NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu məsələdə Avroittifaqın nə dərəcədə ədalətli olacağını zaman göstərəcək”

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb. Bu sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub. “İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. 

İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub.

“Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına yardımları gələcəkdə davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”, – bəyanatda qeyd olunub.

Azərbaycanla Avropa Sülh Fondu arasında elə bir əməkdaşlıq yoxdur. Ancaq Avropa Sülh Fondu təcavüzkar Ermənistana çoxsaylı qayğı göstərir. Elə yaxın dövrdə həmin Fond Ermənistana 10 milyon avro yardım ayırmaq istəyirdi. Macarıstan buna qarşı çıxdı və bildirdi ki, Ermənistana yardım ayrılırsa, Azərbaycana da ayrılsın. O baxımdan indi Avropa İttifaqı həmin o Sülh Fondu çərçivəsində Azərbaycanla Ermənistanın arasında fərq qoyma siyasətinə son qoyacaqmı? Yəni bu cür danışıqların əsas nəticəsi ona gətirib çıxarda bilərmi ki, Sülh Fondu xətti ilə yardımlar məsələsində Azərbaycanla Ermənistana fərq qoymaq siyasətinə son qoyulsun?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu məsələdə Aİ-nin nə dərəcədə ədalətli olacağını zaman göstərəcək: “Müstəqilliyinizin ilk illərində Ermənistana bütün mənalarda havadarlıq edən bir çox “sülh göyərçini” cildində olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yumdular. Bu, azmış kimi bununla kifayətlənməyib Ermənistana havadarlıq etməyə başladılar. Sözdə sülhdən, sabitlikdən danışın bir çox dövlətlər ədalət tərəzisində Ermənistanın yanında yer aldılar, işğalçı dövləti dəstəklədilər. Bu ədalətsiz davranışlar sayəsində uzun illər torpaqlarımız işğal altında qaldı. Azərbaycan xalqının qətiyyəti, hakimiyyətin güclü iradəsi, Ordumuzun rəşadəti sayəsində bizə qarşı edilən ədalətsizliklərə son qoyuldu. Sülhdən hər yerdə danışmaq olar, ancaq onun təmin olunmasında əməli addımlar atmaq məqamında Avropadan, Qərbdən heç bir real praktiki addımlar atılmadı. Bütün bunlardan sonra Avropa İttifaqıqının müxtəlif platformalarda sülh təşəbbüslərindən çıxış etmələri sözün həqiqi mənasında qeyri-ciddi görsənir. Bu görüşlərdə mina təmizləmə əməliyyatlarında birgə fəaliyyətdən məmnunluq ifadə olunsa da, digər tərəfdən də Ermənistanın Azərbaycana mina sahəsində vurduğu milyardlarla dollarlıq ziyandan  bir kəlmə də olsun danışılmır. Halbuki, bu görüşlərdə əsas mövzu bu olmalıdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan dövlətinə yüz milyardlarla ölçülən ziyan dəyib. Zərər çəkmiş dövləti kənarda saxlayıb, işğalçı dövlətə hümaitar yardımlar etmək riyakalığın son nöqtəsidir. Təbii ki, biz Ermənistan kimi yardım dilənmirik, biz ədalətin bərpa olunmasını tələb edirik. Zərər çəkmiş dövləti kənarda saxlayıb, işğalçı dövlətə humanitar yardımdan bəhs etmək riyakalığın son nöqtəsidir. Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyinin vurğulanması çox yaxşı haldır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Avropa İttifaqında təmsil olunan dövlətlər bu qədər Azərbaycana qarşı olan haqsızlıqlardan sonra yol verdikləri səhvləri heç olmasa indi düzəltməyə çalışsınlar. Fransanın elə bu günlərdə Ermənistanı silahlandırması fonunda belə bir addım atılacağı real görsənmir. Bu məntiq onu deməyə əsas verir ki, bir əlində “sülh göyərçini” tutub o biri əlində arxa tərəfdə xəncər gizlətmək bu dövlətlərin əsl mahiyyətini ortaya çıxarır. Təbbi ki sülhü dəstəkləyirik, sülh sözünün yanında ədalət  sözü həm ifadə olunmalıdır, həm də ona əməl edilməlidir. Buna inanaqmı yoxsa yox, onu da gələcək göstərəcək”.