NIPA-30

Deputat yağışın fəsadlarından danışdı: “Görünən budur ki, problemi əvvəlcədən önləmək mümkün deyil”

“Gecədən yağan yağış növbəti dəfə də şəhər nəqliyyatını iflic vəziyyətə gətirib. Təəssüf ki, hər dəfə bu cür təbiət hadisəsindən sonra ciddi fəsadlarla üzləşirik. İnsanlarımız yollarda qalırlar, iş yerlərinə çatmaq müşkülə çevrilib. Xüsusilə, Bakı ətrafı kəndlərdən, qəsəbələrdən şəhər istiqamətinə doğru yollar faktiki olaraq “məhdudlaşdırılıb” deyilir, amma bağlıdır. “Bağırov” körpüsü, eləcə də “Dərnəgül” istiqaməti və digər bir çox körpülərin altı su ilə dolub. Baxmayaraq ki bütün mövcud qurumlar prosesə cəlb edilib, FHN, DİN əməkdaşları səhər saatlarından yollardadırlar. Daha böyük problemlərin qarşısını almaqla məşğuldurlar. Amma görünən budur ki, problemi əvvəlcədən önləmək mümkün deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, problemin kökü kanalizasiya xətlərinin olmaması, şəhər ətrafı sənədsiz evlərin tikintisi ilə bağlı məsələlərə diqqətlə yanaşılmaması, kommunikasiya xətlərinin lazımi səviyyədə qurulmamasındadır: “Bütün bunlar bu gün belə fəsadlara yol açıb. Təbii ki, hər dəfə müvafiq qurumlar tənqid olunur. Xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti. Məsələyə obyektiv yanaşsaq, problemin kökündə bu dayanır ki, kanalizasiya xətləri yenidən qurulmalıdır. Bunun üçün çox böyük vəsait tələb olunur. Yaxın zaman kəsiyində bunu həyata keçirmək mümkün görünmür. Xüsusilə belə bir vəziyyətin yaranması insanların ciddi narahatlıqlarına səbəb olur. Hər dəfə çox ciddi fəsadlarla yadda qalır, evlər su altında qalır, maşınlara ciddi zərər dəyir. Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bilavasitə kurasiyasında olan ağacların budanması, təhlükəli ərazilərdə ağacların kəsilməsi kimi işlər vaxtında yerinə yetirilmir. Şəhərin yaşıllaşdırılmasına, ağacların əkilməsinə ciddi fikir vermək lazımdır, amma zamanında Bakı şəhərinin iqliminə uyğun olmayan qovaq ağaclarının əkilməsi bu gün ciddi problemler yaradır. Vaxtında budama işlərinin aparılmaması, eləcə də digər təhlükə mənbəyi hesab olunan ağacların budanmaması fəsadlara yol açır. Ağaclar maşınların üzərinə aşır… Bu gün də artıq belə faktla üzləşmişik. Mənim yaşadığım ərazidə, həyətimizdə də növbəti dəfə ağacların aşmasına şahidlik edirik. Təəssüf ki, bu məsələyə ciddi diqqət yetirilmir. İlk növbədə Azərbaycan insanının belə problemlərlə üzləşməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Belə havalarda “ictimai nəqliyyata üstünlük verilsin” deyə təkliflər edilir, amma ictimai nəqliyyatın hərəkətində, eyni zamanda yeraltı nəqliyyatla, dəmiryol infrastrukturu ilə bağlı çox ciddi problemlər var. Artıq qurumlar da bunu etiraf ediblər. Açıqlamalar verilib. Amma təəssüflər olsun, yenə əvvəlki dönəmlərdə olduğu kimi bu cür acınacaqlı durumla qarşılaşdıq”.