NIPA-30

Niderlanddan iki anti-Azərbaycan addım

Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Sənədə İrəvanda Ermənistan və Niderland xarici işlər nazirləri Ararat Mirzoyan və Kaspar Veldkamp imza atıb. “Ermənistan və Niderland Krallığı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi olan yeni bir mərhələdir”, – Mirzoyan deyib.

Maraqlıdır ki, martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistandakı  fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə  məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib. Görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmansla görüşdə əldə olunmuş razılaşmalar müzakirə edilib.

Son illər Niderland Azərbaycan əleyhinə əsası olmayan iddialar səsləndirib. Bu ölkənin parlamenti bir müddət bundan əvvəl ermənilərin Qarabağdan “məcburi çıxarılması” ilə bağlı hay-küy qaldırmışdı. Ümumiyyətlə, Ermənistanın 30 illik işğalçılıq siyasətinə bir dəfə də münasibət bildirməyən bu ölkə parlamenti 44 günlük Vətən müharibəsindən sonra bir neçə anti-Azərbaycan qətnamələri qəbul edib. Rəsmi Bakı Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının ötən ilin oktyabrında qəbul etdiyi iki qətnaməni Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi akt kimi qiymətləndirib.

Parlamentdən sonra Niderlandın hökumət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Azərbaycan XİN Niderland tərəfinin qərəzli mövqelərinə hər dəfə tutarlı cavab verməklə yanaşı, bu mövqeləri ikitərəfli münasibətlərə növbəti bir zərbə kimi qiymətləndirib. Qeyd edək ki, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp anti-Azərbaycan qətnamələrə dəstək verib. Ötən il ölkəmizdə keçirilən COP29-u boykot etməyə çağıran dövlətlər sırasında Niderlandın da adının olduğunu unutmayaq.

Bu azmış kimi, martın 13-də Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib. Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər.

Yada salaq ki, Niderland Krallığının siyasi məsələlər üzrə nazirinin müavini Marsel de Vink bir neçə gün öncə Azərbaycanda səfərdə olmuşdu. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə  münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Bir tərəfdən Ermənistanla strateji tərəfdaş olub, o biri tərəfdən Azərbaycana səfər edib qeyd etdiyimiz məsələləri müzakirə etməyin anlamı nədir?

Qərəzli mövqedə olan ölkənin Ermənistanla strateji tərəfdaşlığı rəsmiləşdirməsi Azərbaycana gələcəkdə hansısa problemlər yarada bilərmi?

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Niderland Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında olduğu dövrdə də ikili, ədalətsiz münasibət sərgiləyib, işğalçıya dəstək verib: “Niderlandın bundan əvvəlki hökumətinin Azərbaycanla bağlı mövqeyi çox neqativ  idi. Ondan sonrakı dönəmdə ümid edilirdi ki, yeni hökumət fərqli münasibət sərgiləyəcək. Təəssüf ki, yeni hökumət də əvvəlkindən fərqlənmədi. Ötən ilin sentyabrında yeni hökumətin xarici  siyasət konsepsiyası açıqlandı və orada Azərbaycanın işğaldan azad olunmuş əraziləri Azərbaycan tərəfindən ələ keçirilmiş ərazilər kimi təqdim olundu. Bu da bir daha onu deməyə əsas verir ki, Niderland Azərbaycana münasibətində çox ciddi dəyişikliklər etməlidir. Çünki iki ölkə arasında ən azından iqtisadi-ticari münasibətlərin normal məcrada inkişaf etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyi məqamlar var.  Təbii ki, hər ölkənin hansı ölkə ilə münasibətlərini necə qurması onun öz daxili işidir. Amma əgər Ermənistanla strateji tərəfdaşlıq Azərbaycana qarşı yönəlirsə, təbii ki, həmin ölkə ilə münasibətlərin hansı müstəvidə müəyyənləşdirilməsi məsələsi diqqət mərkəzinə gəlir. Azərbaycana düşmən olan ölkəyə dəstək verən ölkə ilə münasibətlərə yenidən baxılmasına ehtiyac yarana bilər. Bu, Niderland hökumətinin diqqətinə çatdırıla bilər. Niderland parlamentində və cəmiyyətində Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində isə iş aparılmalıdır”.