NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Böyük güclərin ikili, üçlü standartlarının çox şahidi olmuşuq” 

NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında iki gün ərzində Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib. 

Çox qəribədir ki, o cür mühüm tədbirdə Qəzzada baş verənlərdən ümumiyyətlə bəhs olunmadı. Hansısa formada formal da olsa buna toxunulmadı. Maraqlıdır, bu müzakirə olunan məsələlərin içərisində nədən Qəzza məsələsi yoxdur? Bu boyda tədbirdə Ukraynanı, Qərbi Balkanlardakı vəziyyəti müzakirə edirlər. Ancaq bir belə məsələnin içində Qəzzada yaşananlara bir kəlmə belə fikir bildirilmədi. Nədir bu yanaşma?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu bir sıra amillərlə əlaqələndirdi: “NATO rəsmisinin ciddi bir toplantıda Qəzzada baş verən insanlığa qarşı törədilmiş ağır cinayətlərin üzərindən sükutla keçməsi əslində bu dövlətlərin əsl mahiyyətini ortaya çıxardı. Ortada minlərlə dinc uşaqların, dinc sakinlərin  öldürülməsi faktları bütün dünyanın gözü qarşısında baş verdiyi halda, belə bir hərbi gücə malik olan qurumun rəhbərliyi hər birinizi dərindən kədərləndirən ağır mövzunu müzakirə etmədi. Dəyər şkalası kəmiyyət tanımır. Sayından, çoxluğundan, azlığından asılı olmayaraq dinc insanların günahsız həlak olması  yolverilməzdir. Azərbaycan xalqı olaraq son 30 ildə biz belə ədalətsiz yanaşmanın çox şahidi olmuşuq. Böyük güclərin ikili, üçlü standartlarının çox şahidi olmuşuq. Xocalı soyqırımını sükutla seyr edən dövlətlər ermənilərin özlərinin Sumqayıtda törətdikləri cinayəti tirajlayıb xalqımızın əleyhinə istifadə etdilər. Bu gün də böyük güclərin sözügedən davranışları prinsipcə dəyişməz olaraq qalır. Dünyanın harasında olur-olsun, harada dinc bir insan öldürülürsə, bizim xalq olaraq, dövlət olaraq mövqeyiniz birmənalıdır. Biz bir insanın belə acı sonluqla həlak olmasına qarşıyıq. Tutduğunuz mövqe bundan ibarətdir. Bir günlük antiterror tədbirləri zamanı Azərbaycan dövləti bütün dünyaya dinc insanları necə qorumağın bariz nümunəsini ortaya qoydu. Ancaq təəssüflər olsun, bu hər yerdə belə deyil. Bu gün dünyada  insanların təhlükəsiz yaşaması bəzi dövlətlər tərəfindən  sıralamada bəlkə də axırıncı slralardadır. Belə bir mötəbər tədbirdə Qəzzada yaşanan insanlığa qarşı baş verən ağır cinayətlər mütləq mənada müzakirə olunmalı idi. NATO dövlətləri içərisində yeganə olaraq Türkiyə dövləti belə məsələləri diqqətdə saxlayır. Təkbaşına insanlığa qarşı edilən hərbi cinayətlərə səssiz qalmır. Zaman-zaman insanlığa qarşı törədilən soyqırımlara öz etirazını bildirib”.

Vidadi ORDAHALLI

baki-xeber.com