NIPA-30

26 siyasi partiyadan 23-nün bələdiyyə seçkilərində iştirakı təqdir ediləndir – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının

BƏYANATI

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa ediləndən sonra ötən il ilk dəfə reallaşan Prezident və Parlament seçkilərinin ardınca 2025-ci ilin 29 yanvar tarixində ölkədə bu statusda ilk bələdiyyə seçkiləri keçirilmişdir.

Öz gücü ilə regionda yeni reallıqlar formalaşdırmış ölkəmizdə eyni zamanda yeni siyasi konfiqurasiya naminə aparılan islahatların dərinləşdirilməsini təmin etmək üçün bütün siyasi potensialın səfərbər olunması olduqca əhəmiyyətlidir və bu konteksdə ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş 26 siyasi partiyadan 23-nün bələdiyyə seçkilərində iştirakı təqdir ediləndir.

Qeyd olunan amillərin əhəmiyyətini və məsuliyyətini dəyərləndirən  Azərbaycan Milli İstiqlal Partiyası bələdiyyə seçkilərində həm də ilk dəfə olaraq Parlament partiyası qismində öz namizədləri ilə iştirak etmək və ölkə üzrə keçirilən seçkiləri müşahidə etmək barədə qərar qəbul etmişdir.

Bələdiyyə üzvlüyünə namizədlərimizin əksəriyyətinin, ölkə üzrə müşahidəçilərimizin, eləcə də seçkilərdə iştirak edən digər siyasi təşkilat üzvlərinin və media təmsilçilərinin yerlərdən verdiyi məlumatlara əsaslanaraq bəyan edirik ki, namizədliklərin irəli sürülməsi, imzaların toplanılması, namizədlərin qeydə alınması və ümumilikdə seçki prosesinin təşkili məsələlərində mövcud seçki qanunvericiliyinin müddəaları təmin olunmuş, təbliğat-təşviqat kampaniyasında namizədlərə bərabər imkanlar tanınmış, səsvermə prosesində gizlilik təmin edilməklə heç bir kənar müdaxiləyə yol verilməmişdir.

Dövlət və milli maraqları fəaliyyətinin əsas meyarı olaraq bəyan edən Azərbaycan Milli İstiqlal Partiyası yeni formalaşacaq Bələdiyyələrə yerli idarəetmədə məsuliyyətli, peşəkar və ölkə naminə uğurlu fəaliyyət arzulayır.