İranın Zəngəzur dəhlizindən danışmaq haqqı yoxdur – Arzuxan Əlizadə
Bu, hazırda Azərbaycan və Ermənistan arasında gedən danışıqların, müzakirələrin əsas predmetlərindən biridir
“İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək”.
Bu absurd ifadələri İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi səsləndirib. Xəraziyə görə, artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Səbəbini isə belə açıqlayıb: “Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”. Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib. İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri də bəyan edib ki, İran Ermənistan-Azərbaycan şərti sərhədinə (Ermənistan tərəfindən) öz müşahidəçilərini göndərməyə hazırdır. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra bu barədə bildirib: “Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil. Bu baxımdan, İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Sherg.az”a açıqlamasında deyib ki, uzun müddət Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran indi də ölkəmizin güclənməsini, regional gücə çevrilməsini qəbul etməkdə çətinlik çəkir. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olduğu 30 il müddətində İran faktiki olaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib: “Tehran İrəvan üçün ən kritik dönəmlərdə nəfəslik olub. Ermənistan rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, İran olmasaydı, ermənilər ayaqda qala bilməzdi. İran otuz il müddətində Azərbaycan torpaqlarının işğalda qalması ilə bağlı bir dəfə də olsun normal münasibət bildirməyib. Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran hökuməti davamlı olaraq narahatlıq ifadə edən bəyanatlar səsləndirir. İran əslində ermənilərə məxsus olmayan ərazilərdə yaradılmış qondarma bir dövlətin sərhədlərini özünün “qırmızı xətti” elan edir. Zəngəzur dəhlizi ilə bağlı İranın danışmaq haqqı yoxdur. Bu, hazırda Azərbaycan və Ermənistan arasında gedən danışıqların, müzakirələrin əsas predmetlərindən biridir. İran anlamalıdır ki, bölgədə qərar verən dövlət deyil. Regionun sahibləri var və Azərbaycan hədəfə doğru qətiyyətlə addımlamaqdadır. İran sərhədboyu zolaqdan narkotrafik üçün istifadə edirdi. Ona görə də Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı idi. İndi bəzi iranlı rəsmilərin ara-sıra verdiyi “pozitiv” açıqlamalar qətiyyən inandırıcı deyil. Çünki İranın əsas siyasi xətti Azərbaycanın maraqlarına ziddir. Əfsuslar ki, Tehran rejimi bu siyasəti yürütməyə davam edir”.