NIPA-30

Arzuxan Əlizadə: “Bu məsələdə tam arxayınlaşmaq doğru olmaz”

Rəsmi İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından imtina etməyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin guya “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “etnik təmizləmə” aparmasından sonra Rusiya 10 noyabr bəyanatının qüvvədə qaldığını hesab edirmi? Əgər hesab edirsə, o zaman Moskva ermənilərin Qarabağa qayıtmasını necə görür” sualına cavabında bildirib.

Zaxarova erməni jurnalistin “etnik təmizləmə” terminindən istifadə etməsinə irad tutub. Qeyd edib ki, Qarabağda “etnik təmizləmə” ilə bağlı Ermənistanda hörmətlə yanaşılan heç bir beynəlxalq təşkilat hansısa nəticəyə gəlməyib: “Biz sizinlə bunu yarım il bundan öncə müzakirə edərkən siz mənə hansısa beynəlxalq təşkilatın, beynəlxalq təşkilatda çalışan hansısa ekspertin “etnik təmizləmə” ilə bağlı bir qərarını, qiymətləndirməsini göstərə bilmədiniz. Əgər sizdə belə bir məlumat varsa, müvafiq qiymətləndirmə varsa, o zaman nümunə gətirin, mənimlə bölüşün! O ki qaldı Rusiya Qarabağın erməni əhalisinin qayıtmasını necə görür sualına, mən dəqiqləşdirmək istəyirəm, erməni tərəfinin bununla bağlı hər hansı ətraflı proqramı varmı? Əgər olsaydı, şərh edərdim. Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz? Bunu Ermənistan baş naziri Nikol Paşinyan necə görür? Bununla bağlı hansısa ətraflı proqram mövcuddurmu? Mən, misal üçün, Qarabağın erməni əhalisinin qayıtması ilə bağlı Azərbaycan tərəfinin proqramını görmüşəm. Əgər Ermənistan baş naziri tərəfindən belə bir proqram irəli sürülübsə, mən məmnuniyyətlə ona baxardım. O zaman onu şərh də edərdim”.

Zaxarovanın “Niyə başqa dövlətin nümayəndəsindən bu məsələni necə gördüyümüzü soruşursunuz” açıqlaması o qənaətə gəlməyə əsas verirmi ki, Rusiya Qarabağ erməniləri ilə bağlı, onların qayıdışı ilə bağlı məsələdən imtina edib, bu məsələdə daha maraqlı deyil və bunu gündəmdən çıxarıb? Məlum yanaşma bunun ifadəsi sayıla bilərmi? 

Sözügedən məsələni “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, qismən bunu belə hesab etmək olar: “Ən azından, Rusiya 2020-ci ildəki kimi ermənilərin geri qayıtmasında maraqı deyil. Məsələ ondadır ki, Rusiya 2020-ci ilin noyabrında öz qüvvələrini Qarabağa yerləşdirəndən sonra ermənilərin geri qayıtması üçün xüsusi fəallıq göstərirdi. Hətta o zaman Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, 50 min nəfərdən çox erməni Qarabağa qayıdıb. Bütün bunlarda məqsəd o idi ki, Rusiyapərəst müxalifət seçkilərdə qalib gəlsin və Ermənistan yenidən Moskvanın təsir dairəsinə keçsin. Ancaq gözləntilər özünü doğrultmadı. 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində Paşinyanın partiyası yekdilliklə qalib gəldi. Erməni cəmiyyətində anti-Rusiya ovqatı daha da gücləndi. Revanşist müxalifətin hakimiyyət əleyhinə keçirdiyi mitinqlər də bir nəticə vermədi. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra isə tamamilə yeni vəziyyət yarandı. Gözlənilənlərin əksinə olaraq, Kiyevi qısa müddətdə ələ keçirmək mümkün olmadı. Qərbin Rusiyaya qarşı sanksiyaları daha da kəskinləşdi, yollar bağlandı, bu ölkədən qaz idxalının həcmi kəskin şəkildə aşağı düşdü. Bütün bunların nəticəsində Rusiyanın dünya ölkələrinə çıxışını təmin edən əsas yollar Türkiyə və Azərbaycan üzərindən keçdiyi üçün vəziyyət bizim xeyrimizə dəyişməyə başladı. Nəzərə almaq lazımdır ki, uğurlu Fərrux, Sarıbaba əməliyyatları Azərbaycan Ordusu tərəfindən 2022-ci ildə keçirilib. Nəticədə strateji əhəmiyyətli yüksəkliklər bizim nəzarətimizə keçdi. 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatları sayəsində isə Qarabağda suverenliyimizi tam təmin etdik. Bir sözlə, yaranan uğurlu geosiyasi fürsətdən uğurla istifadə etdik. Bütün bunlara baxmayaraq, Ermənistanda antirus ovqatı səngiməyib. Əksinə, daha da güclənib. Keşiş Baqratın təşkil etdiyi kütləvi aksiyalar da bir nəticə vermədi. Ermənistan Qərbə doğru istiqamət alıb. ABŞ-ı, Fransanı regiona gətirməyə çalışır. Zaxarovanın Qarabağ erməniləri ilə bağlı istehzalı yanaşması Ermənistanın Qərbə üz tutması ilə bağlıdır. Ona görə də bu məsələdə tam arxayınlaşmaq doğru olmaz. Bu həmin Rusiyadır ki, Xankəndidə konsulluq açmaq istəyir. Sabah revanşist müxalifət hakimiyyətə gəlsə, Zaxarova tam fərqli mövqe sərgiləyərək Qarabağ ermənilərinin maraqlarından çıxış edəcək”.