NIPA-30

Afsəddin Nəbiyev: “Sülh müqaviləsi tərəflər arasında o halda imzalana bilər ki, əsas mübahisəli məsələlərin 80-90 faizi razılaşdırılmış olsun” 

Ermənistan parlament sədri Alen Simonyan bu günlərdə bəyan etdi ki, sülh sazişi delimitasiyadan əvvəl olmalıdır. Yəni Ermənistan Azərbaycanla sülh müqaviləsini iki dövlət arasında sərhədin delimitasiyasından əvvəl də imzalaya bilər. 

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, sülh müqaviləsində delimitasiyanın mexanizmi öz əksini tapmalıdır: “Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır. Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır”.

Ümumilikdə, Ermənistan tərəfinin bu gün ortaya qoyduğu yanaşma Azərbaycanın mövqeyinin qəbul olunması deməkdir. Çünki bunu birinci dəfə Azərbaycan bəyan edib. İlk dəfə Prezidentin köməkçisi Hikmət Hacıyev Londonda bəyan etdi ki, biz bunu ayrılıqda nəzərdən keçirə bilərik. Xarici işlər naziri Ceyhun Bayramov da analoji mövqe sərgilədi. Çünki delimitasiya prosesi vaxt çox aparır. Erməni tərəfi də bunu qəbul edib. Ancaq delimitasiya mexanizmi məsələsi erməni tərəfinin əlavəsidir. Görünən odur ki, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması danışıqlarının ayrılıqda aparılması ilə bağlı Azərbaycanın mövqeyi Ermənistan tərəfindən qəbul olundu. 

Maraqlıdır, Ermənistanın sülh sazişində delimitasiyanın mexanizmi ilə bağlı əlavəsi sülh sazişi danışıqlarına maneçilik törədəcək, yoxsa törətməyəcək? Prosesi uzada bilərmi?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Ermənistan parlament sədri Allen Simonyanın  sülh sazişinin delimitasiyadan əvvəl olmalıdır açıqlaması erməni siyasətçilərinin sülh təşəbbüsünü birinci olaraq dəstəkləməsi anlamına gəlmir. Çünki bir ay bundan əvvəl erməni diplomatları açıqlama verirdilər ki, biz ilin sonuna qədər sülh müqaviləsini imzalamağa çox yaxınıq. Ancaq nədənsə, erməni tərəfi sülh müqaviləsinin imzalamaq üçün açıqlamalar verərkən nə Zəngəzur dəhlizinin açılmasından, nə də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qaytarılması ilə bağlı bir kəlmə də olsun danışmırlar. Ancaq bütün açıqlamalarında Qarabağ ermənilərini bir predmet kimi irəli sürərkən, Qərbi azərbaycanlılar məsələsi də yaddan çıxmamalıdır. Delimitasiya və demarkasiya məsələlərinin sonrakı mərhələyə saxlanılması müəyyən gərginliklər də yarada bilər. Ona görə də sülh müqaviləsi tərəflər arasında o halda imzalana bilər ki, əsas mübahisəli məsələlərin 80-90 faizi razılaşdırılmış olsun. Erməni tərəfi bölgədə sülh və sabitliyə davamlı nail olmaq istəyindədirsə, yuxarıda sadaladığım məsələ öz həllini tapmalıdır. Yoxsa bu addımlar özünü birinci olaraq “sülh təşəbbüskarı” kimi göstərməklə Azərbaycanı mənfi obrazda beynəlxalq aləmə göstərmək niyyətindən başqa bir şey deyil. Onlar yaxşı bilirlər ki, belə oyunlar artıq keçərli deyil. Real olaraq Ermənistan tərəfi Azərbaycanın haqlı tələblərini qəbul edib sülh sazişinə imza atmalıdır. Əks halda onlar üçün pisləşən vəziyyət davam edəcək”.

Vidadi ORDAHALLI

baki-xeber.com