NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Klassik partiyaların bu addımları cəmiyyətdə normal qarşılanmalıdır”

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib.

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs – sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Daha sonra REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb. Bu arada hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından getdiyini bəyan edib. 

Görünən odur ki, Azərbaycanın ənənəvi müxalifət partiyalarının rəhbərliyindən istefalar başlayıb. Faktiki olaraq, bu partiyaların sədrləri istefa verir. Niyə?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu bir sıra amillərlə əlaqələndirdi: “Müstəqilliyimizi əldə etdiyimiz tarixindən 33 il ötür. Bu illər ərzində Azərbaycanın siyasi həyatında fəaliyyət göstərən az sayda siyasətlə məşğul olan siyasətçilərin istefa verməsinin şahidi olmuşuq. Siyasi partiyalara gəldikdə, istefaları böhran yaratmaq üçün deyil, partiyalardakı böhranı aradan qaldırmaq üçün atılan addım kimi qiymətləndirmək daha doğru olar. İstefalar partiya daxilində canlanmanın yaranması, aşağı pillədə qərar tutanların üst pilləyə doğru qalxma şansının, özünü ifadə edə bilməsinin bir yoludur. Bu addımlar sayəsində yeni simalar ortaya çıxırsa, onlar öz potensialını nümayiş etdirməklə partiyaya yeni nəfəs verə bilərlər. Bu bütün dünyada belədir. Hazırda belə nümunələr Azərbaycanda az olsa belə, yeni dövrün başlanğıcı bu addımları qaçılmaz edir. Bu baxımdan partiya sədrlərinin  yeni dövrün çağırışlarını dərk etmələri siyasi partiyalarda keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər. Ümumiyyətlə, insan çalışdığı sahədə, tutduğu vəzifədə ona həvalə olunan və yaxud öz istəyi ilə üzərinə götürdüyü işin öhdəsindən gələ, uğur qazana bilmirsə, başqalarının yolunu kəsməməli, sivil formada geri çəkilməlidir. İstefa mədəniyyəti siyasətdə daha çox önəm daşıyır. Çünki siyasi fəaliyyətlə məşğul olan partiya, hərəkat və digər siyasi təsisat nümayəndələri hakimiyyətdə, icra və qanunverici orqanlarda təmsil olunmaq, cəmiyyəti, ölkəni idarə etmək kimi iddialar sərgiləyirlər ki, bu da onların üzərinə əlavə məsuliyyət qoyur. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı olkələrinin siyasi həyatında baş verən mühüm hadisələrdən, ələlxüsus da seçkilərindən sonra bu proseslərə qatılan və uğur qazana bilməyən partiyalarda, bir qayda olaraq, yenidən təşkilatlanma gedir, əksər hallarda da həmin partiyaların liderləri məğlubiyyətin məsuliyyətini öz üzərlərinə götürərək başqalarına şans verirlər. Bütün bunların fonunda klassik partiyaların bu addımları cəmiyyətdə normal qarşılanmalıdır. Görünür, illərlə seçkidə uğur qazana bilmədikləri üçün bu addımı atırlar. Düzdür, hazırda məmur idarəçiliyində belə istefalara çox nadir hallarda rast gəlirik. Bu ənənəni də formalaşdırmaq üçün  böyük maarifçilik hərəkatına zəruri ehtiyac var. İstefa bir mədəniyyətdir, Azərbaycanda belə sivil dəyərlərin oturuşması idarəçilikdə yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər ki, bundan da faydalanan cəmiyyət və dövlətiniz olar. Mən siyasi partiyaların bu addımlarını ayrı-ayrı şərh etmədən onu vurğulamaq istərdim ki, bu addımlar həmin partiyalarda yeni simaların, yeni kadrların üzə çıxmasına rəvac versin. Bu addımlar partiyalarda gənclərin, siyasi institutların inkişaf etdirilməsinə  xidmət edə bilsin”.