NIPA-30

Quru sərhədləri bir şərtlə açıla bilər… – Millət vəkili açıqladı

“May ayında Bakı-Tbilisi qatarı nəhayət ki, fəaliyyətini yenidən bərpa edəcək. Buna əsasən, deyə bilərik ki, digər quru sərhədlərin açılması da gözlənilir”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress-ə bildirib. 

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın haqlı tələblərini tam formada yerinə yetirərsə, o zaman dayanıqlı sülhə imza atıla və təhlükəsizlik təmin oluna bilər. Bunun nəticəsində quru sərhədlərin açılması da mümkündür: 

“Hələ də işğal altında olan 4 kəndin geri qaytarılması, 10 noyabr Bəyanatı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, kommunikasiya xətlərinin, nəqliyyət qovşaqlarının açılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana maneəsiz keçidin təmin edilməsi və bir sıra digər məsələlər üzrə razılaşmalar əldə olunduqdan sonra digər düyün salmış mövzuları da müzakirə etmək mümkün olacaq. Aqressor dövlət kimi Ermənistan nə vaxt və hansı formada bu öhdəlikləri yerinə yetirəcəksə, yalnız ondan sonra sülh müqaviləsinin real olaraq imzalanmasından söhbət gedə bilər”.

Deputat bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra regionda sabitliyə nail olmaq istiqamətində əhəmiyyətli addım atılmış olacaq. Bu da müəyyən qədər təhdidlərin qarşısını alacaq. 

“Amma təbii ki, mövcud təhdidlər aradan qaldırılmalıdır. Çünki hər şeydən vacib ölkənin təhlükəsizliyi məsələsidir ki, bunlar nəzərə alınmalıdır. Bundan sonra təbii ki, digər məhdudiyyətlər də aradan qaldırılacaq və quru səhrədlər açılacaq”.

Qeyd edək ki, quru sərhədlər artıq 6 ildir ki, bağlıdır. Bununla bağlı qərar 2020-ci ilin martında koronavirus infeksiyasına ilk yoluxma halı müəyyən edildikdən sonra tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində qəbul edilib.