Sülhə doğru ümidverici addım – Sensasiyalı müsahibə
Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq.
Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir.
Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir.
Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.
Həmin müsahibəni təqdim edirik:
– Rəşad müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata son açıqlamasında deyib ki, Qarabağ münaqişəsi səbəbindən Ermənistanda normal dövlət qurulmayıb və ölkənin bütün resursları Qarabağdakı qondorma quruma yönəlib. Paşinyan, həmçinin eyham vurub ki, Rusiya Qarabağ problemini yaratmaqla Ermənistanı inkişafdan xeyli geri salıb.
– Ümumiyyətlə, Qarabağ münaqişəsi Ermənistana və onun xalqına nə dərəcədə ağır zərbə vurub, nə kimi fəlakətə düçar edib?
– Nikol Paşinyanın etirafları tamamilə anlaşılandır. Paşinyan otuz il ərzində Ermənistanda normal dövlət qurulmayıb deyəndə, o, Ermənistanın müstəqil ölkə olmadığını nəzərdə tutub. Həqiqətən, son otuz il ərzində Ermənistan faktiki olaraq regionda Rusiyanın marioneti kimi fəaliyyət göstərib. Ölkənin inkişafı üçün lazım olan siyasi, iqtisadi və hərbi imkanlar Qarabağdakı separatçı rejimin təbliğinə, maliyyələşməsinə və formalaşmasına sərf olunub. İkincisi isə, Ermənistan otuz il ərzində bütün regional layihələrdən təcrid olunub.
Regional layihələrdə iştirak edən Gürcüstanı Ermənistanla müqayisə etsək, görürək ki, hər hansı təbii ehtiyatlara malik olmayan Gürcüstan tranzit layihələrdə iştirak etməklə kifayət qədər iqtisadi sahədə uğurlar əldə edib. Həmin regional layihələrdən irəli gələn uğurlar Gürcüstanın inkişafına yol açıb.
Otuz il ərzində Ermənistanın regional layihələrdən kənar qalması ölkənin böyük iqtisadi itkilərlə üzləşməsinə və iqtisadi müstəqilliyinin itməsinə gətirib çıxarıb. Bilirik ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır, hətta ölkənin nəqliyyat və enerji infrastrukturları Rusiyanın tabeliyinə verilib. Bu mənada Paşinyanın ifadələri tam olaraq həqiqəti əks etdirir. Məhz Qarabağ münaqişəsi səbəbindən Ermənistan inkişaf edə bilməyib. Paşinyanın bu etirafları ictimai rəyə hesablanıb. Yəni, Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl Paşinyan erməni ictimaiyyətini sülhə və barışığa hazırlamağa çalışır.
– Erməni xalqı yoxsul, səfil və acınacaqlı vəziyyətə düşdüyünü bilə-bilə qonşuları – Azərbaycan və Türkiyəyə düşmənçilik etməkdən əl çəkmək istəmir. Onlar hesab edirlər ki, əgər sülh bərqərar olunarsa, münasibətlər normallaşarsa, Ermənistan məhv olacaq və onların ölkəsi türklərin əlinə keçəcək. Erməni xalqı bu fobiya ilə özlərini hara apardıqlarını başa düşmürlər. Sizcə, bu, nədən irəli gəlir?
– Erməni toplumunda azyaşlı uşaqlar ailə, bağça və məktəblərdə türkə qarşı nifrətlə böyüdülür. Onlar çox yaxşı bilirlər ki, qonşu ölkələrə kin, nifrət və ədavət bəsləməklə ölkələrini siyasi və iqtisadi cəhətdən inkişaf etməsinə əngəl yaradırlar.
Toplum xəstəliyi deyilən bir anlam var. Yəni, kütlə körpəlikdən və uşaqlıqdan nifrət hisləri ilə tərbiyə olunduğundan onların 5 və ya 10 il ərzində bundan xilas olması mümkün deyil. Yüz il ərzində erməni cəmiyyətində türklərə qarşı düşmənçilik siyasəti təbliğ olunur.
Bəli, Ermənistan ictimaiyyətində siyasətçilər, hətta adi adamlar arasında düşmənçiliyə qarşı çıxan insanlar olub. Lakin bu insanlar kütlə tərəfindən təhdid olunduğuna görə, ya bir müddət bu istiqamətdə fəaliyyətini dayandırıblar, ya da ölkəni tərk etməyə məcbur olublar. Bir cəmiyyətdə ki, normal və sağlam fikirlər təbliğ olunmur, o cəmiyyətin düzgün yola gəlməsi çox çətin olur. Bu, erməni xalqının, eləcə də dünya ermənilərinin bir bədbəxtliyidir.
Digər tərəfdən isə ermənilər daima ayrı-ayrı güc mərkəzlərinin təsiri altında olduqlarına görə, faktiki olaraq özlərinin konkret mövqeyinə və maraqlarına xidmət eləyən fəaliyyətləri olmayıb. Məsələn, son otuz il ərzində Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı danışıqları Ermənistanla deyil, məhz ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ ilə aparıb.
Bu ölkələrin hər birinin öz maraqları vardı. Həmin ölkələr münaqişənin davam etməsində maraqlı idilər və bu məsələdə Ermənistandan siyasi alət kimi istifadə edirdilər.
– Rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarının davam etdiyi təqdirdə sülh sazişində ermənilərin Azərbaycana və 1988-ci ildən Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların Ermənistana qayıtması, habelə hər iki etnik xalqın yaşayacaqları ölkələrdə hüquqlarının təmin olunması ilə bağlı məsələlər əks oluna bilər?
– Əslində bu məsələdə bərabər imkanların yaradılması ilə bağlı problem yoxdur. Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, o, ölkəni tərk etmiş ermənilərin geri qayıtmasını və onların təhlükəsizliyini təmin etməyə hazırdır. Təbii ki, bu hüquq Azərbaycan əleyhinə fəaliyyət göstərmiş, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş və işğal dövründə ərazilərimizdə məskunlaşmış ermənilərə şamil olunmayacaq. Amma bu məsələ sülh sazişində hansı dərəcədə əks olunacaq bunu indidən demək çətindir.
Burada bir məsələni də qeyd edim. Ermənistanın dövlət rəsmiləri son açıqlamalarında deyirlər ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə bərabər vaxtilə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdıb işləməsi mümkündür. Onların sözündən belə çıxır ki, azərbaycanlılar Ermənistana yaşamaq yox, işləmək adı ilə qayıda bilərlər.
Bu da təbii ki, tərəfizmidən qəbuledilməzdir. Rəsmi Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsində Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə paralel Azərbaycanlı sakinlərin də Ermənistana qayıtmaq məsələsi də öz əksini tapmalıdır.
Amma Paşinyanın dünənki açıqlamasında belə bir fikir səsləndirib ki, sülh sazişinin mətninə Qarabağ ermənilərinin qayıtmaq hüquqları ilə bağlı məsələ daxil olunmayacaq. Bu o deməkdir ki, sülh sazişində bu məsələ ilə bağlı müddəa qeyd olunmayacaq. Çox böyük ehtimalla, sülh sazişinin mətnində qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası kimi məsələlərə əsas yer veriləcək.
– Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan Respublikasının Baş nazir Aparatı birgə bəyanat yaydılar. Bu bəyanatda qeyd olunan məsələlər, yəni qarşılıqlı razılaşmalar sülhə doğru aparan mühüm addımlar hesab olunur. Əgər Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasından vasitəçili və ya ikitərəflı qaydada danışıqların aparıldığı təqdirdə iki ölkə arasında sülh sazişinin imzalanması mümkün olacaq?
İki ölkə arasında sülh sazişinin imzalanması əslində mümkündür. Buna bu ilin sonunda və ya gəlin ilin əvvəlində şahidi ola bilərik. Hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə qədər bu məsələ öz həllini tapacaq.
Çünki Ermənistan hakimiyyətinin özü bu məsələdə tələsir. Əlbəttə, bir müddət əvvəl müəyyən beynəlxalq güclər Ermənistana bu məsələdə tələskənliyə yol verməməyə vadar edirlər. Əsas məqsəd də maksimum şəkildə bu məsələdən istifadə edərək özlərinin regionda mövqeyini möhkəmləndirməyə çalışırdılar. Azərbaycanın dirənişi və geri addım atmaması nəticəsində müəyyən güc mərkəzləri öz planlarını dəyişdirməyə məcbur oldular və hər iki ölkə arasında sülh sazişinin imzalanmasını tezləşdirməklə Rusiyanın regionda təsir imkanlarını məhdudlardırmaq niyyəti güdürlər.
Sülh sazişinin imzalanmasına nail olduqdan sonra ABŞ və digər Qərb ölkələri Ermənistan-Türkiyə sərhədlərinin açılması və münasibətlərin normallaşması, o cümlədən Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təşkilatlar – Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından uzaqlaşıb Qərbə inteqrasiya olunması ilə bağlı məsələləri gündəmə gətirəcəklər. Bu baxımdan tezliklə rəsmi Bakı və İrəvanın sülh sazişinə imza atmasına şahidi olacağıq.
– Sülh sazişi çərçivə sazişi olacaq, yoxsa yekun müqavilə?
– Hesab edirəm ki, bu, yekun sülh müqaviləsi olacaq. Ona görə ki, ortada ciddi problem qalmayıb. Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş təklifi Ermənistan tərəfindən qəbul edilib, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar öz fəaliyyətini intensivləşdirib. Ən əsası da ölkəmizin Qarabağ üzərində yurisdiksiyası bərqərar olunub. Buna görə də sülh sazişinin yekun müqavilə olması ehtimalı kifayət qədər yüksəkdir.
Yunis Abdullayev
“Cebhe.info”