NIPA-30

Afsəddin Nəbiyev: “Saakaşvili Paşinyana açıq mətnlə mesaj verir ki, indiki Rusiya mənim hakimiyyətim dövründəki ölkə deyil”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili X platformasında yazdığı postla Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən təhlükələr barəfə xəbərdarlıq edib.

Keçmiş prezident yazır ki, “Paşinyan hakimiyyətə xalq etirazları ilə gəlib, bu isə Putinin terminologiyası ilə rəngli inqilabdır: “Mənə inanın, Siz onun nə qədər qılığına girsəniz də, sədaqət andı içsəniz də, o Sizi bağışlamayıb və heç vaxt bağışlamayacaq. İllah da Sizin bu yaxınlarda səsləndirdiyiniz bəyanatlardan, siyasi gedişlərinizdən və xüsusilə də Roma statutunun ratifikasiyasından sonra”.

Saakaşvili yazır ki, Paşinyanın tədbir görmək üçün vaxtı çox deyil: “Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında son hadisələr bizim regionumuza yeni şans verir. Biz bir müddətdən sonra üç Baltik ölkəsi kimi açıq sərhədlərlə yaşaya bilər, bu üçlüyün hər birində olan üstünlüklərdən istifadə etməklə bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Amma bunun üçün Siz tələsməli, bütün tərəddüdlərdən xilas olaraq qətiyyətli addım atmalısınız. Siz Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb etməli, MDB, KTMT, Gömrük İttifaqından çıxmalı və üzvlük üçün Avropa İttifaqı və NATO-ya ərizə verməlisiniz”.

Saakaşvili sonda Paşinyanı Azərbaycanla sülh müqaviləsini bağlamağa və bunu tezləşdirməyə çağırıb: “Və nəhayət Siz açıq bəyanat verməli və Azərbaycanla sülh müqaviləsini dərhal imzalamalı, bununla da Ermənistanın daxili və xarici siyasətində fundamental dəyişikliklərə yol açmalısınız”.

Maraqlıdır, Paşinyan Saakaşvilinin tövsiyəsində əksini tapan bu məqamları nə dərəcədə həyata keçirmək gücündə olacaq? Xüsusən də Azərbaycanla sülh sazişinin imzalanmasını.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əslində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz başına gətirilən sarsıdıcı hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyana açıq mesajlar ünvanlayıb. Yəni çevik tərpənməsən, səni də oxşar aqibət gözləyə bilər. Bu mesajda Rusiya-Gürcüstan münasibətlərinin Saakaşvili dövrü çox dolğun təsvir olunub. Bu o dövrlər idi ki, Rusiya bu qədər zəif durumda deyildi, açıq şəkildə mütəmadi olaraq keçmiş imperiya hegemoniyasına iddialar sərgiləyirdi.  2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaqı bardağı daşırdı. Məhz bu işğaldan sonra dünya dövlətləri arasında geosiyasi vəziyyətdə böyük dəyişikliklərə start verildi. Saakaşvili hələ illər öncə müsahibələrinin birində Gürcüstanın Avropaya inteqrasiya olunması yolunda təşəbbüslərinin Putin tərəfindən necə qəzəblə qarşılandığını xüsusilə vurğulamışdı. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, o zamanlar da Gürcüstan liderinə Avropa dövlətləri tərəfindən dəstək verilmədi. Saakaşvili təklənmiş halda sarsıdıcı zərbələrə məruz qalaraq taleyin ümidinə buraxıldı . Hazırkı situasiyada Saakaşvili Paşinyana açıq mətnlə mesaj verir  ki, indiki Rusiya mənim hakimiyyətim dövründəki ölkə deyil. Siyasi arenada təklənib, sanksiyalar altındadır və s. Ona görə də Paşinyana məsləhət görür ki, Ermənistanı Rusiyadan  xilas etməsi üçün tarixi şans yetişib. Bütün bunlar nə dərəcədə həqiqətə söykənir, bunları indi söyləmək bir az çətindir. Ermənistan cəmiyyəti bu məsələdə vahid mövqeyə malik deyil. Erməni cəmiyyətidə ciddi parçalanma olduğu üçün qəti fikir söyləmək mümkün deyil. Paşinyan özü də dayanıqlı siyasətçi deyil. Ancaq Saakaşvilinin Qafqazın üç dövlətinin gələcəyi ilə bağlı səslənəndirdiyi fikirlər hər üç dövlətin parlaq gələcəyinə yollar aça bilər. Paşinyan tezliklə sülh müqaviləsinə imza atarsa, bu, üç dövlətin şaxələndirilmiş iqtisadi inkişafına yol aça bilər. Sülh sazişini tezləşdirəcəkmi? Birmənalı proqnoz vermək çətindir. Ən nəhayət, bu bölgədə hər üç dövlət rahat sülh şəraitində yaşamaqla birgə sabitliyə nail ola bilər”.

Vidadi ORDAHALLI

baki-xeber.com