Bir müharibədə 5 maraq: İran qazanclı çıxacaq?
“Bəzi güc mərkəzləri HƏMAS-la İsrail arasında baş verən müharibənin genişlənməsi və bütöv bir regiona yayılmasında maraqlıdır”.
Bu sözləri politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında İsrail-Fələstin regionunda son hadisələrin hansı məcraya doğru getməsini şərh edərkən bildirib.O qeyd edib ki, bu müharibə Yaxın Şərqdə, eləcə də Cənubi Qafqazda mövcud vəziyyətə öz təsirini göstərə bilər:
“Kimin qarşıdurmanı başlamasından və müharibəni qızışdırmasından asılı olmayaraq, hər iki tərəfdə mülki və dinc insanlar həlak olurlar. Bu kimi hadisələrə yol verilməsi qəbuledilməzdir. Ancaq son proseslər onu görsədir ki, İsrailin arxasında dayanan güc mərkəzləri, o cümlədən HƏMAS-ı müdafiə edən güc mərkəzləri bu müharibənin bütün regiona yayılmasında maraqlıdırlar.
Əgər ABŞ kifayət qədər silahlı qüvvələrini, hərbi texnikasını və silah-sursatını Şərqi Aralıq dənizində cəmləşdiribsə, digər tərəfdən İran və digər qüvvələr HƏMAS-a hərbi dəstəyi davam etdirirlərsə, deməli, bu müharibənin geniş vüsət almasını istəyən güc mərkəzləri var. Bu baxımdan Türkiyə, Rusiya və hər iki tərəflə müəyyən əlaqələri olan digər ölkələr bu müharibənin dayandırılması üçün real addımlar atmalıdır. Hesab edirəm ki, bu istiqamətdə artıq tədbirlər görülməyə başlanılıb.
Hətta Çin belə HƏMAS-ın nümayindələri ilə İsrailin dövlət rəsmiləri arasında görüşlərin keçirilməsində vasitəçilik etməyə hazır olduğunu bildirib. Digər güc mərkəzlərinin bu müharibədən faydalanmasına imkan vermək olmaz”.
Ekspert bir məqamı da vurğulayıb ki, HƏMAS-la İsrail arasında müharibə genişlənəcəyi halda bunun təsirlərinin təkcə Yaxın Şərqə deyil, həmçinin Cənubi Qafqaza da sıçraması ehtimalı var:
“Buna görə də bu münaqişənin sona çatması üçün beynəlxalq vasitəçilərin konkret və nəticəyönlü addımlar atması lazımdır”.
Politoloq İranın son hadisələrdə təsirini istisna etməyib. Onun sözlərinə görə, Tehran bu müharibədən öz məqsədləri üçün faydalanmağa çalışır:
“Müharibə başlayan gündən ilk açıqlamalarımda qeyd etmişdim ki, bu məsələnin arxasında dayan əsas güc mərkəzi İrandır. Çünki HƏMAS-ın İsrailə hücumları, onun arxasınca Hizbullahın prosesə qoşulmağa cəhd göstərməsi İranın bu müharibənin başlanılmasında rolunun olması ilə bağlı ehtimalları artırır. Çox yaxşı bilirik ki, həm HƏMAS, həm də “Hizbullah”a əsas hərbi və maliyyə dəstəyi verən ölkə məhz İran olub. İndiki məqamda İran bu müharibə vasitəsilə bir neçə məqsədini həyata keçirmək niyyətindədir.
Birincisi, İsrailin diqqətini daxildəki münaqişəyə yönəltməklə regionda Tehran əlehinə koalisiya qurulmasının qarşısını almaq, ikincisi, İsrail ilə Ərəb ölkələri arasında normal münasibətləri korlamaqdır. Artıq bu müharibə nəticəsində bəzi Ərəb ölkələri İsrail ilə münasibətləri dayandırmaq istəyir. Bütün bunlar İranın maraqlarına xidmət edir”.
R.Bayramov beynəlxalq və regional güclərin bütün münaqişələrdə öz maraqlarını güddüyünü də dilə gətirib.
“Əsas məsələ bundan ibarətdir ki, hər hansı bir bölgədə münaqişə başlayanda, bir sıra güc mərkəzləri bu prosesə maraq göstərir və ora fokslanmağa çalışırlar. Nəticədə bu münaqişə daha da böyüyür. Yaxın Şərqdəki son hadisələrdən təkcə İran, Rusiya və Çin yox, hətta ABŞ və Avropanın bəzi ölkələri faydalanmaq istəyir.
Elə bir zamana gəlib çatmışıq ki, iki ölkə arasında baş verən istənilən qarşıdurma daha böyük miqyasa çevrilir. Hər bir güc mərkəzi istənilən münaqişədə öz maraqlarını təmin etməyə çalışır. HƏMAS-İsrail qarşıdurmasına maraq göstərən tərəflər həddindən artıq çoxdur. Biz Azərbaycan-Ermənistan münaqişəsində bu kimi hallara çox yaxşı şahidi olmuşuq”.
Yunis Abdullayev
Cebhe.info