NIPA-30

Afsəddin Nəbiyev: “Bakı Forumundakı müzakirələr BMT-nin gələcək taleyinin formalaşmasına yön verəcək”

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

Furum çərçivəsində keçirilən müzakirələrdə BMT-nin buraxılması və ya buraxılmaması ilə bağlı maraqlı fikirlər səslənib. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə hazırda çoxqütblü dünya haqqında danışıldığını vurğulayaraq deyib: “Çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.

Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: “Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək”.

Bütün bu deyilənlərin fonunda, XII Qlobal Bakı Forumu BMT-nin sabahkı taleyinin müəyyənləşdirilməsi baxımından ümumi gözləntilərə necə cavab verəcək? Ümumən, Forumdakı müzakirələr BMT-nin taleyinə necə təsir göstərəcək?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, 1945-ci ildə BMT yaradılarkən onun dünyanın bütün siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini, dövlətlər arasında baş verən münaqişələrin həll edə biləcəyinə inam böyük idi: “Çünki BMT dövlətlərarası münasibətləri kollektiv formada tənzimlənməsinin yeni modeli kimi qəbul olunurdu. Yarandığı illərdə BMT səmərəli, işgüzar fəaliyyəti ilə tanındı. Ancaq keçən əsrin 90-cı illərdən başlayaraq onun fəaliyyətində ciddi nöqsanlar özünü göstərməyə başladı. Bunun birinci səbəbi kimi böyük dövlətlərin iradəsinə tabe olmaq ən ciddi nöqsan kimi qiymətləndirilə bilər. Xüsusilə ABŞ-ın təşkilatda əsas söz sahibi kimi öz iradəsinə uyğun qərarların qəbuluna nail olması getdikcə qurumu nüfuzdan salmağa başladı. Hazırda BMT-nin yeniləşməyə ehtiyacı olduğundan bəhs edən çoxlu nəzəriyyələr mövcuddur. Bütün bunların fonunda müasir şərtlər daxilində, dünyanın mürəkkəb təhlükəli bir vəziyyətə gətirildiyi anda onun rolunun nədən ibarət olduğu belə tam aydın deyil. Müxtəlif fikirlər mövcuddur. Belə bir vəziyyət yarandığına görə, BMT kimi beynəlxalq təşkilatın indiki durumu və gələcəyi üzərində bir çox dünya dövlətləri tərəfindən yeni təşkilatın formalaşmasına aid fikirlərə zərurət yarandığı artıq reallığa çevrilib. Çünki bəlkə də dünyanın dəyişməsi, təhlükəsiz idarə olunması BMT-nin struktur və funksional baxımdan yenilənməsindən asılıdır. Biz indi də görürük “böyük beşlik” dövlətləri BMT-ni monopoliyaya alaraq problemlərin beynəlxalq normalar çərçivəsində ədalətli həllinə cəhd göstərmirlər. Elə bu səbəbdən də dünyada hazırda xeyli münaqişələr, həllini gözləyən hərbi, iqtisadi ekoloji humanitar problemlər dərinləşməkdə davam edir. Biz də dövlət olaraq BMT-nin münaqişə dövrü və sonrakı dövrlərdə işğalçı Ermənistana qarşı ciddi həlledici addımların atılmasını görmədik. Ona görə BMT-də ciddi islahatların aparılması üçün ideyaları dəstəkləyirik. Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT barədə tezislərini yüksək qiymətləndirirəm. BMT yenilənməli, perspektivli bir quruma çevrilməlidir. Hesab edirəm ki, Bakı Forumundakı müzakirələr BMT-nin gələcək taleyinin formalaşmasına yön verəcək. Oradakı müzakirələr bu məsələnin nə qədər vacib olduğunu dünyanın gündəminə gətirir”.