NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu gedişlə günün birində Rusiyanın hətta Ermənistandan öz ordusunu çıxarmasını da görə bilərik”

“İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan prezident Putinin köməkçisi Dmitri Peskovun sözlərini şərh edərkən belə deyib.

Qriqoryan bildirib ki, İrəvan Moskvaya sərhədçiləri Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən, həmçinin Qarakilsə (Sisian) və Gorusda Rusiya sülhməramlılarına aid 2 dəstək bazasından geri çəkməyi təklif edib. Lakin onların İran və Türkiyə sərhədindən çıxarılması məsələsi hazırda gündəmə dayanmır: “Onlar (Rusiya tərəfi) bu təklifi qəbul edərək, İrəvanın Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılmasını təklif edib-etmədiyini soruşdular. Cavab verdik ki, orada razılaşmalar var və hazırda bunu (çıxarma məsələsini) müzakirə etmirik… Amma belə bir xahiş olmayıb”.

Faktiki olaraq, Qriqoryan Rusiyanı yalançılıqda ittiham edib. Özü də kəskin formada.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistan-Rusiya münasibətlərinin gərginliklə müşahidə olunması fonunda bir az əvvəlki tarixə nəzər salmaqla daha düzgün nəticələr çıxarmaq mümkündür: “Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər imzalanıb. Ardınca Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında müqavilənin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində yerləşmə müddəti 2044-cü ilə qədər uzadıldı. Göründüyü kimi, faktiki olaraq Ermənistanın Rusiyanın hərbi bazasının yaxın 20 ilədək ölkədən çıxarılması çox mürəkkəb məsələdir. Ancaq burada əsas məsələ ondan ibarətdir ki, hazırda Ermənistan tərəfi siyasətçiləri məhz Azərbaycanla 1000 km-dən artıq olan sərhədlərinin qorunmasını özünün  ordusu ilə təmin edəcəyini bəyan edib. Bunu bəyan etməklə açıq şəkildə deyirlər ki, Rusiya ordusu bu bölgədə Ermənistan üçün əlavə yükə çevrilib. Onlar son aylarda bu tezisləri daha çox qabartmağa çalışırlar. Daha sadə izah etsəm, erməni siyasi dairələri, politoloqları 2044-cü ilə qədər olan Rusiya ilə müqavilənin indidən  heç bir əhəmiyyətinin olmadığını təbliğ edirlər. Armen Qriqoryanın açıqlaması məhz buna hesablanıb. Məntiqlə Ermənistan Azərbaycanla, Türkiyə ilə sülh sazişi imzaladıqdan sonra hansısa bir dövlətin ordusunun burada qalmasının heç bir anlamı olmayacaq. Əslində sülhün qalıcı olmasının əsas şərti də elə budur. Bütün bunların nə ilə nəticələnəcəyini yaxın zamanlarda müşahidə edəcəyik. Ermənistan tərəfi özündə güc tapıb Azərbaycanla, ən azından sülh çərçivə sazişinə imza atsa, Cənubi Qafqazda   bütün anlamlarda çox böyük müsbət dəyişikliklər baş verəcək. Reallıq isə ondan ibarətdir ki, Ermənistanda Rusiyanın ölkənin içərisində yerləşdirdiyi barıt çəlləyi “dini  kəsim” siyasi oyunlara alət olaraq bu mərhələni əngəlləmək üçün bütün gücünü ortaya qoyub. Fikrimcə, onların bu addımları heç bir nəticə verməyəcək. Bizim istəyimiz ondan ibarətdir ki, Ermənistanla tezliklə sülh müqaviləsi imzalansın və bölgəniz nəhayət davamlı dincliyinə qovuşsun. Rus ordusunun Ermənistanda mövcudluğu dünyada gedən çox mürəkkəb hərbi-siyasi münasibətlərdən asılı olacaq. Hazırda Rusiya Cənubi Qafqazda hərbi əzici gücüylə deyil, yumşaq siyasət yeritmək, obrazlı ifadə etsəm, öz tərəfinə çəkmək siyasətini yeritmək məcburiyyətindədir. Bir sözlə, bu gedişlə günün birində hətta Ermənistandan öz ordusunu çıxarmasını da görə bilərik”.