NIPA-30
a

National Independence Party of Azerbaijan

Avropada növbəti mühüm görüş: İkitərəfli təmaslarla nəyəsə nail olmaq mümkündür

Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində görüşü başlayıb.

Görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

Görüşlə bağlı fikirlərini Bakıvaxtı.az-a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə xatırladıb ki, bundan əvvəl Brüssel formatında beşli formatda görüş baş tutub.

Onun sözlərinə görə, həmin görüşdə Avropa Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti E.Makron da iştirak etmişdi:

“Görüşün təşkilatçısı və əsas vasitəçi Şarl Mişel idi. Fransa və Almaniya dövlət başçıları da prosesə vasitəçi formasında qatılmışdı. Bir müddət sonra Fransa açıq-aşkar Ermənistanın tərəfini tutmağa, İrəvanın mövqeyindən çıxış etməyə başladı. Lakin Paris bununla da kifayətlənmədi və Azərbaycana qarşı açıq-aşkar qərəz göstərməyə, Bakı əleyhinə addımlar atmağa başladı. Daha da irəli gedərək Ermənistanı silahlandırmağa, müharibəyə, təxribatlar törətməyə təhrik etdi. Bununla da Fransanın yer aldığı beşli Brüssel formatı pozuldu. Uzun müddət ərzində Avropa məkanında tərəflər arasında təmas olmadı. Bunun da əsas günahkarı Fransa prezidenti Makron idi. Məhz Fransa rəhbərinin təxribatçı fəaliyyəti sayəsində tərəflər arasındakı danışıqlar prosesində fasilə yarandı və şərti sərhədlərdə təxribatlar baş verdi”.

A.Əlizadə diqqətə çatdırıb ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Almaniya və Fransa arasında birliyə liderlik uğrunda ciddi rəqabət gedir və bu rəqabət bir çox sferalarda özünü göstərir:

“Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısının Almaniya rəhbərliyi və Ermənistan baş naziri ilə görüşündə razılıq əldə oldundu ki, XİN başçıları arasında görüşlər davam etdirilsin. Görüş məkanı olaraq Berlinin seçilməsi liderlərin Münhen görüşünün davamı kimi görülə bilər. İstənilən halda bu, Avropa məkanında növbəti mühüm görüşdür”.

Müsahibimiz qeyd edib ki, Almaniya vasitəçi olaraq prosesdə iştirak etmir, sadəcə müzakirələr üçün məkan təklif edir:

“Azərbaycanın mövqeyindən ondan ibarətdir ki, tərəflər vasitəçisiz görüşlərə üstünlük verməlidir. Çünki artıq hamıya aydındır ki, vasitəçilər öz maraqlarından çıxış edirlər. Nəticədə problemləri çözmək mümkün olmur. İkitərəfli təmaslarla nəyəsə nail olmaq mümkündür”.

Add Comment