NIPA-30

“Söyüş müxalifətinin” yalan və böhtanları Azərbaycana qarşı təzyiqi artırmaq istəyənlərə bəhanə verir” – MÜSAHİBƏ

Cəmiyyətdə ictimai fikrin formalaşmasında ictimai – siyasi xadimlərin mühüm rolu var. Bu baxımdan millət vəkilləri də mühüm pay sahibidirlər. Onların cəmiyyət həyatında oynadıqları rol belə düşünməyə əsas verir ki, parlamentarilər bu və ya digər məsələ ilə bağlı ictimai şüurun formalaşmasında vacib və məsuliyyətli iş görürlər.

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az saytının növbəti qonağı oldu. O, daxili və xarici siyasətlə bağlı suallarımızı cavablandırdı. 

– Arzuxan müəllim, bəzi hallarda müxalifətçilik tamamilə başqa cür başa düşülür. Xaricdə oturub Azərbaycan dövlətini, ali rəhbərliyi tənqid edənlər özlərini real müxalifət hesab edir, belə demək mümkünsə, sizi bəyənmirlər. Bəs əslində müxalifətçilik nədir?

– Uzun müddətdir siyasətdəyəm. 30 ildən çoxdur Milli İstiqlal Partiyasında fəaliyyət göstərirəm. Hazırda partiyanın sədriyəm. Ötən illər ərzində Azərbaycan siyasi səhnəsindəki bütün insanlarla təmaslarım olub. Yeri gəlmişkən, deyim ki, Milli İstiqlal Partiyası müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçən siyasi təşkilatıdır. Bizi bu təşkilata cəlb edən onun məqam və məqsədi idi. Həmin məram və məqsədlər dövlətin milli maraqlarının hər şeydən üstün tutulması prinsipi üzərində qurulmuşdu. Biz bu illər ərzində dövlət maraqlarından, milli maraqlardan kənar bircə addım da atmamışıq. Bir çox halda öz partiya maraqlarımıza xələl gəlməsinə rəğmən, dövlət maraqlarını hər şeydən üstün tutmuşuq. Mən bu illər ərzində bir çox siyasilərin hakimiyyətə gəlmək üçün yox, müxalifətdə birinci olmaq üçün mübarizə aparmalarının şahidi olmuşam. Bu gün Avropada oturub blogerlik etməklə öz dövlətinə qarşı mübarizə aparanlar var. Bu, nə mübarizədir, nə də müxalifətçilik. Birbaşa olaraq “düşmən dəyirmanına su tökməkdir”. Çünki heç bir halda dövlət maraqlarına qarşı çıxmaq olmaz. Bu illər ərzində biz bütün seçkilərdə iştirak etmişik. Namizədlərimizə qarşı ədalətsizliklər olsa da, heç vaxt Avropa məhkəməsinə üz tutmamışıq. Çünki biz dövlətimizə qarşı çıxmaq istəməmişik. Bəzən bizim rayon təşkilatlarımız sökülüb, dağılıb, yerində biznes strukturu tikilib. Bizə deyiblər ki, Avropa məhkəməsinə müraciət edin. Amma bu barədə heç düşünməmişik də. Çünki dediyim kimi, bizim üçün dövlət maraqları hər şeydən üstündür. Əlbəttə, müxalif fikir, müxalif siyasi təşkilatlar olmalıdır. Çünki müxtəlif fikirlilik olan yerdə inkişaf olur. Hər kəs eyni düşünə bilməz. Adətən fərqli fikirlər arasında çoxluğun seçdiyi variant daha doğru olur. Əvvəlki illərdə müxalifətdə təmsil olunanları düşmən kimi qələmə vermək istəyənlər də olub. Son beş ildə Azərbaycanda yeni siyasi münasibətlər sisteminin formalaşması və dialoq mühitinin mövcudluğunun təmin olunması istiqamətində atılan addımlar siyasi mühitdə müsbət mənada ciddi dəyişikliklərə səbəb oldu. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. 2020-ci ilin fevral-mart aylarından başlayaraq şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən 60-a yaxın qeydiyyatdan keçən və keçməyən siyasi təşkilatların rəhbərləri, funksionerləri ilə silsilə görüşlər keçirir. Bu təmaslar hələ də davam edir. İndiyə qədər dəfələrlə görüşlər keçirilib, işğaldan azad olunmuş torpaqlara səfərlər təşkil olunub. Ədalət müəllim son görüşlərimizin birində dedi ki, vaxtı ilə müxtəlif beynəlxalq təşkilatlar Azərbaycana gələrək iqtidarla müxalifət arasında dialoq mühitinin təmin olunmasına çalışırdılar, bu gün isə ona ehtiyac yoxdur. Bu, doğrudan da, belədir. Ötən beş il ərzində 12 siyasi partiya qeydiyyata alındı, istisnasız olaraq bütün siyasi partiyalar qərargahla təmin olundu, yeni mühit formalaşdı. Milli Məclisdə, bələdiyyələrdə təmsilçilik məsələsinin reallaşması da bunun təzahürüdür. Məsələn, Milli İstiqlal Partiyası olaraq biz 25 ildən sonra yenidən parlamentə qayıtdıq. Həmçinin 15 ildən sonra bələdiyyələrdə təmsil olunmağa başladıq. Eyni zamanda bir sıra təkliflərimiz qəbul olundu. Buna nümunə olaraq deyə bilərəm ki, biz parlamentdə azlıqda olan siyasi təşkilatların parlament rəhbərliyində təmsil olunmasını istəyirdik. Buna nail olduq. Bu gün parlament sədrinin bir müavini, bir komitə sədri, komitə sədrlərinin müavinləri arasında müxtəlif partiyaların sədrləri, funksionerləri var. Biz hətta dövlət qurumlarında müxalifətdən olan partiya nümayəndələrinin mütəxəssis olaraq iştirak etməsinə dair təkliflə çıxış etmişik. Düşünürük ki, buna ehtiyac var. Biz bu dialoq mühitinin uğurlu nəticəsini İkinci Qarabağ müharibəsi dövründə gördük. 44 günlük savaş dövründə, demək olar, bütün siyasi təşkilatlar birgə bəyanatla çıxış etdilər. Biz Milli İstiqlal Partiyası olaraq o zaman bəyanat yayaraq bildirmişdik ki, hətta sıravi əsgər kimi döyüşməyə və lazım gələrsə bu müddət ərzində partiyanın fəaliyyətini dondurmağa hazırıq. Müharibə dövründə 200-dən artıq beynəlxalq təşkilata, təmsil olunduğumuz qurumlara Azərbaycan həqiqətlərini çatdırdıq. Yeri gəlmişkən deyim ki, Milli İstiqlal Partiyası ölkə daxilində ən geniş beynəlxalq əlaqələrə malik müxalif təşkilatdır. Bu, bizə İkinci Qarabağ müharibəsində Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdırmağa kömək etdi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın son 200-300 illik tarixində heç vaxt rast gəlinməyən həmrəylik nümayiş olundu. Beləliklə, Azərbaycana qarşı olan qüvvələr gördülər ki, daxildə vahid mövqe var və bu mövqe dövlətə dəstəkdən ibarətdir. Bu mənada onlar niyyətlərini reallaşdıra bilməyəcəklərini anladılar. Hazırkı mühitin davam etdirilməsinə çox ehtiyac var. 30 il tarix üçün qısa müddətdir. Biz bu illər ərzində enişli-yoxuşlu, çətin dövrdən keçmişik. Torpaqlarımız işğal altına düşəndə beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri mövcud durumla barışmağımız üçün bizə təzyiq edirdilər. Biz buna getmədik, siyasi iradə ortaya qoyduq. Bu gün ABŞ və Avropa Ukraynadan çıxan qaçqınlara qucaq açıblar. Lakin bizə həmin münasibət göstərilmədi. Qaçqın və köçkünlərimiz uzun illər məhrumiyyət içində yaşamalı oldular. Türkiyə və bəzi dövlətlər siyasi mənada bizə dəstək olsalar da, bütün çətinliklərdən öz gücümüz hesabına çıxdıq. Bu gün Azərbaycan bütövlükdə region üçün yeni reallıqlar formalaşdırır. Bu gün rəsmi Bakı Ankara ilə birlikdə regionun əsas güc sahibidir. Azərbaycanla hesablaşırlar. Rusiya, İran uzun illər Azərbaycana yuxarıdan aşağı baxırdılar. indi isə biz regionun ən güclü ordusuna malikik. İqtisadiyyatımız günü-gündən güclənir. Həmçinin biz separatçılıqdan, terrorçuluqdan xilas olmaq nümunəsi təqdim etdik. İkinci Qarabağ müharibəsi zamanı hərbçilərimizin göstərdiyi şücaət aparıcı dövlətlərin hərb dərsliklərinə düşüb. Belə ki, Azərbaycan ordusu ilk dəfə olaraq beşinci nəsil silahlardan istifadə etməklə yeni model ortaya qoydu. İndi hamı Azərbaycanın gücü ilə barışmalıdır. Ermənistan silahlandırılır, revanşist addımlara sövq edilir, halbuki regionun əsas oyunçusu Azərbaycan və Türkiyədir. Hər iki dövlətin Türk dünyasının güclənməsində mühüm rolu var. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu, əslində bütün Azərbaycan xalqının yanaşmasıdır. Əvvəllər dünya ikiqütblü idi – ABŞ və SSRİ var idi. Bu gün isə ABŞ dünyanın tək qütbü olmağa çalışır. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desəm, dünya beşdən böyükdür. Yəni dünya təkcə BMT TŞ-nin beş daimi üzvünün iradəsindən asılı deyil. Bu gün biz Türk dövlətlərini dünyanın əsas qütblərindən birinə çevirməyə  çalışmalıyıq. Bu istiqamətdə işlər gedir. Bunu bacarsaq, bütövlükdə Tük dünyasını gələcək təhdidlərdən qorumuş olacağıq. Siyasi, sosial mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycanın, Türk dünyasının güclənməsi üçün “əlini daşın altına qoymalıdır”. Ölkə daxilindəki problemlər daxildə də həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət də bir ailədir, problemin həlli üçün qonşuya müraciət etmək heç bir halda doğru deyil. Dövlət və milli maraqlarımızın qorunması hər birimizin əsas borcudur.

– Sizin qeyd etdiyiniz reallıqları özünü əsl müxalifət hesab edənlər də başa düşür və qəbul edirmi?

– İnanmıram ki, başa düşməsinlər. Amma, görünür, hərənin öz yolu var. 2010-cu ildə parlament seçkilərindən sonra ictimai palata formalaşdı. Bu proses Milli İstiqlal Partiyasının qərargahında baş tutdu. O zaman mən partiyamız adından ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı bir sənəd hazırlamışdım. Məqsədimiz sənədi Azərbaycan hakimiyyətinə, cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim etmək, həmsədrlərin vasitəçilik missiyasından imtina olunması idi. Çünki Azərbaycana təzyiqlər edilir, turistik səfərlərlə məşğul olurdular. Biz bilirdik ki, Minsk Qrupunun əsl məqsədi vaxtı uzatmaq və beləliklə Azərbaycan xalqını işğal faktı ilə barışdırmaq idi. Həmin sənədi ictimai palatada olan siyasilərə təqdim edəndə bir çoxu həmin sənədin altına imza çəkməkdən imtina etdilər. Səbəbini soruşanda dedilər ki, biz yaxın gələcəkdə hakimiyyətə gələcəyik, ona görə də Avropa ilə münasibətləri pisləşdirmək istəmirik. Bu məni üzdü. O zaman da dedim ki, biz heç bir kənar qüvvənin dəstəyi ilə hakimiyyətə gəlmək istəmirik. Əksinə, biz Azərbaycan dövlətinə qarşı olan təşkilatlarla münasibəti tam kəsməyə də hazırıq. Beləliklə, biz sənədi təklikdə ictimailəşdirdik. Bundan sonra müəyyən anlaşılmazlıqlar oldu və biz həmin təşkilatda fəaliyyətimizi dayandırdıq. Əlbəttə, ölkənin siyasi həyatında siyasi partiyaların fəaliyyətini yüksək qiymətləndirirəm. Amma onlar da nəzərə almalıdırlar ki, hələ təhdidlər bitməyib. Bu gün də regionu poliqona çevirmək istəyənlər var. Bizim həmrəyliyimiz dövlətin müqavimətini də gücləndirər. Ona görə də bir olmalıyıq. 

– Bəzi Qərb dövlətləri, o cümlədən ABŞ, Fransa “öz gözlərindəki tiri görməyib bizim gözümüzdə çöp axtarırlar”. Halbuki öz ölkələrində insan haqları pozulur, polis zorakılıqları ara vermir. Bu ziddiyyəti necə qiymətləndirirsiniz?

– Bu dövlətlər sizin də dediyiniz kimi, özlərindəki daha ciddi problemləri görmürlər. Fransa özünün müstəmləkəçilik siyasəti ilə uzun müddətdir gündəmdədir. Rəsmi Paris Şimali Afrika ölkələrində soyqırımlarda iştirak edib. Ölkə daxilində də problemlər az deyil. Həmçinin dini-irqi ayrı-seçkilik də göz qabağındadır. Ümumiyyətlə, dünyada xristian təəssübkeşliyi var. Bir çox xristian dövlətləri İslam dövlətlərinə, Türk dünyasına qarşı düşmənçilik mövqeyindən çıxış edir. Əslində Ermənistana havadarlıq edən xristian dövlətlərinin erməni sevgisi yoxdur. Bu, ermənilərdən istifadə etməklə Türk dünyasına zərbə vurmaq siyasətidir. Ermənilər istifadə olunmağa öyrəşiblər. Bu gün də Rusiyanın təsiri altındadırlar. Ermənistan baş naziri Nikol Paşinyan onu hakimiyyətə gətirən Qərbə inteqrasiyaya çalışır. Yeri gəlmişkən deyim ki, Paşinyan hakimiyyəti Rusiyanın ölkəsindən sıxışdırılıb çıxarılması ilə bağlı Qərb qarşısında öhdəlik götürüb. Qərb ermənilərdən istifadə etməklə regionda öz maraqlarını təmin etməyə çalışırlar. Bizi qınamaq da bu siyasətin tərkib hissədir. İkinci Qarabağ müharibəsi dövründə Fransa Azərbaycanın haqlı mübarizəsini dəfələrlə fərqli konteksdə BMT TŞ-yə daşımaq istəyirdi. Lakin buna nail ola bilmədi. Onu da deyim ki, həm Azərbaycanın, həm də Ermənistanın Avropa Şurası Parlament Assambleyasında üzərinə götürdüyü öhdəliklər var. Biz onları yerinə yetirdik. Bu illər ərzində işğal faktı ilə bağlı heç bir ciddi bəyanat ortaya qoyulmayıb, həmçinin Ermənistana sanksiya tətbiqi məsələsi gündəmə gəlməyib. Amma Azərbaycan torpaqlarını işğal edir, ədaləti təmin edir və sərhədləri tanıyan həmin qurumların özləri tərəfindən məhdudiyyətlərə məruz qalır. Bütün bunlara baxmayaraq, bu gün 27 Avropa ölkəsindən onu ilə Azərbaycanın strateji əlaqələri var. Azərbaycan bir çox Avropa ölkəsinin enerji təhlükəsiziyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycana qarşı bəhanələrin tapılmasında ölkə daxilindəki müəyyən siyasilər, hətta məmurlar da iştirak edir. Əlbəttə, belə halların qarşısı alınmalıdır. “Söyüş müxalifətinin” yalan və böhtanları Azərbaycana qarşı təzyiqi artırmaq istəyənlərə bəhanə verir. Lakin istənilən halda rəsmi Bakı artıq sübut edib ki, bütün təhdidlərin qarşısını almaq iqtidarındadır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə reallaşa bilməz. Bu, reallıqdır. Ermənilər hələ də anlamır ki, regiondan kənar qüvvələrə arxayın olmaqla Cənubi Qafqazda nəyəsə nail ola bilməzlər. Əgər çökmüş iqtisadiyyatlarının dirçəlməsini, regionda sabitliyin, əməkdaşlıq mühitinin təmin olnumasını istəyirlərsə, mütləq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Bundan ən çox divident götürən İrəvan özü olacaq. Amma təəssüf ki, Ermənistan hələ də bölgədənkənar qüvvələrin ağalığını qəbul edərək nəyəsə nail olmağa çalışır. 

Son zamanlar həm Ermənistan, həm də onun havadarlarları Azərbaycanda saxlanılan və məhkəməsi davam edən terrorçular məsələsindən istifadə edərək Bakıya təzyiq edir…

-Əslində onların heç bir ciddi arqumentləri yoxdur. İkinci dünya müharibəsindən sonra Nünberq prosesi ilə faşist Almaniyasının cinayətlərdə əli olan bir çox şəxsi məhkəmə qarşısına çıxdı və cinayətlərini etiraf etdilər. İndi Bakıda keçirilən məhkəmələrlə həmin hadisəni müqayisə edə bilərik. Bakıda keçirilən məhkəmələr Nünberq prosesinin prototipi kimi də qəbul oluna bilər. Çünki ittiham olunanlar təkcə Azərbaycana yox, bütövlükdə bəşəriyyətə qarşı cinayətlər də iştirak ediblər. Onlar istintaqda bülbül kimi ötüblər. Məhkəmədə də əməllərini, o cümlədən Xocalı faciəsində iştirak etdiklərini, savaş vaxtı Azərbaycanın dinc şəhərlərini hədəf aldıqlarını etiraf ediblər. İndi bütün bunlar görməzdən gəlinir. Azərbaycanda saxlanılan terrorçulara hər cür şərait yaradılıb. Beynəlxalq ictimaiyyət bunu başa düşür. Amma fərqli rəy yaratmağa çalışır. Təəssüf ki, dünya ədalətsiz dünyadır. İndi beynəlxalq hüquq tapdalanır, “güclüsənsə haqlısan” prinsipi dominantlıq təşkil edir. Azərbaycan bu gün nə otuz il, nə də beş il əvvəlki Azərbaycandır. Əlbəttə, bütün cinayətkarlar öz layiqli cəzalarını alacaqlar. Amma Azərbaycanda saxlanılardan başqa, nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı cinayətlərdə iştirak edən başqa cinayətlər, o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan hələ də azadlıqdadırlar. Onlar da cinayətlərinə görə məsuliyyətə cəlb olunmalıdırlar. Sarkisyan özü cinayətlərini etiraf edib. Məsələn, o deyib ki, Xocalı faciəsinə qədər Azərbaycan ermənilərin ciddiliyini anlamırdı. Amma İkinci Qarabağ müharibəsi zamanı göstərdik ki, qorxaq biz deyilik, döyüşlər zamanı 11-12 min fərarisi olan Ermənistan dövlətidir. 2023-cü ildə Azərbaycanda təxminən 10 min terrorçu var idi. Anti-terror əməliyyatları zamanı onlardan mini zərərsizləşdirildi, qalanları isə qaçdı. Belə fərari birinin indi hansısa mövqe ortaya qoyması məntiqsizlikdir. Belə bi zamananda Azərbaycana qarşı hücumların qarşısının alınması istiqamətində hər birimizin – o cümlədən siyasətçilərimizin, diaspor təşkilatlarımızın, vətəndaş cəmiyyətinin, medianın mühüm rolu var. 

Belə iddialar var ki, Ermənistan apreldə yeni müharibəyə başlamağa hazırlaşır. Ümumiyyətlə, sanki İrəvan sülhlə müharibə arasında qalıb. Sizcə, hansını seçəcək?

-Ermənistan özünü beynəlxalq ictimaiyyətə sülhpərvər kimi göstərməyə çalışır. Rəsmi İrəvan elə fikir yaratmağa çalışır ki, guya sülhə mane olan Azərbaycandır. Halbuki Azərbaycanın haqlı, ədalətli və konkret mövqeyi var. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bu iddialar qanunvericilik səviyyəsində aradan qalxmadıqca sülh olmayacaq. Həmçinin Qazaxın üç və Naxçıvanın bir kəndi hələ də işğal altındadır. Delimitasiya və demarkasiya prosesi Azərbaycanın haqlı tələblərinə uyğun davam etdirilməlidir. Ermənistan 2020-ci il 10 noyabr kapitulyasiya aktının şərtlərinə əməl etməli, o cümlədən kommunikasiya xətlərinin açılmasına razı olmalıdır. Sülh sazişi üçün bizim beynəlxalq hüquqa əsaslanan tələblərimiz yerinə yetirilməlidir. Amma Ermənistan havadarlarının təhriki ilə revanşist addımlara cəhd etsə, ən çox özü ziyan çəkəcək. Bu gün Ermənistanda praqmatik düşüncəyə malik siyasətçilər, politoloqlar var. Onlar deyirlər ki, Azərbaycan və Türkiyə ilə anlaşmasaq Ermənistanın taleyi qaranlıq olacaq. Əgər Ermənistan eskalasiya yolunu tutsa, mövcudluğu təhlükə altına düşəcək. Onlar bunu anlamalıdır. Prezident İlham Əliyevin yanvarın 7-də yerli KİV-ə müsahibəsində dediyi kimi, bizim səbrimiz tükənməz deyil. 

Cəbhədə xeyli vaxtdır sakitlik idi, amma bir müddət əvvəl Ermənistan yenidən atəşkəsi pozdu. Sizcə, bu nəyəsə işarədir?

-2020-ci ilin oktyabrında şərti sərhəddə Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərməsi ilə bağlı razılıq əldə olundu. Həmin kontingent 40 nəfərlik idi. Ancaq tədricən artdı. Üstəlik, Azərbaycanın etirazına baxmayaraq, missiyanın fəaliyyət müddəti uzadıldı. Missiya əslində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onların nümayişkəranə şəkildə Azərbaycan ərazilərini müşahidə etməsi ərazi bütövlüyümüzə təhdid, daxili işlərimizə qarışmaq cəhdi kimi qiymətləndirilməlidir. Hər halda binoklla müşahidə etmək əvəzinə, peyk görüntüləri vasitəsilə də informasiya əldə edə bilərlər. Hazırkı ritorikaları ilə qıcıq yaratmağa, ermənilərə əlavə dəstək nümayişidir. Bunun fonunda da Ermənistan zaman-zaman təhrikedici, təxribat xarakterli addımlar atır. Müharibədən sonra bir neçə dəfə belə provokasiyalar olub. Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə deyib ki, Ermənistan ordusunda kənar güclərə xidmət edənlər var. Sözsüz, o, Rusiyanı nəzərdə tuturdu. Bu, tipik erməni riyakarlığıdır. Biz hələ ki, təmkinimizi qoruyuruq və amma davam edərsə, gələcəkdə ciddi şəkildə qarşılıq verilə bilər. 

Elə isə Ermənistanın bu sabotajları həm də Aİ-nin müşahidə missiyasının fəaliyyətsizliyinin təzahürü kimi qiymətləndirilə bilərmi?

– Əlbəttə. İki il bundan əvvəl sərhəddə eskalasiya olarkən missiya nümayəndələri qaçıb gizlənmişdilər. Onların nə işlə məşğul olduqlarını bir özləri bilir, bir də onları buraya göndərən. Amma cənub qonşumuz da proseslərin fərqində olmalıdır. Bir-iki dəfə Ermənistana yumşaq formada xəbərdarlıq edilib. Lakin bu, kifayət deyil. Tehran “qulağının dibində” olanları görmür, ya da görmək istəmir. Ermənistan da reallıqların fərqində olmalı, başa düşməlidir ki, regiondankənar oyunçu buraya gələnə qədər Ermənistandakı Rusiya bazası və Azərbaycanın hərbi gücü öz sözünü deyəcək, təxribatların qarşısı alınacaq. 

  • – İranla Azərbaycan arasındakı münasibətlər, sizcə, bundan sonra necə inkişaf edəcək?
  • Qarşı tərəf müəyyən müsbət mesajlar verir. Amma biz Tehranın əməli ilə sözünün üst-üstə düşməməsini müşahidə edirik. Azərbaycanla normal qonşuluq münasibətlərində maraqlı olduğunu iddia edən İran bunun əksini nümayiş etdirir. Biz otuz ildə Tehranın İrəvana dəstəyinin şahidi olduq. Özünü Azərbaycanın din qardaşı kimi təqdim edən İran İslam dininə qarşı düşmənlik edən, Qarabağda 65 məscidi dağıdan ermənilərə dəstək verir. Ermənistan da dəfələrlə etiraf edib ki, İranın dəstəyi olmadan ayaq üstə qala bilməzdi. Onu da nəzərə almaq lazımdır ki, Tehranda səfirliyimizə hücum edən terrorçu hələ də ölüm hökmünə məruz qalmayıb. Halbuki adi bir məsələyə görə dərhal kimisə edam edirlər. Məsələ bununla da bitmir. İrandan Azərbaycana narkotik keçirilir. Bu, Azərbaycanın genefonduna təhdiddir. İran Azərbaycanda gənclər arasında narkotik istifadəçilərinin sayının artmasına şərait yaradır və xüsusilə cənub bölgələrimizdə buna müəyyən mənada nail olub. Eləcə də dini müstəvidə fars dövlətçiliyini ictimai şüura yeritmək istəyirlər. Bununla belə, biz həmişə qonlularımızla, o cümlədən Azərbaycana riyakarlıq edən İran və Rusiya ilə normal qonşuluq münasibətində maraqlıyıq. Ən azından ona görə ki, İranda 40 milyon soydaşımız yaşayır və onların taleyi bizi maraqlandırır. İran və Azərbaycanın müştərək tarixi var. 1925-ci ilə qədər İrana rəhbərlik edənlər də Azərbaycan türkləri olub. Ölkədə bütün inqilablar Azərbaycandan başlayıb. Nəzərə almaq lazımdır ki, Suriyadan sonra növbə İranındır. ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt mövqe tutacağı istisna edilmir. Belə bir vəziyyətdə Tehran Bakı ilə əlaqələri qorumalı, İsraillə münasibətlərimizə görə bizi ittiham etməməlidir. Hər halda ermənilər İrana təhdid yarada biləcək bəzi ölkələri sərhədə gətirib. Onu gözardı edib, Azərbaycanı günahlandırmaq üçün bəhanə axtarmaq doğru deyil. İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün yalnız sözlərlə kifayətlənməməli, bunu əməldə də göstərməlidir. 
  • Son olaraq Trampın Cənubi Qafqaz siyasəti barədə nə düşünürsünüz?
  • Demokratlardan fərqli olaraq Respublikaçılar Azərbaycana qarşı həmişə daha konstruktiv olublar. Bunu Trampın birinci hakimiyyəti dövründə də görmüşdük. Azərbaycana qarşı 907-ci düzəlişin də müəllifi məhz Demokratlar olub. Odur ki, hazırkı hakimiyyət dövründə ikitərəfli münasibətlərin daha yaxşı olacağına ümid edirik. O, biznes adamıdır. Başa düşür ki, regionda iqtisadi güclü Azərbaycanla münasibətlər ABŞ üçün daha maraqlıdır, nəinki Ermənistanla. Həmçinin ABŞ-nin İranla bağlı siyasətində də Azərbaycan mühüm rol oynaya bilər. Yəqin ki, Ağ Ev rəhbəri bunu nəzərə alacaq, münasibətlərin inkişafı istiqamətində addımlar atılacaq.