Arzuxan Əlizadə: “Biz sadəcə öz namizədimizlə iştirak etmirik”
Azərbaycan Milli İstiqlal Partiyasının Ali Məclisinin 23 dekabr tarixli iclasında da partiyanın növbədənkənar prezident seçkisi ilə bağlı qərarı qüvvədə saxlanılıb. Bundan öncəki iclasda seçkidə namizədlə iştirak etməmək barədə qərar qəbul edilmişdi.
AMİP sədri Arzuxan Əlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də, referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq resursların növbəti ildə məhz bu istiqamətlərdə istifadə edilməsini məqsədəuyğun sayıb. Həmçinin seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul edilib:
“Növbədənkənar prezident seçkisi ilə bağlı yekun qərarımızı genişləndirilmiş iclasda aldıq. Təşkilat rəhbərlərini də dəvət etdiyimiz iclasda seçki prosesi ilə bağlı məqamların ətraflı müzakirəsini apardıq. AMİP-də seçkiyə öz namizədimizlə girməyin tərəfdarları da var idi və onlar sonadək öz mövqelərində dayandılar. Yekunda çoxluğun qərarı bundan ibarət oldu ki, növbəti ildə parlament və bələdiyyə seçkilərini, o cümlədən referendum ehtimalını göz önünə alaraq növbədənkənar prezident seçkisinə namizədlə qatılmayaq. Çünki namizəd irəli sürmək partiyanın bütün imkan və resurslarının prezident seçkisinə cəlb olunması və sərf edilməsi deməkdir. Öz resurslarımızı parlament və bələdiyyə seçkilərinə saxlamağı daha məqsədəuyğun gördük. Ali Məclisin iclasında da qərarımızı bir daha təsdiqlədik”.
A.Əlizadə alınmış qərarın prezident seçkisinə ümumiyyətlə qatılmamaq olmadığını söyləyib:
“Biz sadəcə öz namizədimizlə iştirak etmirik. Amma AMİP seçki prosesində olacaq. “Siyasi partiyalar haqqında” qanunun tələblərindən biri ondan ibarətdir ki, seçkilərdə iştirak mütləqdir. Bu, partiyalar üzərinə öhdəlik kimi qoyulur. Ona görə də qərara aldıq ki, seçki prosesini ölkə üzrə, dairələr və məntəqələr üzrə müşahidə edəcəyik. Rayon təşkilatlarına da bu barədə tapşırıqlar verilib. Artıq sənədlərin toplanması prosesi başlayıb və yaxın günlərdə müvafiq quruma təqdim olunacaq”.
Partiya sədri əlavə edib ki, seçkiyə blokla qatılmaq və birgə əməkdaşlıq barədə digər partiyalardan təklif almayıb:
“Heç bir partiyadan təklif, müraciət olmayıb. Təəssüflər olsun ki, son dönəmlərdə partiyalar arasında münasibətlərdə qarşılıqlı və birgə əməkdaşlıq, blok şəklində fəaliyyət ənənəsi artıq yoxdur”.