Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
Azərbaycan Milli İstiqlal Partiyası Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir;
26 fevral 2025-ci il tarixində, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımından 33 il ötür.
Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur.
Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər.
İşğal nəticəsində, şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.
Xocalı soyqırımı, dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi.
Xocalı soyqırımı və Ermənistanın Azərbaycan Respublikasına təcavüzü zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Buraya Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması daxildir.
Beynəlxalq hüquqa əsasən dövlətlər, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq və cinayətkarları mühakimə etmək öhdəliyi daşıyırlar. Lakin bu günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyib.
Azərbaycan Milli İstiqlal Partiyası həm milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarmasını tələb edir.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!”



