NIPA-30

Afsəddin Nəbiyev: “Fransa kimi dövlətlər Ermənistana daxil olanda, silah-sursat gətirəndə nədən İran səssiz qalmışdı?”

İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında bildirib ki, məsələlər region ölkələri tərəfindən həll edilməlidir: 

“İran bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, Qafqaz regionu ilə kommunikasiya kanallarının və infrastrukturlarının açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir, bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti müəyyənləşib və qayğı göstərmək lazımdır ki, Qafqaz regionu regiondankənar ölkələr üçün rəqabət meydanına çevrilməsin və məsələlər kənar tərəflərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həll edilsin”.

Diplomatik mənbələrə yaxın çevrələrdə belə bir rəy var: həmin telefon danışığında Rəisi Paşinyanı inandırmağa çalışıb ki, o, mütləq MDB dövlət başçıları zirvəsinə, Avrasiya İqtisadi İttifaqının toplantısına getməlidir. Yəni Paşinyanı inandırmağa çalışıb ki, Aİİ ilə İranın arasında Azad İqtisadi Ticarət Zonasının yaradılması haqqında saziş imzalanacaq. O üzdən, Ermənistan bu prosesdə fəal olmalıdır. Paşinyanın bununla bağlı ona konkret bir şey deyib-demədiyi bəlli deyil. Ancaq Rəisi onu buna inandırmağa çalışıb ki, MDB, Aİİ tədbirinə getsin və Rusiya ilə münasibətləri yaxşı saxlasın, bölgəyə kənar dövlətləri gətirməsin.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, İranın bu istəyi bir sıra məsələlərdən qaynaqlanır: “Görünən odur ki, İran prezidenti geosiyasi anlamda müəyyən reallıqları qəbul edərək, bölgədə öz varlığını nümayiş etdirməyə çalışır. İranın Azərbaycana qarşı sərt ritorikası o zaman dəyişməyə başladı ki, Azərbaycan dövləti sözün həqiqi mənasında Tehrana öz yerini  göstərə bildi. İran həqiqəti dərk etməyə məcbur olaraq başa düşdü ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Yoxsa biz İranın torpaqlarımızın işğal və işğaldan azad olunduqdan sonrakı  dövrlərində qərəzli ermənipərəst mövqeyini unutmamışıq. İbrahim Rəisinin Paşinyana bu tövsiyəsi onu göstərir ki, hələ də bölgədə Ermənistanın düşdüyü bu kollapsdan öz siyasi maraqları naminə yararlanmaq istəyən çoxlu sayda dövlətlər çirkin əməllərindən geri çəkilmək niyyətində deyillər. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanmasında bizim mövqeyimiz ondan ibarətdir ki, bu prosesə üçüncü və digər tərəflər müdaxilə etməsinlər. Ermənistanda qeyd etdiyim tezislər son günlər daha çox səslənir. Erməni siyasətçiləri indi dərk etməyə başlayıblar ki, sülh prosesinə Ermənistana yardım adı ilə yaxınlaşan dövlətlər çoxaldıqca erməni cəmiyyəti daha dərin uçuruma yuvarlanır. Bu baxımdan sülh danışıqlarında indiki mərhələdə üçüncü tərəf olmadan sülhə yaxınlaşmanı müsbət addım kimi dəyərləndirmək olar. Ermənistan siyasətçiləri qısa bir müddət ərzində Azərbaycanla üçüncü tərəf olmadan sülh müqaviləsinə nail olsa, o zaman müəyyən qədər asılı qaldıqları dövlətlərin caynağından xilas ola bilərlər. Buna daha çox onlar tələsməli, doğru qərarlar verməlidir. İran belə bir həlledici mərhələdə sülh prosesinə “tövsiyələr” verməklə özünə hər iki tərəfdə sülhpərvər “imici” yaratmağa çalışır. Elə təqdim etməyə çalışır ki, guya bölgəyə başqa güclər daxil olmasın. Bəs Fransa kimi dövlətlər Ermənistana daxil olanda, silah-sursat gətirəndə nədən səssiz qalmışdı? Bu suallar açıq qalmaqdadır. Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Elə sülh müqaviləsi məhz üçüncü tərəf olmadan imzalansa bu prosesdən minimum itkilərlə çıxa bilər. Yetər ki, onlar bunu tez anlayıb sülhə imza atsınlar”.

Vidadi ORDAHALLI

baki-xeber.com