Arzuxan Əlizadənin 60 illik yubileyidir
Martın 18-i Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin doğum günüdür.
Onun 60 yaşı tamam olur.
Bakı şəhərində anadan olan Arzuxan Əlizadə gənc yaşlarında siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. O, 1987-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub, 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü, AXC Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olub.
1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olan Arzuxan Əlizadə 1998-ci ildə AMİP Mərkəzi Aparatında sektor müdiri, 1999-cu ildə Təşkilat şöbəsinin müdiri təyin edilib. 1998-ci ildə AMİP Mərkəzi Şurasının, 2001-ci ildə AMİP Siyasi Şurasının üzvü seçilib.
2005-ci ilin martında AMİP baş katibi olub, bir qədər sonra MSK üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq partiyada tutduğu vəzifədən istefa verib. Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilib.
Deputat 2004, 2009 və 2014-cü il bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilib, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olub.
2024-cü il növbədənkənar parlament seçkilərində 27 saylı Sabunçu ikinci seçki dairəsindən seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
Ömrünün çox hissəsini aktiv siyasətdə keçirən Arzuxan Əlizadə daim millətə, dövlətçiliyə xidmət edib. Onun türkçülük, milliyətçilik, dövlətçilik ideologiyası heç vaxt dəyişməyib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və kollektivi ömrünün böyük hissəsini dövlətçiliyə və millətə xidmətə həsr edən dəyərli millət vəkilimizi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayır.
Musavat.com