NIPA-30

Rəşad Bayramov: “Suriyada Türkiyənin varlığını həzm edə bilməyən İranın açıq şəkildə hərəkətə keçdiyi ortadadır”

“Türkiyə və bir sıra ölkələrin Suriyada baş verən hadisələrə birbaşa təsiri olub”.

Bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

“Türkiyə və bir neçə ölkənin Suriyada baş verən hadisələrə birbaşa təsir göstərdiyinə kiminsə şübhəsi olduğunu düşünmürəm. Buna görə də İsrailin Suriya ərazisini geniş miqyasda işğal etməsi, Suriyanın bütün müdafiə və elmi infrastrukturunu məhv etməsi və bunun nəticəsində yaranan bütün münaqişələr kimi, indi yaranmış problemlərə görə də məsuliyyət, təbii ki, bu dəyişiklikləri və inkişafı həyata keçirənlərin üzərinə düşür”, – İranın xarici işlər naziri bildirib.

Son günlər Suriya ilə bağlı iki ölkə arasında gərginlik artır və İran baş verənlərə görə daha çox Türkiyəni hədəf alır. Üstəlik bu, daha çox Türkiyə-İran münasibətlərinin gərginləşməsinə öz təsirini göstərir. Özü də Türkiyəni o ölkə ittiham edir ki, baş verənlərin arxasında məhz özü dayanır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisin sədri Rəşad Bayramov hesab edir ki, bu gün Suriyada vəziyyətin gərginləşməsinin səbəbkarlarından biri də İrandır: “Çünki İran Suriyadakı məğlubiyyəti ilə heç cür barışa bilmir. Bunu İran rəsmiləri də açıq şəkildə dilə gətirirlər. Son iki həftədə biz dəfələrlə İran rəsmilərindən Suriyadakı vəziyyətin bu şəkildə davam etməsinin mümkün olmadığı və vəziyyətin gərginləşəcəyi ilə bağlı bəyanatlar eşitmişik. Bu bəyanatların ardınca Suriyada qarşıdurmaların meydana gəlməsi onu sübut edir ki, bu hadisələrdə İranın birbaşa əli var. Elə bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da “Əl-Cəzirə” kanalına müsahibəsində İranın xarici siyasətini tənqid edərkən əslində Tehranın Suriyada vəziyyəti gərginləşdirməkdə maraqlı olduğuna işarə edib. Fidan İranın regionda apardığı xarici siyasətin böyük risqlər daşıdığını bildirərək, bu siyasətin ölkə və bölgə üçün ağır nəticələr doğuracağını söylədi. Həmçinin bir ölkənin başqa bir dövlətdə silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını dedi. Bəyan etdi ki, başqasının pəncərəsinə daş atsanız, sizə də daş atacaqlar. Yəni Suriyada Türkiyənin varlığını həzm edə bilməyən İranın açıq şəkildə hərəkətə keçdiyi ortadadır. Nəticədə bir tərəfdən İsrailin dəstəklədiyi druzlar, digər tərəfdən Rusiya hərbi bazalarının mövcud olduğu Suriyanın bölgələrində Əsəd tərəfdarları olan ələvilər, şimalda silahlı kürdlər bu ölkəni yenidən qan çanağına döndərmək üçün hərəkətə keçiblər. İndi xarici işlər naziri Abbas Araqçınin İsrailin Suriyadakı fəaliyyətində Türkiyəni günahkar hesab edən mövqe bildirməsi əslində Tehranın Təl-Əvivlə ortaq mövqe sərgilədiyini göstərir. Çünki İsrail də Suriyada davamlı olaraq Türkiyəni hədəf alan bəyanatlarla çıxış edir. Türkiyənin Suriyada söz sahibinə çevrilməsini özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Odur ki, İran Türkiyə əleyhinə mövqeyi ilə faktiki olaraq İsraillə eyni mövqedən çıxış edir. Belə olan halda sual yaranır: dünənə qədər İranın dəstəklədiyi Əsədin əsas tərəfdarı olan druzların İsraillə hərəkət etməsində Türkiyə niyə günahkar olmalıdır? Ona görə də İranın Türkiyəyə yönəlik ittihamları əsassızdır”.