Arzuxan Əlizadə: Siyasi islahatlar sağlam dialoqa xidmət edir
Ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət üçün tam olaraq açıqdır.
Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin martın 6-da Xankəndi, Əsgəran və Xocalıya növbəti birgə səfərinin təşkil olunması da ölkəmizdə dialoq mühitinin nümunəsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin yeganə amalı inkişaf siyasətinə dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümummilli məsələlərdə də vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlər çox əhəmiyyətlidir”.
A.Əlizadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xankəndi, Xocalı və Əsgəranda böyük quruculuq işləri həyata keçirilir. “Siyasi partiyalar olaraq bu prosesdə dövlətimizə siyasi dəstək verməliyik. Ölkəmizdə ümummilli məsələlərdə həmrəylik və birliyimizi hər zaman qorumalıyıq”, deyə partiya sədri vurğulayıb. yeniazerbaycan.com