NIPA-30

Afsəddin Nəbiyev:“Ermənilər bu addımları ilə təkbətək, birbaşa görüşləri pozmaq üçün indidən zəmin hazırlayırlar”

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılmır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

Safaryan Mirzoyanla Bayramov arasında yaxın vaxtlarda görüşün olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Hələlik belə bir məlumat yoxdur”.

Xarici işlər nazirinin müavini Ermənistan və Azərbaycanın dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclasını Ermənistan tərəfindən konstruktivliyin təzahürü hesab edir.

Burada təəccüb doğuran məqam odur ki, erməni rəsmiləri utanmadan sərhəd görüşü ilə bağlı razılaşmanı “Ermənistanın konstruktivliyi” kimi təqdim edirlər. Ümumən, ikitərəfli görüşlərin hansı biri Ermənistanın təşəbbüsü ilə olub ki?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu, ermənilərə xas olan həyasızlığın göstəricisidir: “Hər zamankı erməni hiyləgərliyi ortadadır. Erməni diplomatı Safaryan bu açıqlaması ilə erməni hiyləgərliyini ortaya çıxarmış oldu. Belə desəm, daha düzgün ifadə etmiş olaram. Bu xalq Cənubi Qafqaza köçürüldüyü tarixdan bugünə qədər himayə altında yaşayıb. Çünki dövlətçilik ənənəsi olmayan xalqlar hər zaman belə vəziyyətdə olurlar. Hələ bu Safaryan bir az da irəli gedərək deyir  ki, “Azərbaycanla danışıqlarda vasitəçilərin iştirakının məcburi olduğu məsələlər var”. Əslində erməni diplomatı təkcə bu bir cümlə ilə Ermənistanın siyasi tablosunu “yaradıb”. O, əslində dolayı yolla ifadə edib ki, biz dövlət ola bilmirik, kimlərsə gəlib bu danışıqlarda bizə havadarlıq etməlidir. Guya ki, üçüncü tərəf bu görüşlərdə iştirak etsə zəmanətlər olacaq. Safaryanlar hələ də dərk etmirlər ki, erməni xalqını ortada çıxılmaz duruma gətirib çıxaran bu gün onların güvəndikləri üçüncü, dördüncü tərəflərdir. Ermənistan heç vaxt danışıqlarda konstruktiv mövqedən çıxış etməyib. Onlar ən yaxşı halda vaxt qazanmaq və toparlanmaq üçün geri addım atıblar. Tarixdə dəfələrlə belə hallar olub. Eyni zamanda Safaryan Ermənistandan qovulmuş azərbaycanlıların repatriasiyasını “qeyri konstruktiv yanaşma” adlandırıb. Ancaq bu hiyləgər açıqlamasından sonra Qarabağdan könüllü köç edən erməni sakinlərin məsələsini üçüncü tərəfin iştirakı ilə müzakirə etməyi vacib sayır. Safaryanın bu açıqlaması siyasi həyasızlığın son həddidir. Ermənilər bu addımları ilə təkbətək, birbaşa görüşləri pozmaq üçün indidən zəmin hazırlayırlar. Ancaq onların bu təxribatları baş tutmayacaq. Ona görə ki, Azərbaycan dövləti  davamlı olaraq erməni hiylələrini çox görüb. Güclü Azərbaycan dövləti ermənilərin bu təxribatlarını da onların gözündə qoyacaq. Ən azından ona görə ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com