NIPA-30

Qayıtmaq istəyən ermənilərə konkret vaxt verilməlidir – Politoloq

“Biz Rusiya sülhməramlılarının gedişini sürətləndirmək üçün fəaliyyətimizi regionda yeni fitnələrin, gərginliklərin yaranmamasına yönəltməliyik”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Rusiya sülhməramlılarının bu gün regiondan gedişi, mövcud şərait və bunun reallaşma imkanları ilə bağlı şərhində bildirib.

R.Bayramov bildirib ki, Rusiya sülhməramlılarının ərazilərimizdən gedişi hər zaman gündəmdədir. Azərbaycan dövləti, ictimaiyyəti tarixən qarşılaşdığı hadisələrin fonunda heç bir zaman  ərazisində hər hansı xarici qüvvənin, xüsusən də Rusiyanın hərbi kontingentinin qalmasında maraqlı deyil.

 Lakin, indiki mərhələdə 2020-ci il 10 noyabr sazişinə görə öhdəliklərimiz var və onlardan biri də Rusiya sülhməramlıların 2025-ci ilə qədər ərazilərimizdə qalmasıdır.

R.Bayramovun sözlərinə görə, bu gün işğaladan azad olunmuş ərazilərimizdə sülhməramlılara ehtiyac qalmasa da, Qarabağda erməni toplumunun yaşaması, reinteqrasiya ilə bağlı müvafiq addımlara baxanda sühməramlıların ərazilərimizdə qalması təbii görünür.

“Qarşıda 2 ilə yaxın vaxt var. Bu müddət, erməni sakinlərin Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib, dinc yanaşı yaşamaq istəyini ortaya qoyması üçün kifayət qədər böyükdür. Biz bu müddətdən maksimum istifadə edib məskunmlaşmanın həyata keçirilməsini, ərazilərimizdə qalacaq ermənilərin vətəndaşlığımızı qəbul edib dinc yaşamasını şərtləndirən fəaliyyəti başa çatdırmalıyıq. Bundan sonra hər hansı rus hərbi kontingentinin qalmasından söhbət gedə biməz”.

R.Bayramov hesab edir ki, proses Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan vətəndaşlığını nə dərəcədə tez qəbul etməsi və buna uyğun davranmasından asılı olacaq.

“Sülhməramlılara daha əlavə imkanlar tanımamaq, qalma müddətinin uzadılması və yaxud oxşar məsələlərin baş verməməsi üçün qalmaq, qayıtmaq istəyən ermənilərə dəqiq vaxt verilməlidir. Biz ermənilərin uzun fikirləşmələri üçün “qayıtma yolunu” açıq saxlaya bilmərik. Qoyulan müddət ərzində kimlər qayıdacaqsa, onlarla bağlı konkret addımlar atmalıyıq. Məhz bu müddət ərzində prosesin tam başa çatdığını elan edərək, sülhməramlıların da ərazilərimizi tərk etməsi ilə bağlı mövqe ortaya qoya bilərik”.

Politoloq bütün hallarda 2025-ci ildən sonra Rusiya sülhməramlılarının ərazilərimizdə qalmasını  mümkünsüz sayıb. Ekspert bunu Azərbaycan prezidentinin Rusiyaya səfərində erməni baş nazirin sülhməramlıların qalma müddətinin 20 ilə uzadılması təklifi ilə bağlı bildirdiyi etirazla əlaqələndirib. Onun sözlərinə görə, bu mövqe Türkiyə Prezidenti R.T.Ərdağonun –“2025-ci ildən sonra Rusiya sülhməramlılarının regionda qalmasına lüzum qalmayacaq”-bəyanatında da əksini tapıb.

hafta.az