NIPA-30
arzuxan

“Mənzil almaq gənclərimiz üçün əlçatan deyil” — Deputat nikahların azalmasından DANIŞDI

Təəssüf ki, ölkəmizdə boşanmaların sayı artır. Məsələ həm də nikahların azalması fonunda meydana gəlir. Nikahların azalmasının bir çox səbəbləri var. Ən başlıca səbəb gənclərin ailə qurmağa tələsməməsidir. Bu da dayanıqlı iş yerlərinin olmaması, mənzil problemləri səbəbindən yaranır. Bu gün mənzil almaq gənclərimiz üçün əlçatan deyil. Valideynin buna imkanı yoxdursa, uzun müddət lazım olur ki, mənzil problemi həll olunsun. İşlə bağlı iqtisadi problemlər də çoxdur. Bu da gəncləri məsuliyyətin altına girməkdən çəkindirir deyə nikahların sayı azalır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, boşanan ailələrin də sayı da əvvəlki illərə nisbətən xeyli sayda artıb:

“Boşanmaların sayı qurulan nikahların sayının yarısına bərabər olur. Hər iki qurulan ailədən birinin dağılma ehtimalı 40-50 faizdir. 

Statistikanın artması ciddi sosial problemdir. Bu amil gələcəkdə genofondumuza ciddi təsir edəcək. Qurulan ailələrdə 1, ən yaxşı halda 2 uşağın olmasına üstünlük verirlər. Mütəxəssislər də qeyd edir ki, ailədə 1 uşağın olması gələcəkdə əhali sayına ciddi təsir edəcək. Ən azı 2-3 uşaq olması əhalinin sayının balanslaşmasına xidmət edər. Elə bu məsələdə bir çox hallarda iqtisadi problemlərlə bağlı olur”.

Onun sözlərinə görə, digər yandan ailə insitutunun məqsədyönlü şəkildə dağıdılmasına dair işlər də görürük:

“Bəzi televiziya kanalları adətlərimizə, milli ənənələrimizə tamamilə zidd verilişlər hazırlayırlar. Reytinq, reklam xətrinə dəyərlərə üz çevirən verilişlərin təbliğatı ailə insitutunun məhv olmasına zəmin yaradır. Normal gənclər isə ailə qurarkən 100 ölçüb, 1 biçirlər, heç bir səbəb ailələrinin dağılmasına səbəb olmur. 

Digər səbəblərdən qurulan ailələr isə uzun ömürlü olmur. Boşanmanı bütövlükdə Azərbaycan cəmiyyəti üçün xarakterik olmayam yanaşma kimi görürəm, istənilən halda milli kimliyimiz üçün ailə insitutunun qorunması vacibdir. 

Ailə kiçik dövlətdir, onu idarə etmək böyük bacarıq, səbr tələb edir. Arzu edirik ki, dayanıqlı ailə fondunun inkişaf etdirilməsi istiqamətində maarifləndirici işlər aparılsın. Televiziyalar maarifləndirici verilişlər hazırlasın, KİV məsələni öz üzərinə götürsün. Xüsusilə ictimai, siyasi, cəmiyyətdə sözü keçən insanlarımız bu mövzuda avanqard mövqedə olmalıdırlar”.