi baş verməliydi. Tədbir xristian təəssübkeşliyi üzərində təşkil olunduğu üçün, buradan bizim üçün ədalətli qərar gözləmək sadəlövhlük olardı. ATƏT-in Minsk Qrupunda illərlə nəticəsiz fəaliyyət göstərən Fransanın bu platformada nə işi var? Axı bu dövlət açıq şəkildə işğalçı dövlət olan Ermənistanı müdafiə etməklə Roma Bəyannaməsinin bütün şərtlərini pozmuş olur. Bu bəyannamədə işğalçılıq edən, soyqırımı törətmiş, müharibə cinayətləri edən dövlətlər və ya dövlətin başçısının məhkəmələr yolu ilə cəzalandırılması nəzərdə tutulduğu halda, Fransa, Almaniya kimi dövlətlər Ermənistan rəhbərliyinin cəzalandırılması əvəzinə, ermənidən çox ermənilik etməkdədirlər. Necə ola bilər ki, bütün dövlətlər üçün eyni tətbiq olunan qanunlar ayrıca Ermənistan üçün güzəştli olsun, budurmu onların ədaləti?

Bu sammitdə ərazi bütövlüyümüzlə bağlı olan bənd hələ 1992-ci BMT-yə qəbul olanda Azərbaycanın ərazisi, suverenliyi sərhədlərin toxunulmazlığı bütün dünya dövlətləri tərəfindən tanınıb. Üzərindən 31 il keçdikdən sonra məhz bu il Azərbaycan öz dövlət suverenliyini təkbaşına öz gücünə bərpa etdi. Qranada sammitində yeni bir “ixtira”  baş verməyib. Bu sammitdə Türkiyə və Azərbaycan dövlət başçılarının iştirakı baş versəydi, hansısa müsbət dinamikadan danışmaq mümkün olardı. Qalib dövlət olaraq görüş və sammitərin tərkibini Azərbaycan dövləti müyyən etməlidir. Bu bir yenilik deyil, bütün müharibələrin nəticələrini qalib dövlətlər müəyyənləşdirir. Diqtə edən tərəf Azərbaycan dövləti olmalıdır. Azərbaycan dövləti hərbi meydanda qazandığı qələbəni  masada hər hansı bir dövlətə güzəştə getməyəcək. Azərbaycana qarşı qarayaxma kompaniyasına qoşulmuş dövlətlər birdəfəlik anlamalıdılar ki, onların ikiüzlü davranışları  tərəqqipərvər dünya ölkələri tərəfindən ikrahla qarşılanır. Biz o vaxt bu dövlətlərə inana bilərik ki, onlar Ermənistanın beynəlxalq məhkəmələrdə cəzalandırılması prosesində Azərbaycanın haqlı mövqeyini müdafiə etsinlər. Eyni zamanda Ermənistana təzyiq etsinlər  ki, Zəngəzur dəhlizi tezliklə açılsın. Əgər Fransa, Almaniya kimi dövlətlər bu proseslərdə Azərbaycanın yanında yer alsalar, bizim haqlı mövqeyimizi müdafiə etsələr, o zaman onların səmimiyyətinə inanmaq olar”.

Vidadi ORDAHALLI

baki-xeber.com