NIPA-30

Baş katibdən mühüm mesajlar: NATO nəyə hazırlaşır?

Bu günlərdə Brüsseldə NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində iclası keçirilib. Tədbirin açılışında çıxış edən NATO-nun baş katibi Mark Rutte müttəfiq ölkələri müdafiə xərclərini artırmağa və hərbi istehsal gücünü genişləndirməyə çağırıb.

“Müharibənin qarşısını almaq üçün biz ona hazır olmalıyıq. Müdafiə xərclərini və müdafiə sənayesinin istehsal gücünü artırmaqla NATO-nun kollektiv müdafiə qabiliyyətini daha da gücləndirməliyik”, – deyə Rutte vurğulayıb.
Baş katib NATO ölkələrinin üzləşdiyi təhlükələrə cavab vermək üçün daha çevik və koordinasiyalı hərəkət etmələrinin vacibliyini qeyd edib. O bildirib ki, təhlükəsizlik və sabitliyin qorunması üçün uzunmüddətli strategiyalar hazırlanmalı və müdafiə potensialı gücləndirilməlidir. İclasda NATO-nun müdafiə prioritetləri, müasir təhlükələrə qarşı adaptasiya və üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında NATO-nun yeni baş katibinin çağırışını şərh edib:
“Rutte çıxışında belə bir fikrə istinad edib ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Onun sözlərinə görə, müharibəyə hazırlıq yeni silah istehsalı, silahlanma və orduların gücləndirilməsi ilə mümkündür. Bu isə müdafiə xərclərinin artırılmasını zəruri edir. NATO-ya üzv olan və digər ölkələr də öz hərbi büdcələrini artırmaq istiqamətində addımlar atırlar.”

Parlamentari qeyd edib ki, müdafiə xərclərinin artırılması birbaşa ölkələrin iqtisadi gücündən asılıdır: “Əgər bir dövlətin iqtisadiyyatı hərbi xərcləri artırmağa imkan verirsə, bu sahəyə ayrılan vəsaitlər də artacaq. Hazırda dünyada silahlanmaya böyük sərmayə yatıran ölkələrin sayı kifayət qədər çoxdur. Beynəlxalq arenada güc balansı mövcuddur və hansı ölkə daha güclüdürsə, mövqeyi də bir o qədər möhkəmdir.”

Deputat hesab edir ki, NATO-nun bu addımı hərbi potensialın gücləndirilməsi və mümkün təhlükələrə qarşı hazırlıqlı olmaq məqsədi daşıyır: “NATO ölkələrinin müdafiə qabiliyyətini gücləndirmək, qarşı tərəfdə olan ölkələrin silahlanma yarışında üstünlük qazanmasının qarşısını almağa xidmət edir. Hazırkı beynəlxalq vəziyyəti nəzərə alaraq, NATO üzvləri müasir texnologiyalar əsasında yeni silahların istehsalına və orduların gücləndirilməsinə xüsusi diqqət yetirməlidirlər”.