NIPA-30

Rəşad Bayramov: “Cənubi Qafqaz təkcə Rusiya üçün deyil, ABŞ üçün də xüsusi önəm daşıyır”

Belə fikir var ki, ABŞ-Rusiya anlaşmasından sonra Cənubi Qafqaz daha təhlükəsiz olacaq, Bakı və İrəvan sülh sazişi üçün daha yaxşı şərait olacaq. Yəni Vaşinqton və Moskvanın bir sıra məsələlərdə ortaq mövqe sərgiləməsi Azərbaycan-Ermənistan münasibətlərinin də normallaşmasına təsirsiz ötüşməyəcək.

Məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərin əksəriyyəti həll edilib. Söhbət ondan gedir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Eyni zamanda iki ölkə arasında sülh sazişi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Məhz bunlar düşünməyə əsas verir ki, ABŞ-la Rusiya anlaşacaq və nəticədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sürətlənəcək.

Bütün bunlar ümumilikdə nə dərəcədə realdır?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, ABŞ və Rusiya arasında aparılan danışıqların təkcə Ukrayna müharibəsi ilə və ya ABŞ-la Rusiya arasında iqtisadi və diplomatik münasibətlərin bərpası ilə bağlı olmadığı məlumdur: “Danışıqlar özündə bu iki dövlətin ayrı-ayrı regionlardakı maraqları ilə bağlı müzakirələri də ehtiva edir. Yəni müzakirələr, çox böyük ehtimalla, həm də Yaxın Şərq, İran, Çin, o cümlədən də Cənubi Qafqaz və sair istiqamətlərlə də bağlı aparılır. Artıq üç ildir Ukrayna bataqlığında ilişib qalan Rusiya, təbii ki, münaqişənin bitməsi ilə digər regionlar üzərində fokuslanmağa çalışacaq. Müharibə səbəbilə ayrı-ayrı bölgələrdəki maraqlarını kifayət qədər müdafiə edə bilməyən, nəticədə Yaxın Şərqdə, Cənubi Qafqazda və bir sıra digər regionlarda oyundankənar vəziyyətə salınan Rusiya Ukrayna ilə müharibə bitəcəyi halda yenidən öz nüfuzunu bərpa etməyə çalışacaq. Konkret Cənubi Qafqaza gəldikdə, deyim ki, bu region təkcə Rusiya üçün deyil, ABŞ üçün də xüsusi önəm daşıyır. Trampın xarici siyasətində əsas xəttin İran və Çin olacağını nəzərə alsaq, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan və Ermənistan ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistanın İranla sərhəddə yerləşməsi, Mərkəzi Asiya regionunun Çinin təsir dairəsindən uzaqlaşması üçün Cənubi Qafqaz üzərindən Avropaya çıxış imkanı əldə etməsi perspektivi bölgəmizi ABŞ üçün olduqca əhəmiyyətli edir. İndi Ukrayna ilə bağlı məsələdə Rusiyaya hansısa güzəştlərə getsə belə, ABŞ öz maraqlarını Cənubi Qafqazda güzəştə getməyəcək. İndiki mərhələdə həm Rusiyanın, həm də ABŞ-ın daha çox təsir göstərə biləcəyi ölkə Ermənistandır. Ermənistanın Rusiyadan maksimum şəkildə asılılığı, hərbi bazasının olması, Ermənistan ərazisində Rusiyanın beşinci kalonunun daha aktiv fəaliyyət göstərməsi Kremlə bu ölkədə mövqeləri möhkəmləndirmək üçün hərəkətə keçməyə imkan verir. ABŞ da, öz növbəsində, Baydenin hakimiyyəti dövründə Azərbaycana təzyiqlərin fayda vermədiyini görüb. Odur ki, onların daha çox fokuslaşacağı ölkə Ermənistan olacaq. Bu iki ölkə Cənubi Qafqaz maraqlarını təmin etmək üçün mütləq şəkildə Türkiyə faktorunu da nəzərə almalıdır. Türkiyənin NATO üzvü kimi ABŞ-ın regiondakı müttəfiqi olması, eləcə də Rusiya ilə qarşılıqlı faydalı münasibətləri hər iki ölkəni Türkiyənin maraqlarını nəzərə almağa məcbur edir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi var və təbii ki, ölkəmizə qarşı hər hansı təzyiq Türkiyəni də qarşısına almaq deməkdir. Bu isə heç kim üçün arzuolunan deyil. Odur ki, ABŞ və Rusiya arasında aparılan danışıqların dolayısı ilə Azərbaycan və Ermənistana da təsirlərinin olacağı ehtimalı yüksəkdir. Amma bu təsir özünü daha çox Ermənistanın bölüşdürülməsi istiqamətində göstərəcək. Yəni başqa sözlə desək, nə ABŞ-ı, nə də Rusiyanı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunub-olunmayacağı bir o qədər də maraqlandırmır. Əgər sülh onların maraqlarına cavab verəcəksə bunu öz maraqları üçün təmin edəcəklər, yox, onlar üçün gərgin münasibətlərin qalması faydalı olacaqsa, o zaman Azərbaycan-Ermənistan münasibətlərində hər hansı dəyişiklik olmayacaq”.