NIPA-30

Ermənistanın müharibə aparmaq gücü yoxdur – Rəşad Bayramov  

Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır.

Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib.

– Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu?

–     Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir. Paşinyan nə qədər “Ermənistan hökumətinin sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”, – desə də görünən budur ki, bu, siyasi manipulyasiyadan başqa bir şey deyildir. Bu cür bəyanatlar, sadəcə, beynəlxalq ictimaiyyətdə Ermənistanın “sülhsevər” obrazını yaratmağa hesablanıb.

Təxribatdan dərhal sonra erməni tərəfinin hərəkətləri onu təsdiq edir ki, bu təxribat planlı şəkildə həyata keçirilib. Əsgərimizin yaralanmasından sonra hər vəchlə məsuliyyəti öz üzərindən atmağa çalışan  rəsmi İrəvan Azərbaycan tərəfinin təqdim etdiyi videogörüntülərdən sonra təxribatla bağlı araşdırmalar aparılacağını, hətta insidenti törədənlərin cəzalandırılacağını açıqladı. Bunlardan sonra isə axşam saatlarında Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması bir daha sübut edir ki, Ermənistan bilərəkdən vəziyyətin gərginləşməsində maraqlı olub.

Əslində, Ermənistanın belə bir təxribata əl atacağı gözlənilən idi. Onun sürətli şəkildə silahlanması, Hindistan və Fransa ilə dəyəri yüzmilyonlarla ölçülən silah müqavilələri, hərbi xərclər üçün 2 milyard dollar həcmində vəsaitin ayrılması, eləcə də Avropa İttifaqının müşahidə missiyasının genişləndirilməsi istiqamətində səylər, habelə Fransa milli jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam de Meyerin Ermənistana gedərək binoklla Azərbaycana tərəf baxması təsadüfi deyildi. Üstəlik, son zamanlar xarici KİV-lərdə, o cümlədən İrəvanın öz mətbuatında Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmasının mümkünlüyü ilə bağlı iddialara rast gəlinirdi.

Bütün bu sadalananları ümumiləşdirərək deyə bilərəm ki, Ermənistanın son təxribatları faktiki olaraq aparılan danışıqları və sülh prosesini əngəlləməyə yönəlib.

– Baş vermiş hadisə sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına necə təsir göstərəcək?

–     Baş verənlərin sülh prosesinə mənfi təsir göstərəcəyi şübhə doğurmur. Ermənistan onsuz da öz addımları ilə sülhdən yayınmaq yolunu seçmişdi. Antiterror əməliyyatına qədər davamlı olaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə manipulyasiya edərək, vaxt udmağa çalışan İrəvan antiterror tədbirlərindən və xunta rejiminin özünü buraxmasından sonra da Azərbaycanın sülh təkliflərindən müxtəlif bəhanələrlə yayınmağa cəhdlər edirdi. Sərhəddən qoşunların geri çəkilməsi ilə bağlı təkliflər, xəritə oyunu, təkliflərimizə cavabların aylarla yubadılması Ermənistanın hər vəchlə sülh prosesindən yayınmağa çalışdığını göstərirdi.

Şübhəsiz, sülh həm Azərbaycan, həm də Ermənistan üçün olduqca vacibdir. İki ölkə arasında əldə olunacaq sülhün, ümumilikdə, regionun inkişafına təkan verəcəyi şübhəsizdir. Sülh olmayacağı halda, bundan daha çox itirən məhz Ermənistan olacaq. Sülhün olmaması Ermənistanı bütün regional layihələrdən kənarda saxlamaqla yanaşı, həm də Rusiyanın təsir altında qalmasına şərait yaradır. Bu baxımdan iqtisadiyyatı və təhlükəsizliyi böyük ölçüdə Rusiyadan asılı olan bir ölkə üçün sülh olduqca vacibdir. İndiki şəraitdə isə Ermənistanın mövcud  dörd quru sərhədindən ikisi – Azərbaycan və Türkiyə sərhədləri bağlıdır, İranla münasibətlərlə bağlı Qərb tərəfindən Ermənistana təzyiqlər var, Gürcüstan yolu isə payız-qış aylarında əlverişsiz hava şəraitinə görə, demək olar ki, ilin yalnız 6-7 ayını işlək vəziyyətdə olur. Başqa sözlə desək, Azərbaycanla sülhün olmaması bu ölkəni dalana dirəyir, çıxılmaz vəziyyətdə qalmağa məcbur edir.

İki ölkə arasında gərginlikdən isə qazanan, heç şübhəsiz, ABŞ və Avropa İttifaqının ayrı-ayrı ölkələridir. Regionda maraqlı olan müxtəlif dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmamasını fürsət olaraq görürlər. Onlar düşünürlər ki, istənilən vaxt bu münasibətləri yenidən kəskin fazaya keçirərək, “Ermənistanın təhlükəsizliyi” adı ilə regiona öz qüvvələrini yerləşdirə bilərlər. Təbii ki, onları belə olacağı halda, Ermənistanın taleyi ümumiyyətlə maraqlandırmır. Əsas olan ABŞ, Fransa kimi ölkələrin öz maraqlarıdır.

– Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına  müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Ermənistan bu sabitliyi növbəti dəfə pozmaqla kimlərin sifarişini yerinə yetirir?

– Ermənistan nə qədər silahlansa da, ordusunun modernləşdirilməsi istiqamətində müəyyən addımlar atsa da, onların təkbaşına Azərbaycana qarşı dayanması imkansızdır. Bir ölkənin ki ordusunda 44 gün ərzində 10 mindən artıq fərari olub, bir ölkənin ki Qarabağda olan 10 mindən artıq hərbi birləşməsi cəmi bir sutka ərzində silahı yerə qoyub tərk-silah olmaq məcburiyyətində qalıb, bu ölkənin Azərbaycana qarşı dayanması mümkün deyil. Odur ki, Ermənistan bu məsələdə daha çox dəstəkçilərinə güvənir. Məhz həmin dəstəkçilərin regionda iştirakına nail olmaq üçün bu cür təxribatlara əl atır.

Bu mənada Ermənistana sifariş verənlərin də məqsədi ortadadır. Ermənistan təxribatlara başlayır, Azərbaycan buna müvafiq cavab verir, rəsmi İrəvan isə Rusiyanın və KTMT-nin onun təhlükəsizliyini təmin edə bilməməsi bəhanəsi ilə ölkəyə ABŞ, Fransa və ya Avropa İttifaqının timsalında yeni hərbi birləşmələr dəvət edir.

– Son hadisədən əvvəl Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan XİN-ə çağırılmış, monitorinq missiyasının qərəzli fəaliyyəti ilə bağlı narahatlıq ifadə edilmişdi. Ermənistan isə Avropa missiyasının bölgədə monitorinq aparmasından çəkinməyərək  cinayətlər törədirsə, burada hansı reallıq ortaya çıxır?

–     Azərbaycan tərəfi haqlı olaraq Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonu Xarici İşlər Nazirliyinə çağıraraq, ona Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətindən ciddi narahatlığını ifadə edib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd fəaliyyət göstərdiyi, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu gün kimi ortadadır.

Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi danılmaz faktdır. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanafobiyanın genişləndirilməsi üçün istifadə olunduğu da ortadadır. 

Məhz elə bu cür fəaliyyətin nəticəsidir ki, Ermənistan Aİ missiyasının bölgədə monitorinq aparmasından çəkinməyərək, belə bir cinayətlər törətməyə cürət edir. Çəkinəcək bir şey yoxdur. Sifarişi verənlər elə missiyanı həyata keçirən Fransa, Almaniya və digər ölkələrdir.

–     Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransanın lisenziyası ilə istehsal olunmuş silahlar alması, Avropa məmurlarının  Ermənistana, Fransa generalının Ermənistana gəlişi  və sonra isə Azərbaycanla sərhəddə peyda olması, ABŞ mütəxəssislərinin   Ermənistanda çalışması, Çex casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanması kimi şərh edilirdi…

–     Bir tərəfdən sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyən Ermənistanın silahlanmağa fokuslanması bunu deməyə əsas verir ki, onların niyyəti elə əvvəlcədən regionda gərginlik yaratmağa hesablanıb.

Məlumdur ki, 2023-cü il ərzində Ermənistan Hindistan və Fransadan silah alınmasına dair müqavilələr imzalamaqla yanaşı, 2024-cü il üçün hərbi xərclərə dövlət büdcəsindən 1,4 milyard dollar ayırıb. Bundan başqa, təsdiqlənmiş hərbi xərclərə əlavə olaraq, müdafiə ehtiyacları üçün əlavə 500 milyon dollar ehtiyat vəsait ayırmağı nəzərdə tutur. Bununla da Paşinyan hökuməti sosial rifahı təmin etmək əvəzinə, hərbi xərcləri faktiki olaraq 2 milyard dollar həcminə çatdırıb.

Ermənistanı silahlandıran, onu revanşizmə sürükləyən qüvvələr hər vəchlə bu ölkəni yeni hərbi əməliyyatlara təhrik edirlər. Onu silahlandıran, sülh sazişinin imzalanmasına qarşı çıxan dövlətlər sırasında ilk yerdə, təbii ki, Fransa dayanır. Təsadüfi deyil ki, bu yaxınlarda Parisi təmsil edən fransız general bu ölkəyə səfər edib, ölkənin hərbi komandanlığı ilə görüş keçirib, hətta sərhəd xəttinə belə gələrək mövqelərimizi müşahidə edib. Buraya ABŞ-ın da davamlı dəstəyini, müşahidə missiyasının faktiki olaraq kəşfiyyat funksiyasını yerinə yetirdiyini əlavə etdikdə mənzərə tam aydın olur. Məqsəd regionda vəziyyətin yenidən gərginləşdirilməsi, bu fonda Ermənistanın təhlükəsizliyi bəhanəsi ilə əlavə qüvvələrin regiona cəlb olunması, nəticədə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırlmasından ibarətdir.

–     Ermənistan özü müharibə  istəyirmi?

– Ermənistanın müharibə aparmaq gücü yoxdur. Onlar istəsələr belə, Azərbaycanla müharibə aparmaq iqtidarında deyillər. Ermənistan, sadəcə, sifarişi yerinə yetirməklə vəziyyətin gərginləşməsinə çalışır. ABŞ və Fransa isə bunda birbaşa maraqlıdırlar. Yenə təkrar edirəm: məqsəd heç də Ermənistanın təhlükəsizliyi deyil, ayrı-ayrı Qərb dairələrinin Cənubi Qafqaz maraqlarının təmin olunmasıdr.

Nə qədər ki, Rusiya regiondadır, onun Ermənistanda hərbi bazaları mövcuddur, bu maraqları təmin etmək mümkünsüzdür. Odur ki, adıçəkilən güclər Ermənistandan alət kimi istifadə edərək, onu Rusiyaya qarşı həvəsləndirirlər. Paşinyan isə hakimiyyətə gəldikdə ABŞ və Avropa qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq verilən tapşırıqları icra edir. 

– Qərb, Avropa Azərbaycandan nəyin acığını çıxır?  

– Sülh olmayan yerdə tərəflərə təzyiq göstərmək asan olur. Gərgin vəziyyət yeni hərbi əməliyyatlar ehtimalını da artırır.

Qərb yaxşı bilir ki, yeni müharibə baş verəcəyi halda, Rusiya Azərbaycana qarşı döyüşməyəcək. Belə olan halda, Ermənistan həm KTMT-dən çıxa, həm də Rusiya ilə təhlükəsizliklə bağlı imzaladığı sazişi ləğv edə bilər. Bu isə öz növbəsində, Ermənistandakı Rusiya hərbi bazalarının çıxarılması tələblərinə yol açacaq. O zaman Ermənistan öz təhlükəsizliyini təmin etmək adı ilə rəsmi şəkildə kənar xarici qüvvələrin hərbi kontingentini öz ərazisində yerləşdirmək üçün addımlar atacaq.

ABŞ və Avropa İttifaqının hərbi kontingentinin Ermənistanda yerləşməsi isə təkcə Rusiyanın regiondan sıxışdırılıb-çıxarılmasını deyil, həm də İranı təzyiq altında saxlamağa imkan verəcək.

Sözsüz ki, Qərb üçün bu, həm də heç kimə boyun əyməyən, müstəqil xarici siyasət həyata keçirən Azərbaycana da təzyiq göstərmək imkanıdır. Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini heç cür qəbul edə bilmədiyindən bütün imkanları ilə rəsmi Bakıya təzyiq göstərmək yolunu seçib.

Qərb bir şeyi unudur ki, Azərbaycan, artıq 30 il əvvəlki ölkə deyil. Torpaqları işğal altında olmayan, suverenliyini bərpa etmiş, ərazilərində separatçı rejimin olmadığı güclü Azərbaycan var. Kimin nə deməsindən, hansı addımlar atmasından asılı olmayaraq, Azərbaycan öz maraqlarından geri çəkilən və kimlərinsə istəklərinin təminatçısına çevrilən deyil. İndi bizi nə sanksiyalarla, nə də müxtəlif beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin qərəzli qətnamələri ilə çəkindirmək mümkün deyil.    

–  “Qisas əməliyyatı” hansı xəbərdarlıq, yaxud mesajdır?

–     Sərhəd Qoşunlarının həyata keçirdiyi son “Qisas əməliyyatı” bir daha Azərbaycanın öz ərazilərinə dikilən gözləri ova biləcəyini və əsgərimizə atılan hər atəşə misli ilə cavab veriləcəyini göstərdi.

Bu əməliyyat təkcə Ermənistana deyil, həm də onun havadarlarına, eləcə də fəaliyyəti yalnız ərazilərdə kəşfiyyat aparmaqdan ibarət olan Avropa İttifaqının müşahidə missiyasına xəbərdarlıq idi.

Azərbaycan sərhədimizi pozan Çex casusunun saxlanılması ilə ərazilərimizə tam olaraq nəzarət etdiyini sübut etdiyi kimi, hər bir təxribata dərhal və lazımınca cavab verə biləcəyini də sübut etmiş oldu.

– Sərhəddə baş verənlərə görə məsuliyyət kimin üzərindədir?

– Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və eləcə də bu təxribatın sifarişçisi olan ayrı-ayrı dövlətlərin üzərinə düşür. Aİ-nin müşahidə missiyası da baş verənlərə münasibət bildirməməklə təxribatlara görə birbaşa məsuliyyət daşıyır.

– Normalda Aİ missiyası məsələyə reaksiya bildirməli, baş vermiş təxribatı qınamalı idi, ancaq bunu etmədi…

–     Avropa İttifaqının Ermənistandakı missiyasının susqunluğu – təxribatda maraqlı olduğunu deməyə əsas verir. Əslində, bu missiya regional sabitlik, habelə iki ölkə arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan olunmuş məqsədlərə xidmət edərək, Ermənistanın təxribatını dərhal qınamalı və bununla bağlı müvafiq bəyanatla çıxış etməli idi. Bu isə baş vermədi. Demək, missiyanın məqsədi sabitlik və müşahidə deyil, hər fürsətdə Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək və onun təxribatlarına haqq qazandırmaqdan ibarətdir. Bəlli olur ki, Aİ missiyasının genişləndirilməsinin arxasında da elə məhz bu və digər təxribatlar gizlənir.

Rəsmi İrəvanın təxribatlar törətdiyi bir vaxtda, Avropa Parlamenti Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, Fransadan olan deputat Natali Loiseaunun Ermənistana səfər etməsi, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşməsi, həmin görüşdə yenə də Azərbaycana qarşı yersiz və əsassız mövzuların gündəmə gətirilməsi bunu göstərir ki, Avropa qurumları regionda sabitlikdə deyil, məhz gərginlikdə maraqlıdırlar.