NIPA-30

Gənclərin irəli getməsinin əsas şərti

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm məsələlər barədə açıqlamalar verib. Dövlət başçısı xatırladıb ki,  Azərbaycan Qoşulmama Hərəkatına uğurla ev sahibliyi edib: “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq”.

Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən dövlət başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz eyni zamanda Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq”.

Bu yaxınlarda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, dəyişən dünyada ənənəvi dəyərlər pozulur, məhv edilir. Nazir müavini diqqətə çatdırıb ki, BMT-nin nizamnaməsinə uyğun gəlməyən hallar müşahidə olunur: “Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Biz Türk Dövlətləri Təşkilatını qurmuşuq. Hər il bu təşkilat güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir. Ölkələr müstəqil qərar qəbul etmək iqtidarında olmalıdırlar. Ölkələr milli maraqlarını üstün tutmalıdır. Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz, əgər dünyada öz yerinizi müəyyən etmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır”.

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bir çox cəhətdən yaddaqalan olub. Deputatın sözlərinə görə, Azərbaycanın sədrliyi dövrü həm təşkilatın inkişafı, həm daha ciddi formada formalaşması və bütövlükdə dünya siyasətinə bu və ya digər formada təsir etmə baxımından uğurlu dövr kimi yadda qalıb: “Azərbaycanın sədrliyi dövründə təşkilat çox ciddi layihələrlə gündəmə gəldi. Sədrliyimiz dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, o cümlədən Gənclər Təşkilatı və Qadınlar Platforması yaradılıb. Bu, təbii ki, uğurlu fəaliyyət kimi dəyərləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi pandemiya dövrünə təsadüf etdi. Dövlət başçısının vurğuladığı kimi, COVİD zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırıb. Prezident xatırladıb ki, o ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Azərbaycan müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək verib. Eyni zamanda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı edib. Sonrakı dövrdə də Azərbaycan təşkilatda təmsil olunan ölkələrə müəyyən platformalarda dəstək nümayiş etdirib”.

A.Əlizadə xüsusilə Gənclər Təşkilatının yaradılması ilə bağlı da fikirlərini bölüşdü: “Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan təkcə parlament şəbəkəsinin deyil, gənclər şəbəkəsinin yaradılmasının da təşəbbüskarıdır. Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib. Hər bir platforma, təşkilat yaxud hərəkatda gənclərin rolu olduqca önəmlidir. Gənclər daha kreativ təkliflər irəli sürməklə, prosesdə daha aktiv iştirakla, hadisəyə yeni, fərqli baxış bucağı təqdim etməklə uğurlu nəticələrin əldə olunmasına töhfə verə bilirlər. Bu mənada Gənclər Təşkilatının formalaşması ilə Azərbaycan gələcəkdə təşkilatın uğurlu inkişafına töhfə vermiş oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı onu da qeyd edib ki, Tramp Administrasiyasının indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq: “Qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir, eyni zamanda Qlobal Cənubun bir hissəsidir. Bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var”.

İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.