Afsəddin Nəbiyev: “Fransa qarşıdurmanın daha da dərinləşməsi üçün dövlətləri güc tətbiq olunmasına sövq edir”
Fransa prezidenti Emmanuel Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın İsrailə hücumundan sonra HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinə çağırıb. Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra çıxış edən Makron deyib ki, İŞİD-lə mübarizə aparan ölkələr HƏMAS-la da mübarizə aparmalıdır:
“İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”.
Ancaq Fransadan fərqli olaraq, Türkiyə və Azərbaycan 2 dövlət prinsipini irəli sürür. Yəni İsraillə yanaşı, Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. Həmçinin, bununla bağlı beynəlxalq konfrans çağırmağı təklif edir. Bununla yanaşı, prosesə qarant durmaq istəyir. Ancaq Türkiyə və Azərbaycandan fərqli olaraq, Fransa qarşıdurma, güc tətbiq edilməsinə önəm verir. Bir sözlə, Fransa çox dağıdıcı yol tutur, Azərbaycan və Türkiyə isə sülh yolu.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunlar Fransanın necə qaniçən dövlət olmasının göstəricisidir: “Göründüyü kimi, bu məsələdə Fransa İsrail-Fələstin qarşıdurmasının daha da dərinləşməsi üçün dövlətləri güc tətbiq olunmasına sövq edir. Demək olar ki, bu dövlətin mahiyyətində sülh, ədalət anlayışı tamamilə arxa plandadır. Ümumiyyətlə, əksər dünya dövlətləri bu qanlı münaqişənin dinc yollarla həllinə çağırışlar etsə də, Fransa bunun əksinə gedərək tərəf nümayiş etdirməklə münaqişəni alovlandırmağa cəhdlər etməkdədir. Bu münaqişənin dinc yollarla həll olunması üçün ən dürüst davranışı qardaş Türkiyə dövləti ilə Azərbaycan sərgiləyir. Bu münaqişənin ədalətli həll yolunun düsturu belədir. Hər iki dövlət bərabər hüquqlu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun fəaliyyətə əsaslanan nizamlanmaya getməlidir. Yəni dağıdıcı müharibə çıxış yolu deyil. Bizim dövlət burada tərəfkeşlik nümayiş etdirmir. Biz müharibədən böyük ziyanlar çəkmiş bir dövlətik. Hələ də bu müharibənin ağrısını yaşamaqdayıq. Ümimiyyətlə, heç bir dövlətin ərazisində qanlı toqquşmaların olmasını istəmirik. Bununla belə, haqq-ədalətin tərəfindəyik. İsraillə dostluq münasibətlərimiz olduğu halda belə, dinc insanların həlak olmasına səssiz qalmırıq. Bu günlərdə Qəzzada dağıntılardan ziyan çəkən insanlara dövlətimiz humanitar yardım göndərdi. Bu kimi addımlar Azərbaycan dövlətinin bəşəri dəyərlərə verdiyi qiymətdir. Baxmayaraq, 30 illik münaqişə dövründə biz belə yardımları görmədik. Fransa bu gün HƏMAS-a qarşı mübarizə çağırışı etməklə Cənubi Qafqaz siyasətində atdığı yanlış addımları Orta Şərqdə də davam etdirir. Elə bu günlərdə BMT rəsmiləri həyəcan dolu çağırışlar etdiyi halda, Fransa beşliyin daimi üzvü olduğu halda münaqişənin alovlanmasına şərait yaradır. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Qutteres də İsrailin Fələstinə qarşı zorakılığına münasibət bildirərək, “Orta Şərqdə uçurumun astanasındayıq” deyib. İsraili humanitar yardım dəhlizi açmağa çağıran Quttereş Qəzzaya yardım üçün qida, su, tibbi ləvazimatlar və yanacaq ehtiyatlarının hazır olduğunu, yardımların bir neçə saat ərzində bölgəyə göndərilə biləcəyini bildirib. Fransa bu təşəbbüsləri dəstəkləmək əvəzinə, Orta Şərqin qan gölünə çevrilməsinə çalışır. Fransanın qeyri humanist davranışları bu dövlətin əsl mahiyyətini ortaya qoymuş oldu”.
Vidadi ORDAHALLI