NIPA-30

Afsəddin Nəbiyev: “Tramp ölkəmizin Cənubi Qafqazdakı önəmli rolunu mütləq nəzərə alacaq”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Tramp ikinci prezidentlik dövründə Azərbaycanın bölgənin ən güclü dövləti olduğunu nəzərə alacaq, ABŞ-ın milli maraqlarına uyğun siyasət aparacaq və ABŞ-Azərbaycan münasibətləri daha fəal olacaq:

“Ona görə də ikinci prezidentliyi dövrü, – əlbəttə ki, bu mənim qiymətləndirməmdir, – birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırıla bilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik”.

Prezident Əliyevin bu dediklərindən sonra Donald Trampın Prezident Əliyevə ünvanlandığı təbrik məktubunda əksini tapan məqamlar ABŞ-ın Azərbaycana necə ciddi önəm verdiyini göstərir. Təbrik məktubunda deyilir: “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Məktubda Trampın “mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbrsizliklə gözləyirəm” deməsi, artıq Əliyevin çağrışına cavab vermək deməkdir. Trampın Azərbaycanla işləmək marağında olmağı deməkdir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacağı gözləntiləri bütün dünyanın diqqət mərkəzindədir: “Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığı hamıya məlumdur. Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini hər zaman vurğulayan dövlət başçısı olmaqla yanaşı, dövlətlər arasında qarşılıqlı etimadın davamlı olmasını həm də praktiki fəaliyyətində sübut edib. Təəssüf ki, biz bütün bunları Bayden hakimiyyəti dövründə müşahidə etmədik. Bayden adminstrasiyası dövründə Azərbaycana qarşı aparılan qarayaxma kompaniyası bəzi Avropa dövlətləri ilə birlikdə beynəlxalq aləmdə Azərbaycanın artan imicinə kölgə salmağa hesablanmış addımdır sırasındadır. Təbii ki, burada erməni diasporunun rolu danılmazdır. İndiki məqamda Trampın yeni dünya düzənində Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yaradıcısı olaraq Azərbaycan dövlətilə sivil münasibətlərin qurulmasında həlledici rol oynaya bilər. Bizim cağırışlarımız hər zaman davamlı sülhə nail olmaq üçün əsaslar yaratdığına görə ABŞ-ın yeni Prezidenti Donald Tramla fəal əməkdaşlıq, ikitərəfli faydalı əlaqələrin qurulmasına gətirib çıxaracaq. Tramp ölkəmizin Cənubi Qafqazdakı önəmli rolunu mütləq nəzərə alacaq. Bu isə Birləşmiş Ştatlar-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə keçməsində özünü göstərəcək. Trampın məktubunda əksini tapan məqamlar bütün bu deyilənlərə işarədir. O üzdən, hesab edirəm ki, Prezident Əliyevin səsləndirdiyi fikirlər özünü doğruldacaq”.