NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Fransa daha çox digər dövlətlərin daxili işinə müdaxilə edir”

Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bəyan edib ki, Avropa təşkilatları Avropada olmayan ölkələrin daxili işinə qərəzlə müdaxilə edirlər: 

“Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?”.

Maraqlıdır, Avropa təsisatları Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etmələrinə niyə son qoymurlar?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Prezident İlham Əliyevin beynəlxalq Forumda səsləndirdiyi fikirlər real həqiqətləri əks etdirir: “Yaşadığımız xaosla idarə olunan dünyaya diqqətlə nəzər yetirsək görərik ki, bir çox dövlətlər beynəlxalq hüququn fundamental tələblərini müxtəlif  “vasitələrdən” istifadə edərək yerinə yetirmir, bəzi dövlətlərin  daxili işlərinə qarışmaqla gündəmi “zəbt”edirlər. Bu siyahıya insan hüquqları adı altında baş verən siyasi təzyiq alətini də əlavə etsək mənzərə çox aydın görünər. Keçmiş imperalist kolonialist “təfəkkürdən” kənara çıxa bilməyən, xüsusilə Fransa Avropa dövlətləri içərisində daha çox belə məsələlərdə “öndədir”. Daha çox digər dövlətlərin daxili işinə müdaxilə edir. Söhbət Avropada yerləşməyən ölkələrdən gedir. Yeni dünya düzənində müstəmləkəçilik siyasəti artıq keçmiş tarix hesab olunmalıdır. XXl əsrin 20-ci illərində XVII-XVIII əsrlərin müstəmləkəçilik siyasətinin davam etdirilməsi mənəvi, siyasi deqradasiyanın göstəricisi hesab olunmalıdır. Çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda 1990-cı illərdə müstəqilliyini əldə etmiş  dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilir. Belə hallar dövlətlərası münasibətlərin zədələnməsinə, əksər hallarda ziddiyyətlərin dərinləşməsinə və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradır. Bunun da nəticəsində suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurulur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyətini son həddə qədər kəskinləşdirir. Sevindirici hal odur ki, Azərbaycan dövləti bu prosesdən üzü ağ çıxmağı bacardı. Xalqımza, dövlətimizə qarşı olan bütün qüvvələri təkbaşına rəzil etdi”.

Sədr müavini hesab edir ki, müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar: “Onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar. Avropa İttifaqı bu cür strukturların ən nüfuzlusu hesab olunsa da, öz üzərinə düşən missiyanı yerinə yetirmək əvəzinə  spekulyativ addımlar atmaqdadır. AŞPA da bu qurumlar siyahısındadır. Ancaq bir daha qeyd edim ki, beynəlxalq qurumlar yeni dünya nizamında yenidən formalaşmalı, bütün dünya dövlətləri bu prosesdə bərabər ədalətli təmsil olunmalıdır. Əgər beynəlxalq qurumların hamısı kollegial idarəetmə prinsiplərinin qəbul etməsə  anormal vəziyyət davam edə bilər. Böyük, kiçik dövlət anlayışı aradan qalxmasa bu məsələ həllini tapmayacaq”.