NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bir sıra Avropa ölkələrində etiraz edənlər linc edilir”

Avropanı bürüyən islamofobiya, ifrat sağçılıq, türkofobiya getdikcə daha dözülməz hal almaqdadır. Avropadakı siyasi güclər təkcə Qərbdə yaşayan müsəlmanlara, türklərə qarşı deyil, eyni zamanda, müsəlman və türk dövlətlərinə qarşı cəbhə açıblar. 

Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Məqsədi Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaqdır.

Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları artıb. Onlar polis zorakılığına məruz qalır, elementar şəraitlə təmin olunmurlar. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten də var. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır. Sentyabrda Fransada “sarı jiletlilər” yenidən etiraz aksiyalarına başladılar. Ancaq bu dəfə daha sərt polis zorakılığına məruz qalaraq həbs edildilər. Fransa kaloniyalardakı xalqların müstəqillik haqlarını tanımır. Yaxşı olardı kı, Avropa komissarı Nikolas Şmidt və digər komissarlar bunlardan danışsınlar. Sözügedən problemləri Avroparlamentin gündəliyinə çıxarsınlar. Avropa komissarı bu problemlərlə məşğul olmaqdansa, Azərbaycana böhtan atmaqla məşğuldur. Prezident köməkçisi Hikmət Hacıyev “POLITICO”ya açıqlamasında bildirib ki, başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Aİ rəsmilərinin bu barədə bizə irad tutmağa haqqı yoxdur: “Vəziyyət həqiqətən o qədər təhlükəli hal alıb ki,  ötən il Birləşmiş Millətlər Təşkilatı tərəfindən martın 15-i Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edildi. Avropada son illər Qərbdə yaşayan müsəlmanlara qarşı dözülməz münasibət BMT-nin bu addımı atmasına gətirib çıxardı. Tək müsəlmanlara qarşı deyil, digər etnik azlıqlara qarşı Qərbin dözülməz ifrat sağçılıq, türkofobiya davranışları tərəqqipərvər sivil beynəlxalq ictimaiyyəti hərəkətə keçirməlidir. Baxın, Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal dövründə bir dəfə də olsun Ermənistana qarşı yönəldilmədi. Bunun adı açıq xristian təəssübkeşliyidir. Ona görə də yeni dünya düzənində mütləq şəkildə bu nüanslar gözdən qaçmamalıdır. Əgər indiki yeni siyasi düzəndə bərabərhüquqlu münasibətlər sistemi yaradılmasa, dünyanın hər yerində alovlanan münaqişə ocaqlarının miqyası  genişlənə bilər. Belə hallar isə çox təhlükəli ola bilər. Hələlik görünən  odur ki, belə dözülməz hallar davam etməkdədir. Belə halların qarşısının alınması üçün BMT-nin insan hüquqları sahəsində ixtisaslaşmış strukturları təcili və təxirəsalınmaz addımlar atmalıdır. Bu yaxınlarda BMT Baş Assambleyasının sədri vurğulayıb ki, maariflənmə sosial fobiyaları anlamaq üçün açardır. O, cəhalətlə mübarizə aparmağa, islamı öyrənməyə və onun mahiyyətini anlamağa çalışmağa çağırıb. İnsanları ümumi dəyərlər ətrafında birləşdirən dinlərarası və mədəniyyətlərarası mübadilələrin bu işdə  çox kömək edə biləcəyini vurğulayıb. Bütün bu çağırışlar sözdə ibrətamiz səslənsə də, ancaq Qərb dövlətlərinin əksəriyyətində bu çağırışlara, təəssüflər olsun ki, məhəl qoyulmur. Bir sıra Avropa ölkələrində etiraz edənlər linc edilir. Ancaq Avropa Parlamenti bütün bunları görmək və eşitmək istəmir. Bu baxımdan yaxşı olardı ki, Avropa komissarı Nikolas Şmidt Frasanın vəhşi kolonial siyasətini gündəmə gətirsin”.