Afsəddin Nəbiyev: “Onların erməni hakimiyyət nümayəndələri ilə əlaqələri narahatlıq doğurur”
Hələb qubernatoru Əzzam əl-Qərib Ermənistan Respublikasının Hələbdəki baş konsulu Ara Avetisyan ilə investisiya layihələri və turizmin inkişafına xüsusi diqqət yetirərək, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.
Bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, tərəflər Hələbin erməni icmasındakı vəziyyəti də müzakirə ediblər. Əl-Qərib əyalətin Ermənistanla infrastruktur və iqtisadi artım sahələrində strateji tərəfdaşlığın qurulmasına dəstəyini bir daha vurğulayaraq, ortaq mədəni irsin qorunmasının vacibliyini vurğulayıb. Bundan əvvəl Hələb qubernatorunun müavini Əli Xannurə və onu müşayiət edən nümayəndə heyəti ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Ermənistanın Hələbdəki baş konsulluğunda olub.
Çox qəribədir, Bəşər Əsəd rejimi dönəmində də Suriya Ermənistanla qardaş olur, rejim dəyişəndən sonra da iki ölkə arasında çox yaxın münasibətlər qurulur. Halbuki, Ermənistan Əsəd rejiminin qatı tərəfdarı olduğu üçün hakimiyyətə gələn yeni qüvvələr İrəvanla münasibətlərdə bu amili nəzərə almalı idilər. Ancaq məlum olur ki, bu, belə deyil. Ermənistandan Suriyaya rəsmi səfərlər, tərəflər arasında təmaslar davam edir. Əlaqələr qurulur, əməkdaşlıq edilir. Nə baş verir? Dünənə qədər Ermənistan Suriya xalqının başına oyun açan Əsəd rejiminin yanında idi, onu dəstəkləyirdi. Suriyada yeni qüvvələr hakimiyyətə gələndən sonra Ermənistan yenə orada peyda olub və qardaşlıq davam edir. O zaman nədir bu? Yeni qüvvələr bilmir ki, Ermənistan hər zaman Əsəd rejiminin tərəfdarı olub?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, ermənilərin Suriyaya kütləvi köçürülməsi Osmanlı imperiyası dövründə baş verib: “Bu hadisə o zaman baş verdi ki, Osmanlı dövlətinin başı dərddə olduğu zaman xarici düşmənlərlə mübarizə apardığı ağır vaxtlarda ermənilər üsyana qalxaraq imperiyanı içəridən parçalamağa cəhd etdilər. Buna görə də Osmanlı dövləti ermənilərə silahı yerə qoyub təslim olmağı, əks halda sürgün olunacaqlarını bəyan etdi. Ermənilər ikinci yolu seçib Suriyada məskunlaşıblar. Elə o zamandan, Suriyadakı müasir erməni icması 1920-ci illərin əvvəllərində Qərbi Ermənistan və Kilikiyadan olan erməni qaçqınlarından formalaşıb. XX əsrin ortalarından Yaxın Şərqdə davam edən siyasi qeyri-sabitlik səbəbindən Suriya ermənilərinin Avropa ölkələrinə mühacirət etməsinə baxmayaraq, vətəndaş müharibəsinin başlanmasına qədər xeyli sayda erməni hələ də Suriyada, xüsusilə Hələbdə, həmçinin Dəməşq, Homs, Latakiya, Kessab, Qamışlı, Tartus və s məntəqələrdə yaşayırdı. Erməni icmasının öz kilsələri, milli məktəbləri, qəzet və jurnalları, mətbəələri, gənclər, mədəniyyət, xeyriyyə və idman mərkəzləri, soydaş birlikləri fəaliyyət göstərib. Hətta Suriyada Erməni Apostol Kilsəsinin iki yeparxiyası var: Beriya (Hələb) və Dəməşq. Bütün bunları ona görə xatırladıram ki, Suriyada erməni dayaqları çox möhkəm tellərlə bağlıdır. Hələ sovetlər dövründə sovet Ermənistanı ilə Suriya erməniləri arasında dərin bağlantı mövcud olub. İndiki Ermənistanda yaşayan azərbaycanlıların 1947-ci illər deportasiyası zamanı əsas hədəflərdən biri də orada minillər boyu məskunlaşmış əhalini oradan çıxarıb yerinə Suriya ermənilərini yerləşdirmək olub. Bu, zaman-zaman həyata keçirilən siyasət olub. Azərbaycanın əraziləri işğal altında olanda Suriyadan xeyli sayda erməni Qarabağ ətrafında məskunlaşdırılıb. Bütün bunlar azmış kimi, Əsəd rejimi Ermənistana hər zaman bütün sahələrdə – maddi, hərbi, siyasi dəstəyini göstərib. İndi vəziyyət bir az fərqlidir. Bəşər Əsədin qaçmasından sonra Türkiyə amili önə çıxdı. Ancaq məsələ burasındadır ki, yuxarıda qeyd etdiyim kimi, Suriya ermənilərinin bu ölkədə güclü dayaqları var. Paradoks ondadır ki, Əsədin yanında yer alan erməni icması bu gün də siyasi arenada qalmada davam edir. Onların erməni hakimiyyət nümayəndələri ilə görüşləri, əlaqələr, narahatlıq doğuran məsələlərdəndir. Fikrimcə, bu məsələ də yaxın vaxtlarda öz həllini tapacaq. Yəni yeni formalaşan hakimiyyət Əsədin yanında yer alan erməni icmasının nümayəndələrini bu proseslərdən uzaqlaşdırmağı bacaracaq. Burada Türkiyə-Azərbaycan amili önə çıxacaq. Məhz bundan sonra Əsəd rejiminin tərəfdarları tarixin arxivinə atılacaq”.