NIPA-30

17 noyabr – Milli birliyin əsasının qoyulduğu gün

“Bu gün Milli Dirçəliş Günüdür. Bu günü xalqımızın öz dəyərlərinə qayıtmasının başlanğıc günü hesab olunmalıdır”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. 

O, həmin günlə bağlı xatirələrini də bölüşüb: 

“Yadımdadır ki, 35 il bundan əvvəl 1988-ci ildə tələbə idim. Mən universitetə gələndə artıq məlum oldu ki, hər kəs meydana toplaşır. Biz də tələbə yoldaşlarımızla birlikdə meydana getdik və dekabrın 5-nə qədər meydanlarda qaldıq. Gecə-gündüz tonqal ətrafında Azərbaycanın tarixi, keçmişi və gələcək perspektivləri barədə fikir mübadilələri aparıldı.

Həmçinin, o zamanın ziyalıları da xalqın içərisinə enmişdilər. Dəyərli şairlərimiz Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə və digər ziyalılarımız xalqla birlikdə olduqlarını nümayiş etdirdilər”. 

Partiya sədri vurğulayıb ki, həmin gün Sovet dövründə sonuncu dəfəki milli dirçəlişimizin başlanğıcı qoyuldu:

“Bu gün hər birimiz tərəfindən qeyd olunmalıdır. Bir şeyə təəssüf edirəm ki, bu gün qeyri-iş günü deyil. Əslində 17 noyabr qeyri-iş günü olsa, daha məqsədəuyğun olardı. Amma bu, yaddaşlardan silinməyəcək gündür. Hər birimiz bu günün əhəmiyyətini, dəyərini növbəti illərdə daha çox hiss edəcəyik.

Xüsusilə də 44 günlük Vətən müharibəsində xalqımızın milli birliyi və lazım gələndə toparlana bilməsinin rüşeymləri bəlkə də həmin gün qoyulmuşdu. Biz birlikdə nəyə qadir olduğumuzu, hansı gücə sahib olduğumuzu, bütün maneələri aşa biləcəyimizi bir daha dəyərləndirə bildik”.