NIPA-30

Arzuxan Əlizadə: “Son maliyyə yardımının hərbi məqsədlər üçün istifadə ediləcəyi ehtimalı böyükdür”

Dünya Bankı Qrupunun Direktorlar Şurası Ermənistan üçün yeni beşillik tərəfdaşlıq çərçivəsi proqramını təsdiqləyib. Bu proqram çərçivəsində Ermənistana 1,7 milyard ABŞ dolları ayrılması nəzərdə tutulub.

Proqramın məqsədi yoxsulluğun azaldılması, iş yerlərinin yaradılmasının təşviqi və davamlılığını artırmaqdır.

“DB Ermənistanda yerli və xarici investisiyaların aşağı səviyyəsini və yüksək işsizliyi qeyd edir ki, onlar da inkişaf üçün problemlər yaradır. Ermənistanda təhsil və səhiyyə sahəsində qeyri-bərabər nəticələr əhalinin məşğulluğunu və məhsuldarlığını məhdudlaşdırır. Sosial təhlükəsizlik şəbəkəsi böhran zamanı əhalinin həssas təbəqəsini daha yaxşı müəyyənləşdirmək və dəstəkləmək üçün islahatlar tələb edir. Ermənistan həmçinin ciddi zəlzələ riskləri ilə üz-üzədir və iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssasdır”, – məlumatda bildirilir.

“İş yerlərinin yaradılması, insan kapitalı və dayanıqlılığa diqqət yetirməklə biz ermənilərin həyatını yaxşılaşdırmağa və ölkəyə gələcək təhdidlərin öhdəsindən gəlməyə kömək etməyə çalışırıq”, – Dünya Bankının Ermənistan üzrə bölgə direktoru Karolin Qeqinat vurğulayıb.

Yeni strategiyanın həyata keçirilməsi Dünya Bankı Qrupunun təsisatları arasında, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında sıx əməkdaşlığı nəzərdə tutur. BYİB növbəti beş il ərzində bu məqsədlərə təxminən 1 milyard dollar, BMK isə 700 milyon dollara qədər vəsait ayırmağı planlaşdırır.

Maraqlıdır ki, öz destruktiv mövqeyi ilə Cənubi Qafqazda davamlı sabitliyin və təhlükəsizliyin bərqərar olmasını əngəlləyən İrəvana böyük məbləğdə vəsait ayıran beynəlxalq maliyyə qurumları Ermənistanın sürətlə silahlanmasını gözardı edirlər. Adıçəkilən qurumların Ermənistana bu qədər maliyyə yardımı göstərməsi risqlərdən nə dərəcədə sığortalanıb ki, edilən bu yardımlar Ermənistanın hərbi-sənaye kompleksinin xidmətinə düşməyəcək? Yəni bunlar Ermənistanın aqressiv siyasətinə dəstək olmayacaqlar. Nə dərəcədə buna ümid etmək olar?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, əsla buna ümid etmək omaz: “Əslində bu cür maliyyə yardımları ilə Ermənistanın silahlanmasına, hərbi-sənaye kompleksinin dirçəlməsinə dolayı yolla yardım göstərirlər. Üstəlik, kredit adı ilə Ermənistana verilən bu vəsait bir müddət sonra kredit siyahısından çıxarılacaq. Yəni Qərbin maliyyə yardımları Ermənistan üçün əvəzsizdir. Bu da ikili standartlardan və xristian amilindən irəli gəlir. Azərbaycanın işğaldan azad edilən və viran qalan yaşayış məntəqələrinin bərpasına sözügedən maliyyə qurumları 1 dollar təmənnasız vəsait ayırmırlar, amma Ermənistana milyardlarla yardımlar edilir. Ona görə də Ermənistana son maliyyə yardımının hərbi məqsədlər üçün istifadə ediləcəyi ehtimalı böyükdür. Zatən Ermənistanın silahlanması son dövrlər sürətlənib. Ermənistan Fransadan, Hindistandan yeni-yeni silahlar alır. Hətta son vaxtlar Rusiyadan belə, bəzi silahların tədarükü barədə məlumatlar var. Aydın məsələdir ki, Ermənistanın öz iqtisadi resursları hesabına bu silahlar alınmır. Ötən ilin aprelində Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında keçirilən məlum üçtərəfli görüşdən sonra bu ölkənin silahlanması yeni mərhələyə keçib. Bunu nə qədər gizlətməyə çalışsalar da faktlar ortadadır. Bir sıra maliyyə qurumlarının üst-üstə Ermənistana 1,7 milyard dollar ayırması sözügedən prosesin tərkib hissəsidir”.